AXI MİDA-ya NECƏ İNANAQ? - HƏQİQƏTƏN DƏ...

19:00 15-09-2022 216

Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən sosial evlərin satışı başlamalı idi. Satış prosesinin başlamasına 2 dəqiqə qalanda məlum oldu ki, sistemdə problemlər yaranıb, sistemə qeyri-legitim daxilolmalar var və potensial müştərilərin bir hissəsi sistemə daxil ola bilmir. Ona görə də satış prosesi baş tutmadı.

 
DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, onlayn satış prosesinin istiqamətini dəyişmək lazımdır:

“Əvvəllər olduğu kimi, müəyyən mənzil növbəsi yaradılmalıdır. Proqramda ehtiyacı olan və eyni zamanda, irəli sürülən standartlara uyğun olan vətəndaşlar iştirak etməlidir. Onlayn satışda kiber təhlükəsizlik hər nə qədər təmin olunsa da, hücumlardan qorunmaq asan deyil. Çünki kim məlumatlar bazasını daha tez ötürə bilsə, məhz onların şansı artır. Sanki bir yarış təyin olunub. Təbii ki, bu yarışda qalib olmaq üçün vətəndaşlarımız müxtəlif xidmətlərə müraciət edəcəklər. Proqramların təkmilləşdirilməsinə baxmayaraq, müdaxilələr qaçılmazdır. Bu baxımdan, ictimaiyyətin iştirakı ilə satış mexanizmində dəyişiklik edilməli və qanunazidd addımların təkrarlanmaması üçün MİDA yanında şura yaradılmalıdır. Prosesin şəffaf baş tutmasına əminlik yaradılmalıdır. Çünki bu gün prosesin şəffaf olmaması ilə bağlı fikirlər səsləndirilir. Onlayn müraciətin araşdırılması hansısa komissiya tərəfindən həyata keçirilməli və ictimaiyyətə məlumat verilməlidir. Son arzuolunmaz hadisədən sonra prosesə heç nə olmamış kimi davam etmək düzgün deyil. Çünki son qanunsuzluqdan sonra hüquq-mühafizə orqanları həbslər aparıb və insanların satış prosesinə etimadı itib”.
0.28726387023926