Arzu Rəhimovun Masallıdakı "adamı" qanunu pozur, tələbəni həbslə hədələyir

15:28 23-07-2022 603

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi qanunları pozaraq tələbəni məcburi əsgər aparır. 

 
Bu barədə "Feysbuk"da tələbə İlham Əhmədov məlumat yayıb. 

O bildirib ki, möhlət hüququnun davam etdirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə ərizə və Bakı Dövlət Universitetindən təhsilini bitirmədiyinə dair arayışla müraciət etsə də, sənədləri qəbul etməkdən imtina edilir: "Bu, qəsdən işi yubatmaq üçündür". 

Ərizəni niyə qəbul etmədiklərinə dair açıqlama belə vermədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin Şöbə rəisi İlhamla kobud danışaraq ona hərbi xidmətdən yayınmaq istədiyini bildirib. 

İlham Əhmədov belə bir fikri olmadığını, təhsilini bitirmək istədiyini və möhlət hüququnun davam etdirilməsinin istədiyini, təhsili başa vurduqdan sonra hərbi xidmət keçəcəyini bildirsə də, şöbə rəisi İlham Əhmədova: "Sən uşaqsan, sənin beynini yuyurlar, get xidmət elə”, - deyib və onu həbslə hədələyib.

Hüquqşünas Səməd Rəhimli deyir ki, İlham Əhmədovun möhlət hüququnun davam etdirilməsi üçün qanuni əsaslar mövcuddur. 


İlham Əhmədov

Onun sözlərinə görə, bu, "Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanunun 21.1.4-cü maddəsinə əksini tapıb: "Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: ... əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək”.

Hüquqşünas biildirib ki, yuxarıda istinad edilən hüquq normasından (maddə 21.1.4) göründüyü kimi təhsilin davam etdirilməsinə görə möhlət hüququ yalnız bir dəfə təhsilini bitirənədək verilir: "Hesab edirəm ki, bu normanın şərhində əsas açar söz "təhsilini bitirənədək” ifadəsidir. Bu ifadə şərh edilərkən müvafiq ali təhsil müəssisəsinin hansı tədris və qiymətləndirmə sistemindən istifadə etməsi nəzərə alınmalıdı".

"Təhsilini bitirənədək” ifadəsi sabit müddət ehtiva etmir və təhsil müəssisəsinin tətbiq etdiyi hüquqi rejimdən asılıdır. Buna görə də həmin ifadə şərh edilərkən hazırkı işin hallarına əsasən BDU-nun hansı tədris və imtahan rejimi tətbiq etdiyi nəzərə alınmalıdır.

Əhmədov isə deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində ərizəni qəbul etməkdən imtina edildiyinə görə sənədlər poçt vasitəsilə həmin orqana göndərilib.

İlham Əhmədovun etibarnamə ilə təmsilçisi hüquqşünas Səməd Rəhimli ilə telefon danışığından imtina edilib.

Əgər üç gün ərzində müsbət nəticə əldə etməsək, mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət ediləcək.


Vəli Rzayev

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Vəli Rzayevdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidməti Arqument.az-ın sorğusuna cavab verməyib. 

 

XalqXeber.Az

0.20147085189819