Əlillərə niyə kredit verilmir? - “Dövlət zamin dura bilər ki...”

18:44 06-09-2022 396

Bu gün ölkədə fəaliyyət göstərən bankların kredit xidmətindən bütün vətəndaşlar yararlana bilmir ki, bu da mövcud məhdudiyyətlərlə bağlıdır.

Son günlər isə sosial şəbəkələrdə əhalinin daha bir təqəbəsinin kredit almaq imkanlarının məhdudlaşdırılması barədə xəbərlər yayılıb. Söhbət I qrup əlillərdən gedir. Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyib ki, qanunvericiklikdə əlilliyi olan şəxslərə kredit verilməməsi ilə bağlı qadağa yoxdur:

“Hər hansı bankın daxili sənədində də belə bir qadağa yoxdur. Ancaq bank kommersiya təşkilatı olduğu üçün bəzi kriteriyaları nəzərə alır. Bu kriteriyalara hansı şəxslərin krediti qaytara bilmək imkanın olduğu aiddir. Əlillərin sosial müavinəti və pensiyası banklar üçün uyğun olmadığına görə kredit verilmir. Əgər əlil şəxs 300 -350 manat pensiya və yaxud sosial müavinət alırsa, banklar hesab edir ki, bu şəxslər krediti qaytara bilməz. Kredit verən bankların göstərə, istinad edə biləcəyi heç bir normativ hüquqi baza yoxdur. Lakin bütün hallarda olmasa da, bir çox hallarda əlilliyi olan şəxslərə kredit verilmir".

Azərbaycan banklarından birinin kredit mütəxəssisi Emil Əliyev isə deyib ki, kredit almaq istəyən əlil istənilən halda iş yerinə malik olmalıdır:

“Bizim bankda əlillik üçün alınan müavinət pensiya kimi sayılır. Pensiya alanlara isə biz kredit verə bilmirik. Amma iş yeri varsa, ona kredit ayıra bilirik. Bu vaxt əlilliyi də əlavə gəlir kimi götürürük. Məsələn, 500 manat maaş, 200 manat da pensiya alırsa, biz onu 700 manat gəlir kimi nəzərə alıb kredit veririk. Amma yalnız əlillik müavinəti ilə yaxınlaşan şəxsə kredit ayrılmır ".

Bu gün əlillərin müavinətlərinin, pensiyalarının məbləği o qədər də yüksək deyil. Əlillərə ehtiyacı olduğu halda banklardan kredit götürmək imkanı necə yaradılmalıdır?Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, əksər hallarda yalnız I qrup əlillərə kredit verilmir, digər qrup əlillərə kreditlər verilir:

“I qrup əlillərin müavinətdən, təqaüddən, pensiyadan başqa alternativ gəlirləri olanda, onlar da kreditlər götürə bilirlər. Burada əsas prinsip krediti ödəmə qabiliyyətidir. Bu, digər vətəndaşlara münasibətdə də eynidir. Həmin müavinətin, təqaüdün məbləği kredit götürməyə imkan yaratmır. Çünki ödəniş qabiliyyətinin məbləği az olduğuna görə kreditin geri qaytarılması ilə bağlı prinsip yaranır. Bu, dövlət qulluqçusu, sıravi vətəndaş, biznesmen, yaxud əlil olsa da, ödəniş qabiliyyətiniz həmin krediti geri qaytarmağa imkan vermirsə, o zaman sizə kredit verilmir. Ancaq əlillər və digərləri də fərqli mənbələrdən alternativ gəlirlər əldə edirsə, işləyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əlillər var, hətta müxtəlif layihələr çərçivəsində əməkdaşlıq etdiyim əlillər var ki, onlar biznes, istehlak kreditləri də götürə bilirlər. Sadəcə bugünkü mexanizm və ölkədə kredit bazarında şərtlərin nisbətən sərt olması, bankların sərt kredit siyasəti həyata keçirməsi bütün ölkədə biznes, vətəndaş və digərlərində olduğu kimi əlillər üçün kredit əlçatanlığını daha da zəiflədir. Çünki bunlar xüsusi həssas sosial qruplardır. Əksər hallarda gəlirləri digərləri ilə müqayisədə aşağıdır. Kommesiya bankları da əsasən kredit qaytarma reytinqinə əsaslanmış prinsipləri nəzərə almaqla kreditlər verdiyinə görə onlar kredit götürə bilmirlər”.

Həll yolu müavinətlərin artırılmasıdırmı? İqtisadçı kreditlərə əlçatanlığı artırmaq üçün müavinətin məbləğini artırmaq lazım olduğunu düşünmür:

“Daha yaxşı olar ki, əlillərin kreditə ehtiyacı olmasın. Əlillərə ödənilən müavinətlər, pensiyalar və təqaüdlər onların öz rifahını normal şəkildə qurması üçün şərait yaratsın. Əlbəttə, bunlar artırılmalıdır. Bununla bağlı biz müxtəlif istiqamətlərdə öz təkliflərimizi, tövsiyələrimizi hazırlayıb veririk. Ancaq mümkün qədər kreditdən uzaq durmaq tövsiyə olunur. Xüsusilə də bu, gəlirləri limitli olan həssas sosial qruplara aiddir. Əgər o, kredit götürürsə, gəlirinin bir qismini də məcburən faiz əvəzi ödəməlidir. Ancaq həyatdır, insanların məcburi şəkildə ehtiyacları yaranır”.

Ekspertin fikrincə, banklar kommersiya banklarıdır, pulu kimlərə verdiyi maraqlı deyil, onlara maraqlı olan pulu verdiyi adamdan geri almaq imkanlarıdır:

“Təbii ki, əhalinin müxtəlif sosial qrupları ilə bağlı qiymətləndirmələr aparırlar. Ola bilsin ki, hansısa formada dövlət təminatı mexanizmi yarana bilər. Yəni hökumət müəyyən bir mexanizm formalaşdıra bilər ki, müəyyən hədlər çərçivəsində, məsələn, aylıq müavinətin məbləğinin 50-60 faizindən çox olmamaq şərti ilə siz əlillərə kredit verə bilərsiniz və dövlət buna zəmanət veri. Əlillər həmin krediti geri qaytarmadığı halda onların müavinətlərindən tutaraq ödəniş ediləcək. Ancaq bu da humanitar deyil. Çünki sabah başqa problemlər ortaya çıxacaq. Onsuz da gəliri az olan əlilin müavinətinin müəyyən bir hissəsi tutulub kredit öhdəliyinə yönəldiləndə, onda da başqa bir sosial problem ortaya çıxacaq. Ümumiyyətlə, kreditlərin təşviqi əslində yaxşı deyil. Bir çox hallarda ailələrin maliyyə vəziyyətini pisləşdirən məsələdir. Hər gün qiymətlər artır. Ailənin zəruri tələbat məhsullarına olan xərci yüksəlir. Ailə büdcəsini proqnozlaşdırmaq çətindir. Belə şərtlər daxilində kütləvi şəkildə onsuz da çətinliyi olan əlillərin kredit bataqlığına yuvarlanması ilə bağlı təşviqlərin olması da mübahisəli məsələdir. Yəni dərindən təhlil olunmalıdır”

 

XalqXeber.Az

0.21822905540466