"İttiham edilən şəxs necə özünü haqlı tərəf kimi göstərərək vətəndaşı borclu çıxara bilər?" - Hələ istintaq BAŞA ÇATMAYIB...

16:52 09-09-2022 423

"Sahil-S İnşaat" MTK-nın bir mənzili bir neçə nəfərə satdığı üçün dələduzluğa görə həbs edilmiş direktoru Taleh Alaverdiyev aldatdığı payçıdan pul tələb edir, əks halda onu məhkəməyə verəcəyi ilə xəbərdar edir. Bu barədə zərərçəkmiş vətəndaş Rəşidov Müsəddiq Hüseyn oğlu özü redaksiyamıza müraciətində qeyd edib. T. Alaverdiyev həbsdən ona göndərdiyi məktubda tələb irəli sürüb. Məktubda deyilir ki, Yeni Günəşlinin "A-B" yaşayış sahəsində inşa edilən binanın ikinci mərtəbəsindən ümumi sahəsi 114.8 kv üçotaqlı, ümumi dəyəri 91 840 manat olan mənzilin pay kimi verilməsinə dair müqavilə bağlanıb. Mənzil alan şəxs guya pulu tam ödəməyib və hazırda 30 min manat borcu qalıb. Həbs edilən şirkət rəhbəri ya pulun, ya mənzilin qaytarılmasını tələb edir.

 


Məsələ ilə bağlı Anaxeber.info-nun baş redaktoru, payçılardan biri olan Azər Talıbov Baş prokuror Kamran Əliyevə müraciət edib. Jurnalist Baş prokurora müraciətində dələduzluqda ittiham olunan şəxsin həbsdən belə bir iddia və tələblə çıxış etməsinin nə dərəcədə qanuni, əsaslı olduğunu soruşur. Baş redaktor Baş prokurora müraciət edərək deyib ki, insanları aldadan, pullarını mənimsəyən, buna görə barəsində həbs qərarı verilmiş bir fırıldaqçı şirkət direktorunun həbsdən pul tələb etməsi araşdırılmalıdır: "Hazırda iş üzrə 200-ə yaxın zərərçəkən ailə var. Onlar nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Çünki bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. Bu faktlar əsasında etdiyimiz şikayətlər əsasında sözügedən şəxs həbs olunub. Ancaq oradan məktub göndərərək vətəndaşın borclu olduğunu yazır. Cənab baş prokurordan soruşmaq istəyirəm ki, istintaq başa çatmamış ittiham edilən şəxs necə özünü haqlı tərəf kimi göstərərək vətəndaşı borclu çıxara bilər? Qanunvericilik və cinayət məcəlləsi bu xüsusda nəyi ehtiva edir?" A.Talıbov K.Əliyevdən məsələnin araşdırılmasını xahiş edib. //anaxeber.info//

 

XalqXeber.Az

0.28155994415283