Qazilərin qiyaməti: qanları qurumamış canlarına niyə qıymalıdırlar?! - NƏ ETMƏLİ?

16:07 13-07-2022 468

İkinci Qarabağ müharibəsində iştirak edən, "Mauqli” ləqəbi ilə tanınan qazi Elvin Cəfərov üç gün öncə Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandırıb. Dünən isə “Mauqli” Bakıda müalicə aldığı 5 saylı xəstəxanada vəfat edib. Onun bədəninin 70 faizdən çox yandığı bildirilirdi.

 


Ötən həftə isə Şəmkir rayonunun Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurmuşdu. Onun intihara cəhdinin qarşısı alınmış, alov söndürülmüşdü. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

Qazilərin intiharı sosial şəbəkələrdə ciddi müzakirəyə çıxarılıb. Əksəriyyət Vətən uğrunda canını qoymuş insanlara məmurların biganə münasibətindən gileylənir, məmurların qaziləri eşitməməsi, problemlərini dinləməməsi, qayğı göstərməməsi kimi halların sonunda intiharlarla nəticələndiyini bildirir. Cəmiyyət hesab edir ki, qazilərin şikayətini dinləməyən, problemlərini həll etməyən aidiyyati qurumların rəhbərləri ən sərt şəkildə cəzalandırılmalıdır.

Xalqxeber.az-ın məlumatına görə, qazilərin intihar səbəbləri haqqında AYNA-ya danışan Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Rey Kərimoğlu hazırkı vəziyyətdən təəssüfləndiyini deyib: “Təəssüflər olsun ki, tez-tez qazilərimizin, xüsusilə də Vətən müharibəsində qazi olmuş qardaşlarımızın intiharlarını, intihara cəhdlərini izləyirik, görürük. Bu, üzücü haldır. Burada səbəb odur ki, sözügedən təbəqə ilə işlənilmir”.

Qazi xatırladıb ki, ölkə Prezidenti müharibədən dərhal sonra qazilərimizin problemlərinin həlli istiqamətində göstərişlər verib: “YAŞAT Fondu yaradıldı, orada müəyyən işlər görüldü. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qazilərlə işləyən struktur yaradıldı, rayon icra hakimiyyətində bu insanlarla işləməli olan aidiyyəti bölmələr yaradıldı. Amma bu qurumların 95 faizi işləmir. Bu təbəqə ilə aidiyyəti qurum və şəxslərin işləməməsi sonunda belə problemlərin yaranmasına səbəb olur”.

Kərimoğlu hesab edir ki, istər Birinci Qarabağ müharibəsi qaziləri olsun, istərsə də İkinci Qarabağ müharibəsi qaziləri – bunları birləşdirən vahid bir təşkilata ehtiyac var: “Həmin təşkilat dövlət dəstəyi ilə fəaliyyət göstərməlidir. Vahid Əlaqələndirmə Mərkəzi yaradıldı, amma biz deyən formada işləyə bilməz. Bizim təklif etdiyimiz odur ki, dövlətin yaratdığı bir qurum olsun, ofisi olsun, sabah qazi dərdini deməyə gələndə orada qarşılansın, eşidilsin. Problemi dinlənilsin və aidiyyəti qurumlarla danışılıb həll edilsin. O problemi olan qazi müraciət etməyə ünvan tapmır, müraciət etdikləri dövlət qurumları bir-birinin üstünə atır, sonda da qazi özünü yandırır, asır və s. Bu, qalib dövlətin imicinə zərbədir”.

Həmsöhbətimiz xüsusilə, gənc qazilərin problemlərinin dərhal həll edilməsini vacib sayır: “Bunlar müharibədən təzə gəliblər, psixoloji durumları tam düzəlməyib, ağrıları təzədir. Onlara daim diqqət lazımdır. Biz dövlət olaraq, cəmiyyət olaraq bu gənclərin yanında olmalıyıq ki, onlar özlərini yalnız, kimsəsiz hiss etməsinlər, intihara əl atmasınlar”.

“Ölkədə qazilərə münasibət köklü dəyişməlidir. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın dediyi, göstərdiyi qayğı olmalıdır. Əks təqdirdə problem çözümünü tapmayacaq. İndi deyirik ki, icra hara baxır və s. Fərarilər oturub qazilərin, şəhid ailələrinin problemləri ilə məşğul ola bilməzlər. Məsələ bu qədər sadədir”, - deyə Kərimoğlu vurğulayıb.

Onun sözlərinə görə, qazilərin qədri-qiymətinin bilinməs bir nömrəli məsələ olmalıdır: “Cəmiyyət qiymət verir, amma məmurlardan bu qiymət görünmür. Yanaşma fərqli olmalıdır. Ola bilər ki, qazinin pensiyası az olsun, ehtiyacını ödəməsin. Amma yanaşma düzgün olmalıdır ki, bu problemlər də həllini tapsın. Adi bir misal çəkim: müharibədə odun-alovun içərisində olmuş adamlar qalıb kənarda, Bakıdan kənara çıxmayana medallar, komandirlərdən təşəkkürnamələr gəlir. Bu, əlbəttə qıcıq yaradacaq. Bu kimi hallara son qoyulmalıdır”.

Ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov da AYNA-ya deyib ki, məmurlar tərəfindən qazilərə qarşı biganə münasibət mövcuddur: “Müəyyən nazirliklərdə, icra orqanlarında qazilərin şikayətlərinə, problemlərinə laqeyd münasibət göstərilir ki, bu, Vətən müharibəsi iştirakçılarını daha da qəzəbləndirir. Bütün dünyada müharibə yolu keçən, yaralanan, öz silahdaşlarını itirən insanlarla bağlı dövlət proqramları həyata keçirilir. Onların həyata uyğunlaşması, reabilitasiyası üçün işlər görülür. Lakin bu işlər bizdə yetərincə doğru və şəffaf həyata keçirilmir”.

“Məsələn, reklam edirlər ki, qaziyə protez alınıb. Bunu reklam etmək nəinki ayıbdır, hətta belə şeylər doğru deyil. Qazilərin psixoloji vəziyyətinin qaydaya salınması üçün işlər görülməlidir. İnsan lazım olanda istifadə olunub sonra unudulmamalıdır”, - deyə müsahibimiz söyləyib.

Onun fikrincə, əgər vəziyyət düzəlməsə, məmurlar, dövlət qurumları onların məsələlərinə biganə yanaşsa, daha çox belə hadisələrlə üz-üzə qalacağıq: “Çünki qaziləri dinləmək istəyən, onların problemini həll etmək istəyən çox az məmur var. Dəfələrlə bildirilib ki, bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərilməlidir. Sözdə hər şey əladır, diqqət də, qayğı da var. Amma daha bir qazi intihar etdi. Niyə bunlar baş verməlidir? Əgər bu insan ən ağır dönəmi keçibsə, niyə indi gərginlik olmadığı halda intihar edir? Ona görə ki, biganəlik görür, hansısa problemlə baş-başa qalır və onun üçün ölüm yolu 2x2 qədər asan olur”.

Polkovnik qeyd edib ki, icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin işi sıfır səviyyəsindədir: “Təsəvvür edin ki, həmin vəzifədə olan insanları da məmurlar öz təsirlərinə salıblar. Onların ən ümdə vəzifəsi bu gün şəhid və qazi ailələrinin probleminin həlli istiqamətində çalışmaq olmalıdır”.

“O qurumların hamısını ləğv etmək lazımdır. Ölkədə qazi, şəhid ailələri, müharibə veteranları ilə məşğul olan bir qurum yaradılmalıdır ki, insanlar Nazirlər Kabinetinə, Prezident Administrasiyasına və başqa yerlərə getməsinlər, özlərini yandırmasınlar. Həmçinin o mərkəzdə “qaynar xətt” olmalıdır ki, insanlar öz problemlərini deyə bilsinlər”, - deyə Cəfərov fikrini yekunlaşdırıb.

 

 

0.23100304603577