Naxçıvanda MAXE-lərdən KİM PUL ALIR? - Həm də necə...

14:58 19-09-2022 234

Naxçıvanda MAXE-lərin (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu) işə qəbulu üçün beş min manat rüşvət tələb olunduğu bildirilir.

 Xalqxeber.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a bir qrup hərbçi məlumat verib.

Onlar deyir ki, bu sahə general-polkovnik Kərəm Mustafayevin nəzarətindədir və alınan rüşvət birbaşa ona çatdırılır. Kərəm Mustafayev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, eyni zamanda müdafiə naziri Zakir Həsənovun müavinidir.

MAXE-lər bildirir ki, hərbi hissədə yer və yaxud vəzifə dəyişməyin qiyməti isə müvafiq olaraq fərqlənir. N saylı hərbi hissədə qulluq edən S. A. deyir ki, onlardan əlavə rüşvət ala bilmək üçün müxtəlif üsullardan istifadə edirlər:

"Ötən il kreditə girib, beş min manat rüşvət verib, MAXE düzəlmişəm. Neçə ildi işsiz idim, düşündüm ki, eybi yox, bir dəfə borca girim, ömürlük işim olar. Bir il keçməmiş məni göndərdilər uzaq bir rayona. Ailəli adamam, hər gün səhər 5-də durub evdən çıxıram, bir də gecə qayıdıram. Vaxtım yollarda keçir, maaşımın yarısı taksilərə, yarısı da kreditə gedir. Tək mən deyiləm, yerdəyişməni qəsdən edirlər ki, əlavə gəlir mənbəyi yaransın. Şərurlunu Culfaya, culfalını Şahbuza və.s göndərirlər. Kərəm Mustafayevin hər bir hərbi hissədə öz adamları var. Yerdəyişmədən sonra yaxınlaşır ki, 3 min manat versən öz yerinə qaytararıq. Çoxları ailədən ayrı qalmasın deyə, razılaşır. Onlardan biri mənə təklif etdi ki, məbləği versəm, əvvəlki yerimə qaytara bilər. Yoxsa, ömürlük burada çürüyəcəm. İndi əlavə borc axtarıram ki, öz rayonuma, ailəmin yanına qaytarsınlar".

Adının çəkilməsini istəməyən digər MAXE bildirir ki, kəşfiyyat bölüyünə dəyişilmək üçün ondan 2500 manat rüşvət alıblar:

"Mən özüm kəşfiyyata həvəsliyəm. Vətəni daha yaxşı qorumaq üçün kəşfiyyatçı kimi xeyir verəcəyimi düşündüm. Müraciət etdim, rüşvət istədilər. Nə var ki, bu bölümdə aylıq maaş biraz artıqdı. Borc alıb, rüşvəti verdim. Çünki kəşfiyyatçı olmaq mənim arzum idi. İkinci Qarabağ müharibəsində iştirak etmişəm, ölümə getmişəm, kəşfiyyatçı kimi mühüm işlər görmüşəm. Bunlar ölümə göndərmək üçün də adamdan rüşvət alırlar".

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən hərbçilərin iddiaları ilə bağlı suallara cavab vermək istəmədilər.

 XalqXeber.Az

0.23984408378601