Ağ Şəhərdə ev aldılar, qara günləri başladı - “ERA TOWER” MƏNZİLLƏRİ TƏHVİL VERMİR

21:51 19-07-2022 306

Ağ Şəhərdə binalardan birinin sakinləri illərdir ev üzünə həsrət qalıblar.

 


Bina sakinlərinin sözlərinə görə, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.

“Etibarlı və güvənli olduğu üçün Ağ şəhərdəki binalardan ev almaq istədik”

Sakinlər bildirir ki, məhz etibarlı və güvənli olduğu üçün Ağ Şəhərdəki binalardan ev almaq qərarına gəliblər. Belə ki, “Era Tower” yaşayış binasından həmin sakinlərə kart da verilib. Həmin kart isə illərdi yolunu gözlədikləri evlərin ikinci şəxs və ya şəxslərə satılmaması üçün onlara təqdim edilib.

“Şikayət etmədiyimiz yer qalmayıb”

Şikayətçilər arasında elələri var ki, 6 ildən çoxdur öz evinin pulunu verib. Evlərin hər birinin satıldığı deyilir. Sakinlərin sözlərinə görə, “Era Tower”dan sonra tikintisinə başlanılan bütün binalar təhvil verilib. Məsələ ilə bağlı dəfələrlə Ağ şəhər layihəsinə, “Era Tower”in rəhbərliyinə müraciət ediblər. Hətta prezident administrasiyasına da məktub ünvanlanıb. Ancaq hələlik müraciətlər cavabsız qalıb.

Şikayətçilər bildirir ki, şirkətin rəhbəri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sabiq sədri Akim Bədəlovdur. Onun oğlu, şirkətin təsisçilərindən olan Aqşin Bədəlov isə evlərində yaşamaq istəyən sakinlərin şikayətinə “pulumuz yoxdur, tikə bilmirik” deyib. Hətta o, sakinlərə “hara desəniz şikayət edin” deyə, cavab verib. Onu da qeyd edək ki, məlumata görə, həmin şirkətin 4 təsisçisi məhz Bədəlovlar ailəsinin üzvləridir. Digər ortaq isə Əliyev Əziz Eyyub oğludur. Bir neçə gün əvvəl də bina sakinləri tikintinin qarşısına toplaşaraq, etiraz etmək istəyiblər. Lakin şirkət direktoru onlarla görüşə gəlməyib. Bir sözlə, “Era Tower” yaşayış binası sakinlərinin haqqı yeyilməkdə davam edir.

İllərdir öz halal mənzillərində yaşamağı gözləyən şikayətçilər problemlərinin tezliklə həll olunacağını və evlərin onlara təhvil veriləcəyi günü gözləyirlər.

Yaşayış binasını tikın şirkətdən açıqlama

İddialar ilə əlaqədar “Era Tower” yaşayış binalarının tikintisini həyata keçirən "MACAZ Construction" MMC-nin direktoru Rəşad İsmayılov ilə əlaqə saxlandı. Şirkətin direktoru bildirdi ki, “Era Tower” binasının tikintisi işlərinin geçikməsi Bakı Ağ Şəhər layihəsinin ofisindən icazə ala bilməmələrilə əlaqədardır:

“Pandemiyadan sonra şirkətimizin maliyyə vəziyyətində daha böyük çətinliklər yarandığından Bakı Ağ Şəhər layihəsinin ofisinə elektrik enerjisi və su təchizatı üzrə ödənişləri köçürə bilmədik. Bununla əlaqədar olaraq tikintimizə elektrik enerjisinin və suyun təchizatı dayandırılıb, tikinti işlərinə icazə verilmir”.

Rəşad İsmayılov qeyd etdi ki, pandemiyadan öncə də bir neçə dəfə problem meydana çıxıb, lakin 3-4 ay fasilələrdən sonra ödənişlər edilib və tikinti işləri bərpa olunub.

Rəşad İsmayılov bildirdi ki, yaxın 15-20 gün ərzində "MACAZ Construction" şirkətinin maliyyə çətinliyinin həllini tapacağı, Bakı Ağ Şəhər ofisinə borcların köçürüləcəyini və tikintinin bərpa ediləcəyini gözləyirlər: “Hətta biz binadakı satılmayan mənzilləri və qeyri-yaşayış sahələrini girov qoymaqla inşaatı bərpa etmək variantını da nəzərdə tuturuq. Qısa zamanda işləri bərpa etmək üçün gərgin çalışırıq. Tikinti materialları ilə bağlı problemimiz yoxdur, fasad materialları, qapı və pəncərələr tikinti sahəsindədir. Ofisdən icazə aldıqdan sonrakı 6 ay ərzində binanın tikintisini yekunlaşdıraraq alıcılara təhvil verməyi planlaşdırırıq”. //Marja//

 

XalqXeber.Az

0.26756715774536