Ağstafa İcra Hakimiyyəti İsa Muğannanın ev muzeyini yaratmağa İCAZƏ VERMƏDİ - Yazıçının qızından ŞİKAYƏT

13:41 15-07-2022 171

“İki ay öncə atam İsa Muğannanın Ağstafada ev muzeyinin yaradılması ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə yazılı şəkildə müraciət etdim. Onlar isə müraciətimlə maraqlanmadan, sadəcə bunun “mümkün olmadığını” bildirən cavab məktubu göndərdilər”.  bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Xalq Yazıçısı İsa Muğannanın yeganə övladı Sevinc Muğanna səsləndirib.

 


Sevinc Muğannanın sözlərinə görə Ağstafa Rayon İcra Hakimiyyətindən bir nəfər belə olsun mərhumun qızının müraciəti ilə maraqlanmadan, müraciətə yazılı sürətdə rədd cavabı verməklə kifayətləniblər.

“Hətta cavab məktubunda konsitutsiyadan və qanunlardan sitatlar gətirərək, bunun mümkünsüzlüyünü izah etməyə çalışıblar. Bu mənə ona görə təəccüblü göründü ki, mən onlardan mümkünsüz heç nə istəməmişəm. Həm ev, həm də ora yığılacaq kitab və eksponatlar hazır şəkildədir ki, bunu reallaşdırmaq Ağstafa Rayon İcra Hakimiyyətindən elə də böyük maddi vəsait və qüvvə tələb etmir. Mən ki, onlardan atamın adına xiyaban və park salınmasını deyil, sadəcə yaradıcı materiallarını qorumaq üçün ev muzeyinin yaradılmasını istəmişəm”.

Açıqlaması zamanı Sevinc Muğanna bildirib ki, mərhum yazıçının doğma kəndindəki ev muzeyinin yaradılması İsa Muğannanın özünün də arzsu olub:

“Bu ev atam üçün ona görə dəyərli idi ki, onu məhz filmlərdən aldığı qonorarla almışdı və sanki o evin divarlarına sənətkarın yaradıcı ruhu hopmuşdu. İsa Muğannanı tanıyanlar onun gəncliyində necə keşməkeşli həyat yaşadığını bilirlər. Atası vəfat etdikdən sonra anası onun doğma kəndi Muğanlıdan çıxır və yalnız uzun illər sonra İsa Muğanna bu evi alandan sonra anası bu kəndə qayıdır. Muğanlı kəndini atam öz imzasında həmişə yaşatmağa çalışıb. Atam təqaüdə çıxdıqdan sonra isə ömrünün böyük bir hissəsini məhz bu evdə yaşamışdı. İsa Muğanna sağlığında mənə məhz o evdə əlyazmalarının və kitablarının qorunub saxlanmasını vəsiyyət etmişdi. Atam vəfat etdiyi zaman mən ona Muğanlıdakı ev muzeyində əlyazmalarını qoruyacağımla bağlı söz verdim. Amma görürəm ki, indi tək başına bunu bacarmayacağam”.

Mərhum yazıçının qızı həmçinin böyük yazıçı İsa Muğannanın ev muzeyinin yaradılmasına haqqı çatan sənətkarlardan olduğunu bildirərək, aidiyyatı qurumları sənətkarın xatirəsinin əbədiləşdirilməsində ona kömək etməyə çağırıb:

“İsa Muğanna Azərbaycan ədəbiyyatının ölməz “Məhşər”-i və “İdealı”-dır. Müasir ədəbiyyatımızın simalarından biri olan ədibin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr danılmazdır. Mübaliğəsiz deyə bilərəm ki, onun ədəbi əsərləri və senariləri əsasında ekranlaşdırılan Azərbaycan Sovet Kinosunun bu gün də sevərək izlənilən “Nəsimi”, “Nizami”, “Tütək Səsi” kimi filmləri Azərbaycan xalqının maddi-mənəvi sərvətləri sırasındadır.

Bunları nəzərə alaraq başda hörmətli prezidentimiz İlham Əliyev cənabları olmaqla, Mədəniyyət Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinə görkəmli yazıçının Muğanlıda ev muzeyinin yaradılması ilə bağlı müraciət edirəm.

Xüsusilə də, 2023-cü ildə görkəmli yazıçımız İsa Muğannanın 95 illik yubileyi tamam olur. Cənab prezidentimiz İlham Əliyev İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Düşünürəm ki, ədibin 95 illik yubileyinin keçirilməsi ilə də bağlı dövlətimiz öz dəstəyini əsirgəməyəcək. İsa Muğanna sağlığında dövlət tərəfindən bütün mükafatlara haqlı olaraq layiq görülmüşdü. Vəfat etdikdən sonra Xalq Yazıçısının xatirəsinin əbədiləşdirilməsi baxımından ev muzeyinin yaradılması İsa Muğanna yaradıcılığına verilən ən böyük qiymət olardı”.

Bizim.Media

 

XalqXeber.Az

0.20230388641357