Naxçıvanda daha bir bahalaşma bumu... - NARAZILIQ!

15:58 22-09-2022 288

Naxçıvan şəhərində taksi xidmətinin qiyməti məsafədən asılı olaraq 2-3 manatdan 4-5 manata qalxıb. 

 


Xalqxeber.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Naxçıvan şəhər sakini Murtuz Məmmədov deyir ki, hər gün 2 manata getdiyi yol üçün, bu dəfə taksi sürücüsü 4 manat istəyib:

“ Çalışdığım Cahan Ticarət Mərkəzindən avtovağzala həmişə taksi ilə 2 manata gedirəm. Bu dəfə isə sürücü etiraz edib dedi ki, artıq qiymətlər qalxıb, 4 manat verməliyəm. Mən də məcbur qalıb, verdim. Bu qiymət sərf eləmir deyə, indi piyada gedib-gəlirəm”.
Naxçıvan kiçik şəhər olduğundan, taksilər məsafədən asılı olmayaraq, standart qiymətə aparır: İstər 500 metr, istər 2 km. İndiyə kimi bu qiymət 2 manat, nibətən uzaq Əliabad qəsəbəsi və Mikrorayonlara gediş isə üç manat olub. Sakinlər deyir ki, hazırda şəhər mərkəzində qiymətlər 3-4 manata qalxıb. Mikrorayonlara və Əliabad qəsəbəsinə isə gedəcəyin yerdən asılı olaraq 4-5 manat, bir çox hallarda 6 manat belə istəyirlər.
Şikayətçilər deyir ki, rayonlararası işləyən taksilər də qiyməti qaldırıblar. Şərur rayon sakini Maqsud İsayev deyir ki, əvvəl adambaşı 3 manata getdikləri yola indi 5 manat verməlidirlər:
“Bir neçə gün əvvəl Şərur-Naxçıvan-Şərur istiqamətində taksilər bir nəfəri mənzil başına 3 manata aparırdılar. İndi isə 5 manat istəyirlər”.
Taksi sürücüləri isə qiymətləri məcburi qaldırdıqlarını deyirlər. Uzun illər bu işlə məşğul olan Toğrul Rüstəmov bildirir ki, buna səbəb yanacağın, ərzağın qiymətlərinin qalxmasıdır:
“Biz də cəmiyyətin bir parçasıyıq. Yanacağın, kommunal xidmətlərin qiymətləri artıb. Ərzağın qiymətləri durmadan artır. Hər ay vergi və sosial müdafiəyə də pul ödəyirik. Arada yol polislərinin də qanunsuz cərimələri ilə üzləşirik. Nəqliyyat nazirliyinin əməkdaşlarına da görüm-baxım eləməliyik. Bu səbəbdən qiymətləri qaldırmaq məcburiyyətindəyik. Axı, biz də ailə-uşağımızı dolandırmalıyıq".

 

 

0.22764801979065