Emin Əmrullayev getdikcə Hacıbala Abutalıbova bənzəyir...

14:19 09-09-2022 342

Bakının sabiq meri Hacıbala Abutalıbov mənim yaddaşımda qeyri-adi jestləri, səmimi davranışları ilə qalıb. Hacıbala müəllimin boyundan böyük olan kresloda əyləşdiyi dövr yaxın keçmişə aid olduğu üçün çoxumuz həmin illəri yaxşı xatırlayırıq. Keçmiş mer hər dəfə ağzını açanda jurnalistləri azı bir həftəlik mövzu ilə təmin edirdi. Qışda Bakı küçələrində su dizə çıxanda Hacıbala Abutalıbovun sayəsində mövzu xirtdəkdən olurdu. Zarafat deyil, adam neçə ildi vəzifədən gedib, amma hələ də xatırlanır. Maraqlısı isə odur ki, Bakının anasını ağlatdığına görə qəzəblə xatırlamalı olduğumuz adamı təbəssümlə xatırlayırıq...

 


Jurnalist dostlarımdan biri danışır. Çoxdanıncı illərdə, yəni Hacıbala müəllim meriyanın yolunu tanımayanda, Sabuncu rayonunda icra başçısı işləyəndə onu reportaj hazırlamaq üçün qəbul otağına dəvət edir. Həmkarım yaddaşına güvəndiyi üçün əminliklə deyir ki, qəbula gələn ilk vətəndaş cavan gəlin idi. Üstəlik, tək olmayıb, bir yaşlı oğlunu da özü ilə gətirib. Hacıbala müəllim ana ilə oğlunu qapının ağzında qarşılayıb. Əvvəl uşağın toppuş barmaqlarından öpüb, amma bununla da ürəyi soyumadığı üçün masanın üstündəki taxta peçenyedən ikisini gətirib uşağa verib. Sonra nə fikirləşibsə, bu dəfə balacanın toppuş yanaqlarından öpüb.

Həmkarım diqqətli adam olduğu üçün ən azı 20 il əvvəl baş vermiş bu hadisəni olduğu kimi yadda saxlayıb. Deyir ki, zavallı qadın öpülmək növbəsinin ona çata biləcəyindən ehtiyatlandığı üçün bir addım geri çəkilib..

Nəhayət, şikayətçi dərdini anlatmağa macal tapıb. Məlum olub ki, evlərinə su damır. Həyat yoldaşı yataq xəstəsi olduğu üçün damı düzəltməyə imkanları yoxdur.

Həmkarım and-aman edir ki, Hacıbala müəllim qadının sözünü tamamlamasına imkan verməyib. Qəfildən yerindən sıçrayacaq, körpənin başının üstünü kəsdirib. Bu dəfə cibindən çıxardığı təmiz dəsmalla uşağın burnun fırtığını silib. Şikayətçi gedəndə isə masanın üstündəki qənd qabından bir ovuc konfet götürərək, təkrar uşağa yaxınlaşıb. Səliqə ilə soyduğu saçaqlı konfetlərdən birini uşağa verib, qalanlarını isə balacanın cibinə doldurub.

Qəbul başa çatandan sonra jurnalist həmkarım belə deyib: "Hacıbala müəllim, axı o zavallı qadının problemi həll olunmadı..."

Abutalıbov tövrünü də pozmayıb: "Problemləri həll etmək mənlik deyil. Mənim işim vətəndaşları xoş üzlə qarşılayıb xoş üzlə də yola salmaqdır".

Ruslarda maraqlı bir söz var, tərcüməsi təxminən belədir: "Müqəddəs yer boş qalmır".

Hacıbala Abutalıbov hakim komandanı tərk etsə də, şükür, yeri boş qalmayıb. Gənc və perspektivli Elm və təhsil naziri Emin Əmrullayev onu uğurla əvəz edir. Məsələn, ixtisasca hüquqşünas olan Kənd təsərrüfatı naziri İnam Kərimov xaricdən biri 5-6 min manata alınan on inəkdən səkkizinin qısır qaldığını heç vaxt dilinə gətirməz. Amma səmimi Elm və təhsil naziri orta məktəblərdə dərs keçilmədiyini və bu üzdən də milyonlarla manat büdcə vəsaitinin havaya sovrulduğunu da rahatlıqla dilə gətirir.

Yaxud siz heç vaxt Ali Məhkəmənin sədrinə sübut edə bilməzsiniz ki, Azərbaycanda bəzi hakimlər savadsızdır, üstəlik, şəxsi mənafe naminə qərəzli hökm çıxarır, ölmüş adamın "ifadəsi" əsasında sağlam adamı həbsxanaya göndərirlər. Amma Elm və təhsil naziri bu gün bəyan etdi ki, Azərbaycanda bəzi müəllimlər savadsızdır, hətta o qədər savadsızdır ki, şaftalı sözünü düzgün yaza bilmirlər. .

Siz Səhiyyə naziri Teymur Musayevin nə vaxtsa həkimləri demirəm, tibb bacılarının xəstələrdən rüşvət aldığını etiraf edəcəyini gözləyirsinizmi?

Ağılınızın ucundan da keçirməyin. Amma hörmətli Elm və təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl orta məktəblərdə pul yığıldığını etiraf etmişdi. Hansı ki, bu barədə heç ona sual verən də olmamışdı...

Bəli, Emin Əmrullayev Azərbaycanda ən səmimi nazirdir. Di gəl ki, mövcudluğunu etiraf etdiyi heç bir problem həllini tapmır. Problemləri həll etməyin yolu səmimiyyətdən deyil, qətiyyətdən keçir. Azərbaycana səmimi deyil, prinsipial Elm və təhsil naziri lazımdır...Seymur VERDİZADƏ

 

XalqXeber.Az

0.23849105834961