Şabranda meşəni bal yığmaq üçün yandırıblar -RƏSMİ

15:18 03-09-2022 333

Şabran rayonunda meşə yanğınının səbəbi müəyyən edilib.

Proqnoz.com: Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 30-da rayonun Çuxurəzəmi kəndi istiqamətində meşə ərazisində yanğın baş verib. Əraziyə cəlb olunan FHN-in qüvvələri tərəfindən yanğın söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib:

"Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının dərhal hadisə yerində apardıqları araşdırma nəticəsində hadisənin ilkin başvermə ərazisi müəyyən edilib. Mənbə ərazisində aparılmış ilkin təhqiqat zamanı məlum olub ki, yanğın məhz insan amili ilə bağlı səhlənkarlıq, ehtiyatsızlıq səbəbindən baş verib.

Belə ki, yanğın baş verən gün saat 12:00 radələrində Şabran rayonunun Çuxurəzəmi kəndinin hələlik adları məlum olmayan sakinləri təbii bal yığmaq üçün meşə ərazisinə daxil olublar. Bal arılarının yerini öyrənmək, əlavə arı kütləsini əraziyə cəlb etmək məqsədilə mum yandırılıb. Sonra təbii bal olan ağac müəyyən edilərək yanında ocaq qalanıb ki, tüstü arıları qovsun və balı rahat yığa bilsinlər.

Lakin böyük ehtimalla bal yığıldıqdan sonra ocaq söndürülməyib və yanğına səbəb olub. Yanğın meşəbəyi tərəfindən aşkar edilib məlumat verilənə kimi xeyli vaxt keçib və nəticədə yanğın inkişaf edərək 3 hektara qədər əraziyə yayılıb. Yanğınsöndürənlər avqustun 31-də saat 11:40 radələrində alovu ram etməyə nail olublar".

"Hazırda göstərilən hadisə ilə əlaqədar günahkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

 
0.25513100624084