Siyəzən sakinlərinin NEFT PROBLEMİ... - qum-çınqıl karxanaları təbii fəlakət yaradır…

14:40 10-09-2022 306

Haqqında bəhs edəcəyimiz Siyəzən rayonu barədə qısa bir tarixi məlumat verək. Deməli, ötən əsrin 1938-39-cu illərində güclü neft yataqlarının kəşf olunması Siyəzən rayonunun inkişafında önəmli rol oynadı. Və beləcə Siyəzən rayonu Azərbaycanın güclü neft rayonlarından birinə çevrildi. Əslində neft kəşf olunana qədər Siyəzən çox səfalı, zəngin təbiəti olan, meyvəçiliklə, heyvandarlıqla məşğul olan rayon idi. Sözün qısası, indi görək neft və qaz yataqları Siyəzənə nələr gətirib..?
Gündəlik-Bakının reportyor qrupu Siyəzəndə gördüklərini, çəkdiklərini olduğu kimi cəmiyyətə və dövlət qurumlarına təqdim edir. Belə ki, “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazilərdəki neft və mazut gölməçələri adamı dəhşətə gətirir. Neft quyularının ətrafı təhlükə mənbəyidir. İraq olsun burada hər an dəhşətli yanğınlar baş verə bilər. Əbəs yerə deyil ki, bir müddət əvvəl FHN-nin nazir müavini mətbuata açıqlamasında bildirib ki, Siyəzən rayonunda baş verə biləcək yanğınların söndürülməsinə aylarla vaxt sərf oluna bilər: “Siyəzəndə baş verə biləcək yanğın daha ciddi və təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Əgər baş verən yanğınlar rayon ərazisindəki neft quyularına çatarsa, ciddi fəsadlar yaranar”. Söhbət təkcə neft yataqlarının ətrafındakı ekoloji cəhətdən çirkli gölməçələrdən getmir. Həm də mediada yayılan xəbərlərdən bəlli olur ki, dəfələrlə Siyəzənneftin ərazisində uzunluğu kilometrlərlə ölçülən borular, naqillər oğurlanıb. Bu hələ harasıdır..? Siyəzənneft-in rəhbərliyi guya neft ərazilərinin zəbt olunması adı altında vətəndaşları öz evlərindən bayıra atırlar. Əlbəttə, biz kimlərinsə neft ərazilərində ev tikməsini təqdir etmirik. Amma… Əmması odur ki, vətəndaşlar illər öncə bu əraziləri sotu 1000-1500 manata bələdiyyələrdən alıblar. Görəsən, onda Siyəzənneft-in rəhbərliyi niyə səsini çıxarmırdı..? Sonra onu da qeyd edək ki, Siyəzənneftin rəhbərliyi ixtisar adı altında onlarla imkansız ailənin başçılarını işdən uzaqlaşdırıb. Hətta işdən çıxarılan şəxslərdən birinin intihar etməsi xəbəri də yayılıb. Bir sözlə, Siyəzən camaatı neft və qazın cəfasını, məmurlar isə səfasını görür. Biz hələ neft istehsalı zamanı atmosferə atılan səmt qazının insanların sağlamlığına vurduğu ziyanı demirik. Məlumdur ki, Siyəzən ərazisindən keçən Alaçay ( Ataçay) öz içməli suyu ilə zəngindir və rayonun ərazisindən keçən su kanalı Ceyranbatan su hövzəinə axır. Bəli, bu çay daşqın rejimli çaydır. Yəni ilin müxtəlif vaxtlarına daşıb təhlükə yaradır. Sakinlərin dediyinə görə, rayon ərazisindən keçən su kanalına dəfələrlə az yaşlı uşaqlar düşüb. Və bəzən onları xilas da etmək mümkün olmayıb. Rayon ərazisindəki çayların üzərində 3 daş, qum-çınqıl karxanaları fəaliyyət göstərir. Bu karxanalar çayların yatağını, təbii məcrasını dəyişib. Və tez-tez təbii fəlakətə səbəb olurlar. Görəsən, Ekologiya naziri Muxtar Babayev, yaxud Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyinin sədr müavini Azər Şükürov niyə bircə dəfə də olsun səslərini çıxartmırlar..? Rayondakı kənd təsərrüfatı təyinatlı torpaqların xeyli hissəsini bələdiyyələr ev tikintisi üçün satıb yüz minlər qazanıblar. Görəsən rayonun icra başçısı, hörmətli Novruz Novruzov niyə rayonda baş verən bu neqativ hallara qarşı münasibət bildirmir..? Biz bir xüsusi məsələni unutmamalıyıq ki, Siyəzən rayonunda ölkə əhəmiyyətli strateji obyektlər var. Bəli, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərləri Siyəzəndən keçir və rayonda bununla bağlı xüsusi regional şöbə fəaliyyət göstərir.
Biz çox dərinə varmadan qeyd etmək istəyirik ki, rayon rəhbərliyi və müvafiq dövlət qurumları Siyəzən rayonunda baş verən problemlərə vaxtında diqqət ayırmalıdırlar. Bizim bir media olaraq bunları yazmaqda məqsədimiz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına baş verən neqativ hallarla bağlı məlumatları çatdırmaqdır. Buna görə, bizə hədə-qorxu gələnlər, təhdid edənlər, məhkəmə ilə hədələyənlər olsa da biz haqq bildiyimiz yoldan dönən deyilik. Və nəyin bahasına olursa-olsun, Prezidentin apardığı gərəkli işlərə kölgə salmaq istəyənləri, vətəndaşları dövlətdən narazı salan məmurları sonadək ifşa edəcəyik. Və ümid edirik ki, cənab Prezidentimiz bu yolda bizə ən sadiq təminatçıdır. Bizim bir media olaraq bu yazıları yazmaqda həm də məqədimiz odur ki, məmurlar kabinetlərindən bayıra çıxıb mövcud problemlərin həllinə çiyin versinlər, yaxalarını qırağa çəkməsinlər. //gundelik-baku.com//
XalqXeber.Az

0.23263001441956