“Problemimiz Milli Məclisin qəbul etdiyi qərardır” - Qazilər BƏYAN ETDİ

13:30 15-07-2022 234

Deputat Bəhruz Məhərrəmov bildirib ki, qazilər üçün xüsusi komitənin yaradılmasına ehtiyac var. O, bildirib ki, ilk növbədə biz ümumi vətəndaşlar üçün kriteriya və prosedurları qazilərə tətbiq etməməli, qazilərə əlahiddə yanaşmalıyıq:

 


“Bu mənada hesab edirəm ki, zamanında qaçqın və məcburi köçkünlərə münasibətdə olduğu kimi, qazilərin işləri ilə bağlı komitə, yaxud agentliyin yaradılmasına ehtiyac var. Çünki qazilərin bir qismi, xüsusən baş-beyin travmaları almış insanların psixoloji durumu, səhhətləri xüsusi yanaşma tələb edir. Digər tərəfdən, qazilərin çoxunun problemləri faktiki eyni xarakterlidir və daha az enerji və resursla dövlətin iradəsinə müvafiq olaraq bu problemləri mərkəzləşmiş qaydada həll etmək mümkündür”.

Xalqxeber.az xəbər verir ki, Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu deputatın təklifini yüksək qiymətləndirib. O, “Sherg.az”a açıqlamasında qeyd edib ki, millət vəkilinin fikirlərini alqışlayır:

“Çox sağ olsun. Belə təkliflər illərdir, bizim dilimizdən səslənir, amma eşidən yoxdur. Ümid edirəm ki, millət vəkilinin haqlı, ədalətli və problemin yeganə çıxış yolu olan təşəbbüsünü digər deputatlar da dəstəkləyəcək. Bu hər kəsə faydalı olacaq”.

Qarabağ qazisi, ehtiyatda olan XTQ giziri Natiq Mehdiyev isə depuatatın təklifi ilə razılaşmayıb:

“Bununla bağlı heç bir agentliyin, şuranın yaradılmasına ehtiyac yoxdur. Nə qədər şuralar, agetliklər yaradılacaq? Bütün rayonların icra hakimiyyətlərində qazilər və şəhid ailələri üzrə şöbələr var, “YAŞAT” Fondu var. Sadəcə bizim ən böyük problemimiz Milli Məclisin qəbul etdiyi qərardır. O qərarda döyüşdən gələn vətəndaşlarımıza heç bir güzəşt və imtiyaz yoxdur.

Adam yaralanıb, sağalıb, əlilliyi yoxdur, yalnız veteranlığı var. Ancaq ona heç bir güzəşt yoxdur. Bunlarla bağlı yeni qərarlar qəbul olunmalı, onlara da bəzi imtiyazlar verilməlidir. Kimsə deyəcək ki, 80 manat imtiyazları var da... 80 manatla kim ailə saxlaya bilər? Əlbəttə, ki heç kim.

Fikrimcə, bəzi tələbələr və qanunlar qüvvəyə minməlidir ki, dövlət və özəl şirkətlərdə işə qəbul zamanı qazilərimizə üstünlük verilsin. Bununla da onların həm maddi durumu, həm də cəmiyyət içində psixoloji vəziyyəti normallaşa bilər”.

 

XalqXeber.Az

0.23769593238831