Sahibkarların “anasını ağladan” sistem çalxalanır: - hədəf dəyişməkdir, yoxsa əl dəyişdirmək?

10:39 21-07-2022 423

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad edilib. Qeyd edək ki, sərəncama qədər DGK-nın “Azərterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov və digər yüksək rütbəli şəxslər həbs olunublar.

 


Sonradan Səfər Mehdiyevin yaxın qohumu Zeynal Tarquluyev də saxlanılıb. Mehdiyevin “qara kassası” hesab olunan Tarquliyev qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək iş adamlarından qanunsuz olaraq 100 milyonlarla manat vəsait toplamaqda ittiham olunur.

Dövlət başçısının digər sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. Komitə sədrinin səlahiyyətlərinin icrası da ona həvalə edilib. Ötən əsrin 90-cı illərindən gömrük orqanlarında fəaliyyətə başlayan Bağırov “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Son təyinata qədər isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

Görəsən, rəhbər dəyişikliyi və komitə daxilində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən həbslər gömrük sistemində əhəmiyyətli dəyişikliklərə səbəb olacaqmı? DİA.AZ-ın məlumatına görə, DGK sədrinin sabiq birinci müavini, professor Cümşüd Nuriyev AYNA-ya açıqlamasında deyib ki, Dövlət Gömrük Komitəsində həbslər bundan sonra da davam edəcək: “Gömrük dövlətin iqtisadi təhlükəsizliyini təmin edən bir orqandır. Amma görünən odur ki, Azərbaycanın iqtisadi təhlükəsizliyi təmin olunmur. Əgər iqtisadi təhlükəsizlik təmin olunsaydı, daxili bazarda bu qədər gərginlik olmazdı. Bu səviyyədə ərzaq inflyasiyası qeydə alınmazdı. Əgər ölkədə iqtisadi inflyasiya 12 faizdən bir qədər artıqdırsa, daxili bazarda ərzaq inflyasiyası 50 faiz civarındadır. Bu, kifayət qədər ciddi rəqəmdir”.

“Dövlət Gömrük Komitəsinin sədri dəyişdirildi. Komitə sədrinin səlahiyyətlərini icra edən Şahin Bağırovu şəsən tanıyıram. Etiraf edim ki, peşəkar gömrük işçisidir. Lakin onun üçün çox çətin olacağı qənaətindəyəm. Birincisi ona görə ki, Azərbaycanın Milli Gömrük Konsepsiyası yoxdur. Heç kəs bu 30 il ərzində bu konsepsiyanı işləmək istəməyib. Hansı ki, Azərbaycanın bazar modelinə uyğun olaraq bu konsepsiyanı hazırlamaq mümkün idi. İkincisi ona görə ki, Azərbaycanda yüksək səviyyədə inhisarçılıq mövcuddur. Bu problem təcili və qəti surətdə öz həllini tapmalıdır”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, gömrük kadrlarının hazırlanması keyfiyyəti də çox aşağıdır: “Baxmayaraq ki, Azərbaycanda Dövlət Gömrük Akademiyası fəaliyyət göstərir, digər təhsil ocaqlarında da gömrük ixtisasları mövcuddur, amma bunlar peşəkar kadrların yetişməsinə zəmin yaratmır. Gömrük sistemi kökündən dəyişməlidir. Azərbaycanda hansı bazar modelinə uyğun gömrük sisteminin olduğunu belə, bilən yoxdur. Bir var daxili bazarı stimullaşdıran gömrük sistemi, bir də var dövlətin daxili bazarını xarixi təsirlərdən qoruyan gömrük sistemi. Azərbaycan 25 ildir Ümümdünya Ticarət Təşkilatında məşvərətçi səslə iştirak etsə də, üzvlüyünü rəsmiləşdirə bilmir. Heç bunu istəmir də. Çünki biz bu quruma üzv olsaq, o zaman bütün subsidiyalar, gömrük və vergi rüsumları aradan qalxmalıdır. Buna gedəcəyimiz təqdirdə isə Azərbaycanın daxili bazarı məhv olar”.

“Ölkəmizdə sahibkarların kifayət qədər ciddi problemləri var. Daxili istehsalımız yox səviyyəyədir. 30 il ərzində Azərbaycan gömrük orqanları ölkəmizə bir şey verə bilməyibsə, bu müddət ərzində ancaq tənqid obyekti olubsa, mütləq bu qurumda köklü dəyişikliklər həyata keçirilməlidir. Bu dəyişikliklər kosmetik yox, kompleks və institusional formada olmalıdır”, - deyə Nuriyev vurğulayıb.

Əlavə edib ki, gömrük orqanları “regionçuluq oylağı”na çevrilib: “Təsəvvür edin ki, rəy yazan da eyni adamlardır, təsdiq edənlər də, sənəd verənlər də. Bu, açıq-aydın korrupsiya mexanizmidir. Burada hansı inkişafdan danışmaq olar? Gömrükdə idxal əməliyyatları zamanı məhsulun adını dəyişirlər. Daha ucuz məhsulla əvəz edirlər ki, dövlət rüsumu ödəməkdən yayınsınlar. Buna etiraz etdiyimə görə o zaman məni heç bir əsas olmadan işdən çıxardılar. Təmiz və vicdanla çalışan gömrükçüləri çoxdan yola salıblar”. Dia.az-ın məlumatına görə, iqtisadçı ekspert Pərviz Heydərov da AYNA-ya şərhində söyləyib ki, gömrükdə həyata keçirilən həbslər gözlənilən idi: “Çünki bu qurumda çox ciddi maxinasiyalar həyata keçirilir. Sahibkarlar kütləvi şəkildə Komitənin fəaliyyətindən narazılıq edirlər. Açıq şəkildə söyləmək olar ki, Dövlət Gömrük Komitəsi vətəndaşların ən çox narazı qaldığı qurumlardan biridir və buradakı özbaşınalıqlara, regionçuluğa, süründrüməçiliyə, qanunsuz ödənişlərə son qoyulmalıdır”.

“Bu gün Azərbaycanın daxili istehsal gücü zəifdir. Daxildə istehsal olunan məhsulların da xammalını əsasən xaricdən idxal edirik. Gömrük orqanları öz qanunsuz fəaliyyəti ilə nəinki sahibkarlara mane olur, şüurlu şəkildə ölkədə bahalaşma yaradırlar. Məhz buna görə də Azərbaycanda ərzaq inflyasiyası 50 faizə yaxınlaşıb”, - deyə müsahibimiz qeyd edib.

Heydərov hesab edir ki, gömrük orqanlarında kompleks islahatlar həyata keçirilməlidir: “Bu günə qədər Komitə rəhbərliyi onlara ünvanlanan tənqidlərdən nəticə çıxarmaq əvəzinə, tənqid söyləyənləri şər-böhtan atmaqda ittiham etməklə işini bitmiş sayırdılar. Çünki hər şey vahid mərkəzdən idarə olunurdu və baş verənlərdə Komitə rəhbərliyinin iştirakı var idi. Hesab edirəm ki, Komitədə köklü islahatlar aparılmalıdır. Bunun üçün müvafiq proqramlar işlənib hazırlanmalı, kadr hazırlığı məsələsinə xüsusi önəm verilməlidir. Əks halda bu dəyişikliklərin və həbslərin elə də ciddi nəticəsi olmayacaq”.

 

XalqXeber.Az

0.25524401664734