Vasif Talıbovun oğlu da heyrətləndirir... - Məzələnirlər?..

15:59 13-07-2022 621

İslam dininə görə, qurban ancaq bu heyvanlardan kəsilə bilər: qoyun, mal və dəvə. Toyuq, qaz, hind quşu və s. kimi ev quşlarını qurban kəsmək yolverilməzdir.

 


Müsəlmanlardan fərqli olaraq, ABŞ-da Şükran günü münasibətilə hind quşu kəsirlər. Yəhudilərdə isə toyuqlar qurban kimi kəsilir. Onlar qurban toyuğunu bir neçə dəfə başlarına dolandırdıqdan sonra onu yerə uzadıb başını bədənindən ayırırlar. Yəhudi inanışına görə, qurban sahibinin başına dolandırılarsa, bəndənin gühanı toyuğa yüklənir. Sonra onun başı kəsilərək qurbanla bərabər günahlar da “təmizlənir”.

Naxçıvan MR-da isə “xan” həzrətləri deyəsən, İslam dininə yəhudi gələnəyi gətirməyə başlayıb. Söhbət ondan gedir ki, Vasif “xan”ın xırda oğlu Seymur müəllim Qurban bayramında Naxçıvan əhlinə toyuq əti paylayıb. Özü də donmuş toyuq ətindən.

Xalqxeber.az-ın məlumatına görə, bunu Muxtar Respublika sakinləri iddia edirlər.

"Gündəlik Naxçıvan"a bu barədə məlumat verən Naxçıvan sakinlərinin sözlərinə görə, toyuqlar Ali Məclisin sədri Vasif Talıbovun oğlu, həm də müavini Seymur Talıbovun adından paylanıb. Bayram günü əhaliyə təklif olunub ki, hər kəs bir ədəd toyuğu Naxçıvan şəhərindəki Came məscidindən götürə bilər.

Bu elanda sonra toyuq payını almaq üçün məscidə xeyli adam toplaşıb. Naxçıvan şəhər sakini A. Babayev deyir ki, ona da toyuq təklif olunmasına baxmayaraq, götürməkdən imtina edib:

"Mən həyatımda birinci dəfədir görürəm ki, qurban bayramında toyuq paylasınlar, həm də donmuş. Bunlar camaatı nə hesab edirlər, bilmirik. Əgər savab qazanmaq istəyirsən, 3-4 dana kəs, payla. Onsuz da bizdən taladıqları pullardır, bayram günü 5-10 manat xərcləsələr nə olar? Gör insanları nə günə salıblar ki, bir kilo toyiğa möhtac olublar. Bu, əhalini ələ salmaqdır. Mənə də təklif olundu, imtina etdim. Başlarına dəysin".

Digər şəhər sakini Namiq Abdullayev isə, aksiyanı keçirənlər təşəkkür edir:

"Neçə vaxtdır dilimizə ət dəymirdi. İş yox, güc yox. Çörək pulu tapa bilmirik, əti necə alacağıq? Bizim ailədən 3 nəfər getdik, 3 kilo donmuş toyuq əti verdilər. Yəqin dana kəsməyə imkanları çatmayıb. Buna da bərəkət".

Bunlar öz yerində. Bizi maraqlandıran bir başqa məsələdir. Görəsən, Seymur Talıbov Naxçıvan əhlinə payladığı donmuş toyuq qurbanını başına dolandırmışdımı? Dolandırmamışdısa, yəhudi dininə görə, onun qurbanı qəbul olunmur. İslam dini də toyuğu qurban kimi qəbul etmədiyindən Seymur müəllimin çəkdiyi xərc havaya sovrula bilər.

 

XalqXeber.Az

0.19994688034058