Naxçıvanın “boz kardinal”ı ayda nə qədər qazanır? – Azər Zeynalovla bağlı ilginc faktlar...

10:04 05-09-2022 351

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov uzun illərdir ki, muxtar respublikada əsas söz sahiblərindən biri kimi tanınır.

 
Xalqxeber.az xəbər verir ki, Ovqat.com-a etibarlı mənbənin ötürdüyü məlumata görə, A. Zeynalov Naxçıvanda əsas sahələri kurasiya edən şəxsdir.
Bildirilir ki, indiyədək öz potensial rəqiblərini müxtəlif hiylələrlə sıradan çıxaran Azər Zeynalov uzun illərdir ki, bu yolla “mötəbər” postunu qoruyub saxlayıb, Naxçıvanın “boz kardinal”ına çevrilib.

Şərur rayonunda müəllim ailəsində anadan olan Azər Zeynalov 25 yaşından Vasif Talıbovun yanında çalışır. O, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsində məsləhətçi, sonra həmin şöbənin müdiri olub. Bir müddət Naxçıvan Dəmir Yollarının rəhbəri vəzifəsində çalışan Azər Zeynalov 2005-ci ildən Ali Məclisin deputatı, Vasif Talıbovun birinci müavinidir.
Şəkildə: "Bərabər yürüdük biz bu yollarda"

Azər Zeynalovun karyerasında sürətli yüksəlişin – qısa müddətdə muxtar respublika hakimiyyətində əsas söz sahiblərindən birinə çevrilməsinin “sirri”ni çözə bilmişik. Bununla bağlı müxtəlif versiyalar var. Amma mənbəmiz gerçək səbəbi bizə açıqlayıb.
Azər Zeynalovun ulduzu necə parlayıb?

Azər Zeynalovun atası Yadulla Zeynalov sovet dövründə Şərur Rayon Təhsil Şöbəsində çalışıb. Ötən əsrin 80-ci illərində ali məktəbi bitirən Vasif Talıbovu Şərur rayonunun Təhsil Şöbəsinin müdiri ucqar dağ kəndinə müəllim göndərmək istəyib. Vasif Talıbovun bibisi, sosialist əməyə qəhrəmanı Bahar Talıbovanın xahişi ilə Yadulla Zeyanalov Vasif Talıbovun ucqar kəndə müəllim göndərilməsinin qarşısını alır və onun təyinatı Şərur şəhərinə yaxın kəndlərdən birinə dəyişdirilir. Vasif Talıbov da bu yaxşılığı heç vaxt unutmur, Naxçıvanın rəhbəri seçiləndən dərhal sonra ona kömək edən müəllimin oğlunu Ali Məclisdə işə gətirir. Beləcə, Azər Zeynalovun ulduzu parlayır və o, Naxçıvanın ağırçəkili məmurlarından birinə çevrilir.
Şəkildə: Prezidentin sözlərini təkrar etdiyi üçün Azər Zeynalov tərəfindən vurulan xalq artistinin evi ilə "boz kardinal" evi arasındakı fərq
Azər Zeynalov Ali Məclisin sədri ilə məmur təbəqəsi arasında körpüdür. Məlumata görə, Naxçıvanın əksər nazir, komitə sədri, xidmət rəisi və baş idarə rəhbərləri Vasif Talıbovla məhz Azər Zeynalovun vasitəsilə ünsiyyət qura bilirlər. Azər Zeynalov illərdir, Talıbovun ən etibarlı adamlarından biridir. O, bir sözü ilə kimlərinsə karyerasının, hətta taleyinin üzərindən çarpaz xətt çəkib, bir sözü ilə kimlərisə yüksəldə bilib.
Azər Zeynalov Vasif Talıbovu necə aldadır?

Azər Zeynalov Vasif Talıbovun “qara kassası”dır. Muxtar respublikadakı bütün məmurlar hər ayın sonunda Azər Zeynalovun kabinetində “hesabat” verirlər. Naxçıvanın nazirlərindən tutmuş xəstəxana baş həkimlərinə qədər hər kəs büdcədən oğurladıqları, rüşvət kimi aldıqları vəsaiti Azər Zeynalova çatdırırlar. Mənbəmizin bildirdiyinə görə, Naxçıvanda rüşvət toplama mexanizminin dəyişilməz qaydası var: məmurlar qeyri-leqal yollarla əldə etdikləri vəsaiti Azər Zeynalova verirlər, birinci müavin isə gətirilən vəsaitin 10 faizini həmin məmura qaytarır. Bütün məmurlardan yığılan pulların isə 20 faizi sonda xan tərəfindən Azər Zeynalova verilir. Hər ay qazandığı milyonlardan gözü doymayan Zeynalov öz rəhbərini aldatmağa belə özündə cürət tapır. Azər Zeynalov Naxçıvan teleradiosunun sədrindən maşa kimi istifadə edərək müxtəlif sahələrdən tənqidi süjetlər hazırladır, sonra onların efirə verilməməsi, qibleyi-aləmin o məmurları danlamaması üçün onlardan əlavə pul qopardır. Bundan başqa, müxtəlif hüquq-mühafizə orqanlarının vasitəsilə məmurlar barədə məlumatlar əldə edir, həmin məlumatları xana çatdırmamaq üçün məmurları “tasa oturdur”. Bunları yazırıq ki, xan həzrətlərinin birinci müavininin əməllərindən xəbəri olsun.

Şəkillərdə: Azər Zeynalov qardaşı Müşfiq vasitəsilə təsərrüfatını Bakıya köçürür. Bu fotolar Müşfiq Zeynalov Türk iş adamları ilə Bakıda restoranlar şəbəkəsi açmaq planını müzakirə edərkən çəkilib. Mənbəmizin iddiasına görə, "xan" həzrətlərinin bu təşəbbüsdən xəbəri yoxdur. Görünür, "xan"ın paytaxtın gözündə zəiflədiyini hiss edən "boz kardinal" indidən gələcəyə investisiya qoymaq dərdinə düşüb.
“Gecə qara, cücə qara”

Mənbəmiz saytımız vasitəsi ilə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova bu sualları da ünvanladı: “Qibleyi-aləm həzrətləri, Azər Zeynalovdan soruşun, görək, kabinetində “hesabat” verən məmurlar gecə saatlarında onun evinə niyə gedir? Məsələn, Naxçıvanın nazirlərindən biri gecə saat 1-də Azər Zeynalovun evində nə gəzirdi? Bu, hələ bir faktdır. Digər belə faktları da zamanı gəldikcə açıqlayacağıq”.

Vasif Talıbovun tam etibarını qazandığından Azər Zeynalova muxtar respublikada “gözün üstə qaşın var” deyən olmadığını bildirən mənbəmizin iddiasına inansaq, “boz kardinal” bu etibardan sui istifadə edərək fantastik sərvətə sahib olub: “İndi Azər Zeynalovun mülklərinin, obyektlərinin sayı hesabı yoxdur. Təkcə Naxçıvan Üzgüçülük Mərkəzinin arxasındakı ərazidə Azər Zeynalova məxsus 3 malikanə var, bir villa isə yeni tikilir.

Həmin villalardan biri Naxçıvanın sabiq gənclər və idman naziri Azad Cabbarovun villasıdır ki, Zeynalov onu Cabbarov işdən çıxarılandan sonra sabiq nazirin əlindən alıb. Həmin villanın tikilməsinə təqribən 700 min manat vəsait xərclənib. Villanın təmirindən xoşu gəlməyən “boz kardina” onu içini söküb yenidən təmir etdirir. Təmir üçün lazım olan materiallar isə müxtəlif xarici ölkələrdən gətirilir. Deyilənə görə, 700 min manata başa gələn villanın yenidən təmirinə Zeynalov 400 min manat əlavə xərc çəkib. Varlığa nə darlıq. Həmin villada Azər Zeynalovun oğlunun yaşayacağı bildirilir. Halbuki, Azad Cabbarov həmin villada bir gün də yaşaya bilmədi. İndi görək, Zeynalov yaşaya biləcək? Bu gedişlə onun da aqibəti Talıbovun gözündən salıb məhv etdiyi Azad Cabbarovdan fərqli olmayacaq.

Mənbəmizin bildirdiyinə görə, Azad Cabbarov nazir olanda Azər Zeynalov villanın ona bağışlanmasını tələb edib. Əlbəttə ki, sabiq nazir bu tələblə razılaşmayıb. Bundan sonra Azər Zeynalov bəzi adamlarında yanında deyib ki, əgər villanı verməsə, zorla alacaq. Beləliklə, bir villaya görə, Naxçıvan məmurları arasında qalmaqal yaranıb və sonda Azər Zeynalov Cabbarovun işdən uzaqlaşdırılmasına nail olub. Nəticə isə bəllidir: Zeynalov həmin villaya köçmək ərəfəsindədir.

Bundan başqa, Naxçıvanın Gənclər və İdman Nazirliyinin yaxınlığındakı ərazidə Zeynalova məxsus 4 mərtəbəli bina, elə həmin məhəllədə böyük bir villa var.
Şəkildə: Naxçıvanda bütün cinayətlər "xan"ın kölgəsində, Heydər və İlham Əliyevlərin portretləri altında törədilir. Nəticədə bütün əməllərin günahı başqasının ayağına yazılır.

Naxçıvanın məşhur “Dörd fəsil” restoranı, “Dəyirmançı” restoranlar şəbəkəsi də Azər Zeynalova məxsusdur. “Boz kardinal”ın yaxınları, daha doğrusu, kürəkəni Naxçıvandakı yeganə hazırlıq kursu olan “İstedad kursaları” MMC-yə nəzarət edir. İndi Naxçıvanda övladını hazırlıq keçməyə qoyan ailələr ancaq bu kursa qoya bilərlər. Muxtar respublikada fərdi hazırlıqlar keçirilməsi isə demək olar ki, tam məhdudlaşdırılıb.

Azər Zeynalovun qardaş Müşfiq Zeynalovun nəzarət etdiyi “Əlincə” avtomobil servisi də Zeynalovlara hər ay yüz min manatlar qazandırır. Çünki Naxçıvandakı dövlət təşkilatlarının və məmurların bir hissəsi öz avtomobillərini baha qiymətə bu servisdə təmir etdirirlər. Niyə bir hissəsi, çünki əksər avtomobillərin təmir işi Talıbovlar ailəsinə məxus olan “Cahan” servisdə aparılır.

Azər Zeynalov təkcə məmurların dövlətdən oğurladığı pulların hesabına varlanmayıb. 10 ildən çoxdur ki, o, Naxçıvanda “Topaz” mərc oyunlarına da nəzarət edir. “Kiçik” məbləğ olduğundan Naxçıvan xanı ordan gələn vəsaitin tamamının Azər Zeynalova çatmasına razılıq verib. Yəni oranın hesabı muxtar respublikanın ümumi hesabına qatılmır. “Kiçik” məbləğ dediyimiz nə qədər olsa yaxşıdır? - ayda cəmi 300 min manat. Yəqin ki, Naxçıvan xanının və oğullarının bu vəsaitdən xəbərləri yoxdur. Yoxsa, bu qədər vəsaitin Azər Zeynalov tərəfindən “yeyilməsinə” imkan verməzlər.

“Boz kardinal” büdcəni talayaraq, rüşvət alaraq Naxçıvana təkcə maddi ziyan vurmayıb. O, Naxçıvanda istedadlı kadrları məhv edərək, oranın insan kapitalını da ciddi şəkildə zədələyib. Son 20 ildə Naxçıvanda aparılan “islahatlarda”, əhaliyə edilən zülmlərdə, muxtar respublikanın bərbad vəziyyətə salınmasında Azər Zeynalovun da xüsusi rolu vardır” – saytımıza ötürülən məlumatda belə deyilir.

 

 

0.24378108978271