DAĞLAR QOYNUNDAKI DİYAR
LERİK HAQQINDA DÜŞÜNCƏLƏR

16:20 13-07-2022 396

Gecənin qaranlığı bizi Bakının isti və bürkülü havasından qoparıb Azərbaycanın səfalı güşəsi olan Cənub bölgəsinə - dağlar qoynunda özünə yer tapan Lerikə doğru aparır. Yollar bom-boş və tıxacsızdır... Təəccüb bizi götürür... Hətta daxilimdə gülümsəyirəm də... Axı, Bakıda daim tıxac və sıxlıq olur. Gecənin işıqları da başqa bir aləmdir! Marşrutumuz Ələt yolunda əylənir və sürücünün (öyrənirəm ki, “Sprinter” markalı minik maşınını sərnişinlərin böyük hörmətini qazanmış Hacı Qəhrəmandır) - “Kimsə dükandan nəsə istəyir?” sorğusu ani olaraq, məni yuxudan oyadır... yuxulu gözlərlə qeyri-ixtiyari olaraq sual dolu nəzərlərlə qızıma tərəf baxıram: “Mən heç nə istəmirəm” – deyə sualımı hiss edən qızım ona cavab verir...
Yolumuza davam edirik. Mikroavtobus “İpək yolu” ilə şütüyür. Cənublular dünya standartlarına cavab verən belə hər cür rahatlığı olan yolun həsrətini çox çəkmişlər. Yolların sehrinə düşüb yenidən nə zaman gözlərimin qapandığını hiss etmədən yuxuya gedirəm. Yollar sanki həzin bir simfoniyanı ifa edir. Qızım Sultanə isə çoxdan yuxuda idi. Axı, bu vaxt uzaq yola düşmək onun üçün adi bir hal deyildi...
Yollar bizi gedəcəyimiz ünvana doğru aparır. Dağların ovcunda yerləşmiş Lerikə çatmağımıza az qalır... Lerikin məşhur dolanbac yolları ilə üzü yuxarı qalxaraq, gözlərimi açıram. Hətta bura nə zaman çatmağımızı da bilmirəm. Azərbaycanda məşhur olan müqəddəs ziyarətgah olan Bobagil Türbəsini keçəndə sərnişinlərdən biri qutuya nəzir atır. Deyilənə görə, bu tarixi türbənin mistik gücü var. İnsanların inamını həmişə doğruldur və mətləblərini hasil olur. Bobagilin əsl adı Əkkaşə ibn Mövsüm Əsədidir, 1578-ci ildə Biyəpuş ordularına qarşı vuruşmada şəhid olmuş və Bobagil türbəsində dəfn edilmişdir.
Yolboyu istirahət mərkəzləri, kirayə evlərin elanları, Pik-niklər adlı sərlövhələrə rast gəlirik. Kəndlərin dağlar qoynundan görünən mənzərələri insanı yaşamağa, daim qurub-yaratmağa sövq edir. Lerikin içərilərinə doğru getdikcə havanın təmizliyi, yaşıllığın heyranedici mənzərələri, əzəmətli dağların məğrur duruşu adamı valeh edir. Elə məhz, təbiətin bu cür saflığı, mətinliyi dağlar qoynundakı bu gözəl məkanın insanlarının da gözəl və saf qəlbə, mətin iradəyə malik olmasından xəbər verir. Biz bunu cəfakeş ziyalı, özünü unudub başqasının qeydinə qalan, saysız-hesabsız məqalələrin, 15 kitabın müəllifi və 50-yə yaxın kitabın redaktoru olan Əməkdar jurnalist İdris Şükürlünün timsalında aydın gördüm.
Lerik rayonunun insanları – böyükdən-kiçiyə hamı zəhmətsevər və torpağa bağlıdır. Onlar əkinçilik, maldarlıq və kənd təsərrüfatı ilə, kiçik sahibkarlıqla məşğul olurlar. Hələ sübh tezdən iribuynuzlu mal-qarasını, qoyun-quzusunu öyrüşə çıxaran çobanları, naxırçıları demirik. Onların çörəyi halal zəhmətdən çıxır.
Uzun səfərdən sonra mənə Şuşanı xatırladan Lerik şəhərinə çatırıq. Lerikin girəcəyində şəhidlərin Xatirə kompleksi ucaldılıb. Bura lerikli gənclərin and yeridir. Lerikin mərkəzində isə II Qarabağ müharibəsinin qəhrəmanı, tank taborunun komandiri, mayor Amid Heydərovun adını daşıyan parkda onun büstü ucaldılıb. Abidənin önünü həmişə təzə-tər çiçəklər bəzəyir. Şəhid zabitlər Ramil Ağayev və Əliqismət Bədəlovun, Altay və Elgün Mövlanovların, Elnur Əsədullayevin və onlarla qəhrəmanların adı Zəfər tariximizə yazılmışdır. Eşq olsun onlara və onları dünyaya gətirən analara!!!
Lerikin mərkəzində yerləşən xudmani qonaq evi bizə doğmadır. Burada ömrünün çoxunu insanlara xidmətdə keçirən Hüseynbaba Təhməzovun qonaqpərvərliyi bu doğmalığı daha da artırdı. Burada bir gün istirahət etdikdən, güc topladıqdan sonra “Allah, Məhəmməd ya Əli” deyibən yola çıxdıq. B
Bizi qarşıda Lerikin tanınmış ziyalıları, zəhmətsevər adamları, uzunömürlüləri, şeir-sənət sahibləri və xalq sənətini indi də yaşadan, sözlü-sovlu ağbirçək nənələrlə, Lerikin qədim yaşayış məskənləri, ziyarətgahları, nadir ekologiyası müharibədə şəhid olanların vslideynləri ilə görüşlər gözləyirdi...
Hələlik, görüşənədək...

SƏADƏT SULTAN
redaktor müavini,
Lerik şəhərilerik.jpgLERİK SEHER.jpgSELALE.jpg

0.27521705627441