Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi

22:10 07-05-2021 585

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. “Report”un xəbərinə görə, ASC əmr icraatı üzrə müqavilə tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İş hakim Leyla Əliyevanın icraatına verilib.

“Azərkosmos” ASC Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyinə çevrilib.

Qeyd edək ki, “Kaspi Global” MMC 2011-ci ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun oğlu Şamxal Həsənlidir.

Xatırladaq ki, mediada yayılan məlumata görə, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli ABŞ-a köçüb. Məlumatlarda bildirilirdi ki, Şamxal Həsənli ABŞ-da daşınmaz əmlak biznesinə başlayıb.

O, artıq Azərbaycandakı biznes müəssisələrini də satışa qoyub və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır. Əvəzində isə Şamxal Həsənli ABŞ-da yaşayan FETÖ-çu dostlarının köməyi ilə yeni biznes qurur.

Qeyd edək ki, Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailəsi otel, turizm, qida, təhsil, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır. Bir neçə il əvvəl Əli Həsənov “BBC”nin müvafiq sualına “ailəmin malik olduğu adıçəkilən şirkətlərlə fəxr edirəm”, – deyə cavab vermişdi.