"Dam örtüyünün dəyişdirilməsinə ehtiyac yox idi, minlərlə manat pul sildilər" - Astarada ÖZBAŞINALIQ

14:51 19-09-2022 261

“Tədris ili başlayıb, ancaq məktəblərin çoxunda hələ də təmir işləri yarımçıqdır. Bir neçə ay əvvəl başları sökdükləri dam örtüklərini naməlum istiqamətə daşımağa qarışdı, dam örtüklərini gec düzəltdilər, yağış sinif otaqlarının içərisinə yağdı. Normal vəziyyətdə olan məktəblər də bərbad günə qaldı, hələ də tam düzəldilməyib”.

 


Xalqxeber.az xəbər verir ki, Astaranın bir qrup sakini Meydan TV-yə ünvanladıqları şikayətdə belə deyir. Onlar danışırlar ki, bu ilin aprelində Təhsil Nazirliyindən rayonun kəndlərindəki səkkiz məktəbin dam örtüyünün yenilənməsiylə bağlı göstəriş verilib. 

Yeni tikilmiş dörd məktəbin və köhnədən fəaliyyət götərən daha dörd məktəbin dam örtüyü sökülüb. Sökülmüş dam örtükləri vaxtında yeniləri ilə əvəz olunmadığına görə, aprel-may aylarında yağan leysan yağışlar məktəblərin yuxarı mərtəbələrini tamamilə bərbad vəziyyətə salıb. Siniflərdəki stol-stul və mebellər, kompüterlər, dərs vəsaitləri yağış sularının altında qalıb. Mayın sonlarında dam örtükləri düzəldilsə də, keyfiyyətsiz olduğundan əvvəlki qəzalı dam örtüyündən fərqlənməyib.

Söhbət Şahağacı kəndindəki 1 saylı, Pensər kəndindəki 2 saylı, Astaradakı 3 saylı, Şiyəkəran kəndindəki 2 saylı məktəblərdən gedir.
“Rinə və Deqədi kənd məktəblərinin də dam örtükləri sökülmüşdü. Məktəblərin təmirə ehtiyacı yox idi, məsələn, Rinə kəndindəki məktəb yeni tikilmiş məktələrdən idi”, – şikayətçilər deyib..
Şiyəkəran kənd sakinləri isə deyir, kənddəki məktəbdə yarımçıq qalmış təmirlə bağlı heç bir iş görülmür:

“Səkkiz məktəbin dam örtüyünü eyni vaxtda sökdülər. Bizim məktəb də içərisində. Sonra da gözlədilər ki, material verilsin. Bir aydan sonra tələsik örtməyə başladılar. Söküntü ilə yeni örtüyün vurulması bir ay çəkdi və sinif otaqları yağış altında qaldı. Nəticədə keyfiyyətsiz iş qoydular ortaya. İndi yağış yağanda sinif otaqları suya qərq olur. Partalar, digər mebellər, dərs ləvazimatları, elektronika vasitələri, divarlardakı elektrik xətləri sıradan çıxıb. İdman zalının üstü isə hələ də açıq qalıb”.
Şikayətçilərin sözlərinə görə, məktəbin dam örtüyünün təmirinə ümumiyyətlə ehtiyac olmayıb:

“Kəndimizdəki məktəbin dam örtüyü “nejavika” materialından və metal konstruksiyalı, möhkəm idi. Sökülməmişdən əvvəl Yanğından Mühafizə İdarəsinin göstərişi ilə dam örtüyü içəri tərəfdən bütövlükdə taxta və şiferlərlə birlikdə əhənglənmişdi. Dəyişdirilməsinə ehtiyac yox idi. Dağıdıb tökdülər, xeyli də fəhlə gətirib işlətdilər, minlərlə manat pul sildilər. Nəticədə möhkəm dam örtüyü keyfiyyətsizi ilə əvəz olundu. Eləcə də digər məktəblərin dam örtüyünün dəyişdirilməsinə ehtiyac yox idi. Məktəblərin bəziləri yeni tikilib, bəzilərinin dam örtükləri yeni dəyişdirilmişdi”.
Astara Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsiylə əlaqə saxlamağı məsləhət görüblər. Elxan Nəcəfovla əlaqə saxlanılmağa çalışılsa da, o, zənglərə və “Whatsapp” üzərindən yazılan ismarıclara cavab verməyib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da eyni cür davranıb. Zənglərə, xəttə olduğu halda “Whatsapp” üzərindən yazılanı ismarıclara cavab verməyib.





 

XalqXeber.Az

0.25515508651733