Professordan UNEC rektoruna AĞIR İTTİHAMLAR: - “Məgər o bilmir ki, elmin əsası magistraturada qoyulmur?”

17:56 22-07-2022 306

“Təcrübəli kafedra müdirlərinin yerinə ciddi elmi tədqiqat aparmayan, özlərini hələ doğrultmayan, təsdiq etməyən elmlər namizədləri təyin edilir”. 

Bu fikirləri İqtisad Universitetində (UNEC) aparılan struktur dəyişiklikləri ilə əlaqədar təcrübəli alimlərin elmi-pedaqoji fəaliyyətdən uzaqlaşdırılmalarına etirazını bildirən sabiq millət vəkili, professor Əli Əlirzayev Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, UNEC-də aparılan bu dəyişikliklər Azərbaycan elminə və onun təhsilinə, ölkədəki iqtisadi dəyişikliklərə qiymət verməmək, onları nəzərə almamaq anlamına gəlir:

“Azərbaycan iqtisadiyyat elminin tarixində kafedra prinsipindən imtina etmək, fikrimcə, düzgün deyil, əsassızdır. Sovet dövründə yetişən, böyük təcrübə qazanan alimləri bu sahədən uzaqlaşdırmaq, elmi hazırlıq baxımından daha zəif və rəhbərliyin hər sözünə “baş üstə” deyən “yeni” kadrlarla işləmək Azərbaycan elminə və onun təhsilinə, ölkədəki iqtisadi dəyişikliklərə qiymət verməmək, onları nəzərə almamaq anlamına gəlir.

Azərbaycan müasir iqtisadi elmində layiqli yer tutan 9 elmlər doktorunun (onlardan 2-si Əməkdar elm xadimi, 3-ü “Şöhrət” ordeni kavaleridir), Sovet elminin çətin pillələrini uğurla adlayan, eyni zamanda, siyasi cəhətdən sınanmış alimləri “kafedraları birləşdirmək” adı ilə elmi-pedaqoji fəaliyyətdən uzaqlaşdırmaq, universitetin Elmi Şurasından kənarlaşdırmaq və onları malik olduqları səlahiyyətlərdən məhrum etməyin məntiqi nədir? Həmin alimlərə “Gedin saat 7-dən sonra magistraturada professorluq edin” “tövsiyəsi” vermək nə deməkdir?

Rektor Ədalət Muradov məgər bilmir ki, elmin əsası magistraturada yox, bakalavr pilləsində qoyulur və tələbələr yönləndikləri elmə, onlara dərs deyən müəllimlərə 1-ci kursdan bağlanır? İqtisad elmi müvafiq kafedralarda formalaşır. Kafedra müdiri elmi istiqamet, bu sahədə məktəb formalaşdırır. Mən özüm təqribən 100 elmlər namizədi yetirmişəm, 500-ə qədər elmi əsərin müəllifiyəm. Bəla burasındadır ki, təcrübəli kafedra müdirlərinin yerinə ciddi elmi tədqiqat aparmayan, özlərini hələ doğrultmayan, təsdiq etməyən elmlər namizədləri təyin edilir. Başa düşmək çətindir, rektor Ədalət Muradov o alimlərə niyə bu qədər qısqanclıqla yanaşır? Onun da 60 yaşı var, özü də 10 ildir bu vəzifəni tutur.

1987-ci ildən etibarən, Heydər Əliyevin yolundayam, addım-addım onun arxası ilə gedib yanında olmuşam, 20 il YAP-ın Siyasi Şurasının üzvü olmuşam, Milli Məclisin deputatı seçilmişəm, Əməkdar elm xadimi adını mənə Heydər Əliyev verib. Cənab Prezident İlham Əliyev Türkiyədən Naxçıvana gələndə Heydər Əliyevin yanında onunla görüşmüşəm, indi də onun siyasətini dəstəkləyirəm. Yaxşı, bəs indiki bu “qəhrəmanlar” o vaxt harada idilər?

Hesab edirəm ki, İqtisad Universitetində baş verən bu rəzalətə vaxt itirmədən son qoyulmalıdır. Əks halda, Azərbaycanın iqtisad elmi çox dərin tənəzzülə uğrayacaq”.

 

XalqXeber.Az

0.23316788673401