Mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq gücləndirilməlidir

12:58 19-09-2022 198

Ermənistan tərəfi təcavüzkar siyasətini davam etdirərək sentyabrın 12-də, gecə saatlarından başlayaraq dövlət sərhəddində genişmiqyaslı təxribatlar törədib. Bu, beynəlxalq hüququn norma və prinsiplərinin Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların, həmçinin əldə olunmuş digər razılaşmaların birbaşa və kobud şəkildə pozulmasıdır. Aydın görünür ki, Ermənistan  sülhə doğru atılan addımlara müxtəlif yollarla mane olmağa çalışır.

 
13 sentyabr tarixində yaşanmış insident həm də ATƏT-in Minsk Qrupunun dirçəldilməsinə xidmət edən stimulyasiyadır. Həmin tarixdə yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Belə ki, bu təxribat cari ilin 15-16 sentyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək  Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Azərbaycana qarşı təzyiqlərin artırılmasına hesablanıb.

Baş verənlər təxribatların bir daha Ermənistanın qeyri-ciddi və sabit olmayan şəxsləri tərəfindən yönəldildiyini nümayiş etdirdi. Proseslərin təhlili deməyə əsas verir ki, Ermənistan rəhbərliyi müstəqil qərar qəbul etmir, xarici havadarlarının əsirinə çevrilərək, yalnız onlardan aldıqları tapşırıqları  yerinə yetirirlər. Paşinyan öz beynəlxalq himayədarlarından aldığı göstərişlərlə hərəkət edir və qeyri-sabit siyasət yürüdür. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin
nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Bu səbəbdən rəsmi İrəvan dünyada hərbi cinayətkar ölkə kimi tanınmalıdır. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. Bu tarixdə yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır.

İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.

Qeyd etmək lazımdır ki, bu gün güc amili öz aktuallığını qoruyub saxlamaqdadır. Cari ilin 27 iyun tarixində Prezident İlham Əliyevin Kəlbəcər rayonunda Komando hərbi hissəsinin açılışında dediyi kimi, “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Bu baxımdan, 13 sentyabr tarixində yaşanmış insident də bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyətə malikdir.

Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır. 44 günlük Vətən Müharibəsində olduğu kimi xalqımız yenə də Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşib. 

Azərbaycanı ittiham edənlər unutmasınlar ki, ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında haqq uğrunda vuruşur və haqqın bərqərar olunmasına nail olmağa çalışır.

Tarix boyu təcavüzlərə, təxribatlara məruz qalsa da Azərbaycan hər vaxt beynəlxalq hüquq normalarına riayət etmişdir.  Amma Azərbaycandan fərqli olaraq təcavüzkar Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur. Eyni zamanda 13 sentyabr tarixində baş vermiş təxribat  Avropanın enerji təhlükəsizliyinin təmin olunmasının qarşısının alınmasına da yönəldilmiş bir təxribatdır. Çox təssüf ki, Ermənistan rəhbərliyi Azərbaycana qarşı çirkin əməllərindən əl çəkmir. Bu çirkin əməllərindən biri də  Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1
milyondan artıq minaların basdırılmasıdır. Hələ də Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməkdən boyun qaçırır. Ona görə də həm beynəlxalq təşkilatlar həm də dünya ictimaiyyəti Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır. Qarşı tərəf və onun havadarları, nəhayət, anlamalıdırlar ki, xalqına və qüdrətli ordusuna arxalanan  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı atılan istənilən addımın qarşısının alınması üçün hər zaman yetərlidir və bu reallıq qarşısında Ermənistanın sülh prosesinə
qoşulmaqdan başqa bir yolu yoxdur.

13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses planlı şəkildə həyata keçirilməlidir.

Aytac Quliyeva
Şəhid kapitan Quliyev Hətəmxan Məti oğlunun həyat yoldaşı
0.22057294845581