Xaçmaz avtovağzalı sərnişinlərə xidmət etmir - Çünki deyəsən burda hər şey "özəldir"...

17:53 10-09-2022 297

Sizlərə Xaçmaz avtovağzalından söz açım. Ötən əsrin 80-ci illərində Xaçmazda yeni avtovağzal binası tikilib istifadəyə veriləndə, rayon sakinləri şükür etmişdilər ki, nəhayət bizim rayonun da yaxşı bir avtovağzal binası ərsəyə gəldi. Onu da deyim ki, yeni avtovağzal binası münasib bir yerdə tikilmişdi.

 

Amma, rayon sakinlərinin bu sevinci uzun sürmədi, belə ki, 90-cı illərin ikinci yarısında dövlət büdcəsinin pulları hesabına inşa edilən təzə avtovağzal binasını özəlləşdirdilər və orada “Aygün” şadlıq sarayı açdılar. Nə isə “çox mübarəkdir, xoşbəxt olsunlar!!!” deyək və ya deməyək, onu bilmirəm.

Bircə onu bilirəm ki, bundan sonra sərnişinlər avtobusları qışın soyuğunda və yayın istisində çöldə gözləməli oldular. Bu biabırçılıq bir neçə il davam etdi. Nəhayət, Xaçmaz şəhərinin çıxacağında yeni üçmərtəbəli bir avtovağzal binası inşa edildi. Deyilənə görə bu avtovağzal binası da özəldir və hansısa şəxsə mənsubdur. Olsun, bazar iqtisadiyyatıdır, yəni, mümkün məsələdir.

Amma, yenə də ortalıqda əmmalar qalmaqdadır. Söyləyim, niyə...

Qeyd edim ki, bu neçə mərtəbəli bu müasir bina sakinlərə xidmət etmir. Yəni, binanın qapılarından içəri kimsə keçmir. Çünki sərnişinlər üçün “nəzərdə tutulmayıb”. Orada nə bilet satılır, nə də yayın günəşindən, nə də payız və qışın yağışından, soyuğundan qorunmaq üçün heç bir şərait yaradılmayıb. Sərnişin binəvalar yenə də avtobusları çöldə, perronda gözləməyə məhkumdurlar.

Gələk bilet satışına... Deməli, avtobus dayanacağa daxil olan kimi sərnişinlər avtobusa minib gözləyirlər. Nəyi gözləyirlər? Onu da deyim... Avtobusun sərnişinlə dolmasını. Deməyim odur ki, Xaçmaz avtovağzalından avtobuslar vaxt rejimində işləmir. Yəni, avtobus sərnişinlə dolmasa, qoyulan əlavə oturacaqlara da bir neçə nəfəri əyləşdirməsələr, maşın yerindən tərpənən deyil. Bu hələ harasıdır, növbə pulun yığılması prosesinə çatır.
Deməli, Xaçmazdan Bakıya məsafə 157 km-dir, biletin də qiyməti 3 manat 80 qəpik təşkil edir. Amma, hər sərnişindən 5 manatdan pul yığılır. Bəzən də elə olur ki, “pulyığan” nəsə səhvə yol verir, hə, bu zaman yeni həngamə başlayır. Bir-bir sərnişinlərdən soruşulur ki, “pulu verməyən kimdir?”... “Səhv düzəldilməyənədək” sərnişinlə dolu avtobus gözləməlidir.

Bir sözlə, biabırçılıqdır və belə vəziyyət illərdir ki, davam edir. Bu məsələyə nə yerli hakimiyyət orqanları, nə də avtovağzalların tabe olduğu qurum (əgər belə bir qurum varsa) müdaxilə edir. Əsl bazardır.

PS. Bakıdan Xaçmaza da biletin qiyməti 3 manat 80 qəpikdir)). Maraqlıdır ki, Bakı mərkəzi avtovağzalında biletlər 4 manat 40 qəpiyə satılır. Yəni, Xaçmaza gedən sərnişinlərdən Xudata qədər olan məsafəyə görə pul alırlar.

PS.s. Biz hələ avtobusların vəziyyətindən söz açmırıq. Xüsusilə də Hundai markalı avtobuslara qoyulan əlavə “oturacaqlardan” danışmırıq. Keçid üçün nəzərdə tutulan yerə qoyulan bu oturacaqlar, istənilən bir qəza zamanı sərnişinlərin avtobusu tərk etmələrinə imkan verməyəcək...
Bunu isə nə fikirləşən var, nə də vecinə alan...

Ən əsası puldur... İnsanın bir dəyəri qalıbmı, görəsən???!!!
Haci Rafiq
Teref.az

 

XalqXeber.Az

0.21015119552612