Ramiz Rzayev və Mahmud Nəbiyevdə yola salınır? - İDDİA

21:46 07-05-2021 675

Son dövrlər korrupsiya və rüşvətxorluqla mübarizə çərçivəsində icra hakimiyyəti strukturlarında aparılan əməliyyatlar cəmiyyətdə maraqla izlənilir.

Dövlətin az qala prioriteinə çevrilən antikorruspiya tədbirlərinin ölkənin məhkəmə-hüquq sisteminə çatacağını isə insanlar səbirsizliklə gözləyir.

Bu arada Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, yaxın zamanlarda Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev və rüşvət hallarına görə məhkəmə orqanlarında adı birinci olan Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev də öz vəzifələri ilə vidalaşacaqlar.

Məlumata görə, hər iki şəxsin yola salınması  onların qanunla müəyyən olunmuş  yaş həddinə çatması ilə əlaqələndiriləcək.

Sirr deyil ki, Azərbaycanın məhkəmə-hüquq sisteminin mövcud durumu ictimaiyyətlə yanaşı,  beynəlxalq təşkilatları da narahat edir. Azərbaycan Prezidentinə edilən çağrışlarda bu sahədə vəziyyət xüsusi qabardılır.

Azərbaycan Prezidentinin 03 aprel 2019-cu il tarixində “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi”  haqqında fərmanından sonra bu sahədə vəziyyətin dəyişəcəyinə inam yaranmışdı.

Ancaq həmin dövrdə kampaniya xarakterli tədbirlər təşkil olunsa da nəticə dəyişmədi.

Hətta həmin zaman iqtidaryönümlü medianı başına toplayan Ali Məhkəmə sədri Ramiz Rzayev qanunsuz, ədalətsiz məhkəmə qərarlarına görə yerli hakimləri ittiham etdi.

Ancaq bu tədbirə qatılan jurnalistlərdən birinin cəsarəti çatmadı ki, Ali Məhkəmə sədrinə “ölkənin məhkəmə hakimiyyətinin rüsvayçı hala düşməsində sizin məsuliyyət payınız nə qədərdir” sualını versin.

Heç kəsə sirr deyil ki, Azərbaycanın məhkəmə sisteminin məhv olunmasında bu adamın məsuliyyət payı böyükdür. Onun Eldar Mahmudovdan, Zakir Qaralovdan daha çox məsuliyət payı var. Çünki, Konstitusiya ilə məhkəmələr azaddır və hakimiyyətin ayrıca qoludur.

Kim bilir ki, Ramiz Rzayevin miskin duruma düşməsində bəlkə də Eldar Mahmudovun şantaj siyasətinin rolu olub.

Eyni fikirləri Mahmud Nəbiyev haqqında da demək mümkündür. Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlərin rüşvətlə verilməsinə dair faktları sadalamaqla qutarmaq olmaz.

Əgər bu iki şəxs yola salınacaqsa və onların yerinə rüşvətdən uzaq adam gətiriləcəksə bundan cəmiyyət və dövlət qazanmış olacaq.

Ramiz Rzayev və Mahmud Nəbiyev kimi adamların fəaliyyətinin nəticəsidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi az qala hər həftə  dövlətimizi cərimələyir.

Gununsesi.info saytının Baş redaktor Pərviz Həşimli