“Azərpoçt” MMC-də OĞURLUQ... - İLGİNC İDDİALAR...
“Təzadlar”a daxil olan aşağıdakı şikayət məktubu Baş Prokuror Kamran Əliyevə ünvanlıdır. Söhbət “Azərpoçt” MMC-nin Şamaxı rayon filialında baş verən qanunsuzluqlardan gedir. Məktubu ixtisarla təqdim edirik: “Hörmətli Kamran müəllim! Mən uzun müddət “Azərpoçt” MMC-nin Şamaxı rayon filialında çalışmışam. Hazırda bu filialda baş verənlər heç bir ölçüyə sığmır. Bir neçə aydır ki, filiala Rövşən Mirzəyev müdir təyin edilib. O, bu qısa zaman içində filialda ağlagəlməz qanunsuzluqlara imza atmaqdadır. Məsələn, 2022-ci ilin may ayından 2022-ci ilin iyun ayı dövründə hər gün Rusiyadan “Zolotoy karona” və “Kontakt” vasitəsilə göndərilən yüz min manatlarla pul vəsaiti vətəndaşların xəbəri olmadan onların şəxsiyyət vəsiqələrinin surəti vasitəsilə sənədləşdirilərək çıxarılıb. Əgər araşdırılsa, məlum olacaq ki, həmin imzalar saxtadır. Aydın olacaq ki, həmin vətəndaşların bu əməliyyatlardan qətiyyən xəbəri yoxdur. Nəzərə alsaq ki, gündə yüz min manatlar çıxarılıb, bu ayda neçə milyonlarla pul vəsaiti deməkdir. Yəni, Rövşən Mirzəyevin Rusiyadakı adamı bu pulları oradan göndərir, müdir isə burada poçt göndərişləri kimi nəğdləşdirib çıxarır. Hansı ki, ayrı-ayrı adamların adına sənədləşdirilir, bu şəxslərin isə xəbəri olmur. Qeyd etdiyim müddətdə Rusiyadan Şamaxıya göndərilən pul vəsaitlərinin kimlərin adına sənədləşdirilib götürüldüyü araşdırılarsa, hər şey bəlli olacaq.