Gərək, Elm Və Təhsil Nazirliyi rəhbərliyinin övladları bu MƏKTƏBDƏ OXUSUN... - Bəlkə ondan sonra tərpənələr...

16:16 22-09-2022 198

Bu məktəb ziyalı yeri deyil. Ziya sözü işıq deməkdir. Uşaq gəlib işıqlı yerdə, yaxşı mühitdə təhsil almalıdır. Gördüyünüz kimi burada o şərait yoxdur.

 


Bu sözləri Aranlı kəndinin sakinlərindən biri deyir.

İmişli rayon Aranlı kəndinin Yusif Sadatxanov adına 1 saylı orta məktəbi qəzalı vəziyyətdədir.

Məktəb istifadə müddətini çoxdan başa vurub. Pəncərələri sınıq-salxaqdır, divarları uçub-tökülür, döşəmə və tavan çöküb. 1972-ci ildən fəaliiyyət göstərən məktəbin hazırkı vəziyyəti tədris üçün yararlı deyil.

Məktəbdə iki növbəli tədris sistemində 420 şagird təhsil alır.

Aranlı sakinləri deyirlər ki, “Övladlarımız qəzalı vəziyyətdə olan bu məktəb binasında elmin sirlərini öyrənməyə çalışırlar. Məktəbin tavanı uçmaq təhlükəsi ilə üz-üzədir. Qışda yağış-qar suları birbaşa sinif otaqlarına axır. Bu da şagirdlərin təhsil almasına, dərsə davamiyyətinə təsir edir. Odur ki, aidiyyatı qurumların ya məktəbi təmir etməsini, ya da yenidən tikilməsi üçün hərəkətə keçməsini istəyirik”.

Kənd sakini Tofiq Kərimov: “Bu məktəb 1972-ci ildə tikilib. 1980-ci ilə qədər məktəbdə fasilələrlə təmir işləri aparılıb. O vaxtdan sonra məktəbə baxan olmayıb. İndi məktəb bərbad haldadır. Döşəməsi çöküb, pəncərələri sınıqdır. İş o yerə çatıb ki, yağış yağanda sinif otağında gölməçələr yaranır. Şagirdlər oturmağa yer tapmırlar. Tədris ili başlayıb. Uşaqlarımız bu il də təmirsiz məktəbdə oxuyacaqlar. Xahiş edirik məktəbimizin köməyinə çatasınız”.

Kənd sakini Məhəmməd Xammədov: “Məktəblə bağlı giley-güzarımız var. Uşaqlarımız məktəbə gedib oxuya bilmirlər. Əslində müəllimlərdən narazı deyilik, yaxşı dərs keçirlər, siniflər bərbaddır. Özünüz görürsünüz, şüşələr yox, döşəmə yox. Qapılar pis vəziyyətdədir, sinif otaqlarından üfunət iyi gəlir. 5 yaşında uşaq burda xəstəlik tuta bilər. Vəzifəli şəxslərdən məktəbin təmirinə kömək etmələrini xahiş edirik. Uşaqlarımız gələcəyin əsgərləridir. Bu şəraitdə təhsil alan oğul vətəni qorumağa gedəcək”.

Kənd sakini Mədət İmanov: “Məktəb 1972-ci ildən fəaliyyət göstərir. Mən özüm 2-ci sinifə bu məktəbdə başlamışam. Məktəbin görüntüsünə şahid oldunuz, bərbad vəziyyətdədir. Bu məktəb ziyalı yeri deyil. Ziya sözü işıq deməkdir. Uşaq gəlib işıqlı yerdə, yaxşı mühitdə təhsil almalıdır. Gördüyünüz kimi burada o şərait yoxdur. Aidiyyatı qurumlardan kəndimiz üçün yeni məktəb tikilməsini xahiş edirik”.

Məktəbin direktoru Anar Ələkbərov da məsələyə münasibət bildirdi. Məktəbin qəzalı vəziyyətdə olması barədə aidiyyatı qurumlara məlumat verildiyini, yaxın zamanlarda yeni məktəb binasının tikintisinə start veriləcəyini bildirdi.

Anar Ələkbərov: Məktəbin vəziyyəti ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Məktəbin yeni binasının tikintisi 2022-2023-cü ilin fəaliyyət planına salınıb. Regional Təhsil İdarəsinin əməkdaşları məsələyə yerində baxış keçirdilər, 2023-cü ildə yeni məktəb binasının tikiləcəyi barədə söz verdilər. Hələ ki, tədrisimizə köhnə binada davam edəcəyik. Heç bir təmir işləri aparılmayıb. Məktəbdə hazırda 420 şagird təhsil alır.

Biz də öz növbəmizdə Aranlı kənd məktəbinin gələcək taleyi ilə bağlı məlumat almaq üçün Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə üz tutduq. Bizi qurumdan Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov qarşıladı. Bildirdi ki, Aranlı kəndinin qəzalı məktəbinin yenisi ilə əvəz olunması növbəti ilin tədbirlər planına daxıl olunub.

Rəsmi qurumun sözcüsü: 2019-2023-cü illər üçün regionların iqtisadi inkişafı üzrə dövlət proqramında həmin məktəbin tikintisi nəzərdə tutulub. Buna müvafiq olaraq 2023-cü ildə İmişli rayon təhsil sektoru üzrə Aranlı kənd 1 saylı tam orta məktəbin 528 yerlik binasının tikintisi nəzərdə tutulmuşdur. Şagirdlərimizin müasir tipli məktəbdə təhsil almaları üçün hər çür şərait yaradılacaq. Əlavə olaraq qeyd edim ki, yeni tədris ilində yeni məktəbin tikintisinə qədər məktəbdə olan qəzalı vəziyyəti nəzərə alaraq carı təmir nəzərdə tutulub. Şagirdlərin normal şəraitdə təhsil almaları üçün müəyyən şərait yaradılacaq.

Görünüşə görə Aranlı məktəbliləri növbəti tədris ilini də qəzalı məktəbdə oxumalı olacaqlar. Verilən vədlərə əməl olunacaq, ya yox, bunu da gələcək göstərəcək.

Məsələni diqqətdə saxlamağı özümüzə borc bilirik.

Belediyye.net






 

XalqXeber.Az

0.22146916389465