İrəvanı qorxudan böyük sülh sazişi: Zəngəzur yolu açılır? - GƏLİŞMƏ

14:35 02-08-2022 207

“Azərbaycan sadəcə olaraq Ermənistanın da can atdığı danışıqların gündəmindən Qarabağ məsələsini çıxarmağa çalışır”.

 Bunu Ermənistanın Parlamentin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın məsələni fəal müzakirə etmək lazım olduğu barədə bəyanatını şərh edərkən deyib:

“Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müharibədən sonrakı dövrdə Azərbaycanın nə tələb etdiyini və Azərbaycanın nəyi diqtə etdiyini deyir. Çünki bu bəyanat Türkiyənin Ermənistanla münasibətlərin normallaşması prosesinin birbaşa Azərbaycandan asılı olduğunu deməsi fonunda verir və onlar daim Azərbaycanla məsləhətləşir. Qarabağda baş verən hadisələrlə bağlı müəyyən sosial və humanitar məsələlər istisna olmaqla, Ermənistan hakimiyyəti bu mövzunu Rusiyanın üzərinə qoymağa çalışır. Azərbaycan öz problemlərini, yəni prioritetlərini bir paketdə həll etməyə çalışır. Bizim üçün prioritet olan mövzular, Qarabağın öz müqəddəratını təyinetmə hüququ ilə bağlı, ordakı soydaşlarımızın təhlükəsizliyinin və normal həyatının təmini nə bu hakimiyyət, nə də Azərbaycan üçün prioritetdir”.

Sülh gündəmini şərh edən Abramyan vurğulayıb ki, reallıqda sülh gündəliyi Qarabağın və Zəngəzur bölgəsinin tam Azərbaycanın nəzarəti altına keçməsini nəzərdə tutur. Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədəki yeni reallıqları diqtə edən tərəf Azərbaycandır:

“Rəsmi Bakı bütün məsələlərdə nəzarəti ələ alıb və yeni reallıqları artıq özü digər dost dövlətlərlə birgə həll etməyə çalışır. Təbii ki, bu işlərin görülməsində Ermənistanın da üzərinə böyük məsuliyyət düşür. Ən birincisi biz 10 noyabr Bəyannaməsini hələ də həll olunmayan məsələlərdən danışmalıyıq. Ermənistan bu və ya digər formada bu məsələləri ləngitməklə məşğuldur. Biz hər dəfə bunun Ermənistanın özünə çox böyük ziyan verdiyini və dayanıqlı sülhün formalaşmasında əngəllərə səbəb olduğunu deyirik. Moskva və Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşlərində qəbul olunmuş Bəyanatlar onu deməyə əsas verir ki, erməni tərəfi də bu reallıqları anlayır, o cümlədən bu problemli məsələnin həlli üçün addımlar atmağa qərar verib”.

Millət vəkili deyib ki, Ermənistandakı daxili vəziyyəti də aydındır:

“Yəni Paşinyan və onun komandası yeni reallıqları birdən-birə erməni cəmiyyətinə tam açıb söyləyə bilmir. Çünki hələ də orada radikal revanşistlər var. Bir çox keçmiş hərbi cinayətkarlar da siyasi don geyinərək bu gün Ermənistan hakimiyyətinə təzyiq göstərirlər. Onlar hələ də heç nəyi anlamadan və Ermənistanın gələcəyini görmədən sadəcə revanşist ritorika ilə bəyanatlar verirlər. Paşinyanın komandası da yavaş-yavaş cəmiyyəti yeni yaranmış reallıqlara hazırlamağa çalışır. Erməni deputatların söylədiyi bu fikirlərdə həqiqət payı da var. Azərbaycanın təklif etdiyi 5 baza prinsipləri bütün bölgəmiz üçün dayanıqlı sülhün yaranmasına və hətta Ermənistanın özündə də sabitliyin formalaşması, o cümlədən iqtisadi gəlirlərinin artmasına gətirib çıxara bilər. Ona görə də bu, rəsmi İrəvan üçün də keçərli və məqbuldur. Düşünürəm ki, bu gün bütün məsələlərin həlli yollarının tapılması üçün açar Bakının əlindədir. Ermənistanın Türkiyə ilə münasibətlərinin formalaşmasında Azərbaycan vacib faktordur. Bunu həm Ermənistanın hakimiyyəti, həm də xalqı başa düşür. Yeni kommunikasiyanın açılması ilə yeni maliyyənin gəlməsi də birbaşa Azərbaycanla bağlıdır. Ona görə də Ermənistanın geriyə yoxdur və bütün məsələlərin vaxtında həll olunmasını gözləyirik. Çünki hər itirilən gün Ermənistanın ziyanına işləyir”.

 

XalqXeber.Az

0.205402135849