Fətullah Gülənin kadrı olduğu deyilən Qorxmaz Hüseynovu hansı cəza gözləyir? - İDDİA

22:13 07-05-2021 576

“Azərsu” ASC-nin rəhbəri ilə bağlı çoxdan gözlənilən baş verdi. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Qorxmaz Hüseynov tutduğu vəzifədən azad edildi.

Son bir neçə ildə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun yarıtmaz fəaliyyəti, yüz milyonlarla vəsaiti təyinatı üzrə xərcləməməsi, qardaş Türkiyənin başbəlasına çevrilən FETÖ ilə sıx əməkdaşlığı barədə müxtəlif KİV-də və saytlarda çoxsaylı yazılar verilib.

Yayılan məlumatlardan belə məlum olub ki, 2011-ci ilin fevral ayında Qorxmaz Hüseynov “Azərsu” ASC-yə sədr təyin olunduqdan sonra “Azərsu”ya türk iş adamlarının axını başlayıb.

“Azərsu”nun iqtisadi durumu və büdcəsi təhlil olunduqdan sonra Gülən şəbəkəsinin “Azərsu” nümayəndəliyi yaranmışdır. Belə ki, həmin nümayəndəliyə FETÖ tərəfindən, Q.Hüseynovun baş müşaviri təyin olunan Tofiq Coşku rəhbərlik etmiş və “Azərsu”ya FETÖ-nün kadrları yerləşdirilməyə başlanmışdır.

FETÖ-çülərın bu qurumdakı sayı 150 nəfərə çatmış və bunun nəticəsi olaraq, “Azərsu”da uzun illər çalışmış, Ulu Öndər Heydər Əliyevin çağırışı ilə dövlətə və dövlətçiliyə sadiq olmuş, Qərbi Azərbaycandan olan YAP-ın sadiq üzvləri heç bir səbəb olmadan qurumdan azad edilmişdir. Onların vəzifələri çox yüksək əmək haqqı verilməklə, Türkiyədən gələn Fetoçu mütəxəssislərə rəva bilinmişdir.

Bütün bunlar azmış kimi, “Azərsu”da büdcə müəyyənləşməsindən sonra FETÖ-çu şirkətə dəvət olunmuş və bir sıra iri layihələr həmin şirkətlərə həvalə edilmişdir. Həmin şirkətlərin ən böyüyü “Lotos” şirkətidir.

Bu şirkətin prezidenti Ənvər bəy ölkəmizə dəvət olunmuş, onunla iş bölgüsü aparılmış, paylar müəyyən edilmiş, iri həcmli tender müqavilələri bağlanmış, “Lotos” şirkəti “Hidro Lotos” adlandırılaraq birgə müəssisəyə çevrilmiş və ortaqlar müəyyən olunmuşdur.

Həmin ortaqlardan biri də Qoxmaz Hüseynovun qaynı Natiq bəydir. “Lotos” şirkətinin nəzdində bir neçə müəssisə yaradılmış və ən böyük layihə, yəni Ceyranbatan təmizləyici qurğu ilə bağlı işlər bu müəssisələrə tapşırılmışdır.

İlkin smeta dəyəri 180 milyon manat olsa da, sonradan bu məbləğ artırılaraq 250 milyon manata çatdırılmışdır. Əslində isə o qurğuya cəmi 80 milyon manat pul xərclənmişdir. Qalan çirkli pullar Türkiyə şirkəti olan “Hidro Lotos”a göndərilib, orada yuyulub, FETÖ-ya ötürülmüşdür.

Bu gün FETÖ-nun Azərbaycanda təkcə bağ evi yox, həmçinin Qorxmaz Hüseynov tərəfindən verilmiş bir çox iri müəssisələri – “Tosoil” yanacaqdoldurma məntəqəsi, heyvandarlıq fermaları və s. vardır.

Bundan əlavə, Türkiyədə də bir sıra iri obyektlər “Azərsu” şefi tərəfindən FETÖ-ya hədiyyə olunmuşdur. Hətta, Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynov tərəfindən şərti adı T.C.F.Q. olan, dəyəri 25 milyona yaxın Kater də hədiyyə olunmuşdur.

Onu da qeyd edək ki, Qorxmaz Hüseynov Türkiyəyə dəvət olunan zaman Fetonun tapşırığı ilə “Lotos” şirkətinin prezidenti Ənvər bəy öz təyyarəsi ilə Bakıya gəlib, Qorxmaz Hüseynovu və ona yaxın digər bir qrup şəxsi özü ilə Türkiyəyə aparıb. Orada görüləcək işlərin proqramı geniş şəkildə müzakirə edilib.

Hətta, Qorxmaz Hüseynovun oğlu Araz Hüseynov heç bir imtahan vermədən FETÖ-nun universitetində təhsil almağa başlamışdır.

Eyni zamanda, “Azərsu”da rəhbər vəzifədə işləyən bir çox məmurların övladları da FETÖ-nun universitetlərində təhsillərini davam etdirmişdir. Təhsil ilə bağlı ödənişlər heç bir əsas olmadan “Azərsu” tərəfindən həyata keçirilmişdir.

Türkiyədə Ərdoğanın prezident seçilməsindən sonra Azərbaycanda olan Fetoçuların siyahısı Azərbaycan hakimiyyətinə təqdim olunmuş və həmin vaxt “Azərsu”dakı FETÖ-çu Tefik Coşku H.Əliyev adına hava limanında saxlanılaraq, Türkiyəyə deportasiya olunmuşdur.

P.S. Növbəti yazımızda “Azərsu” keçmiş prezidentinin iqtisadi məsələlər üzrə keçmiş müavini Mahir Məmmədov, digər müavinlər İlqar Tağıyev, Köçəri Həsənov və başqalarının iştirakı ilə bağ evində keçirilən toplantı barədə söhbət açılacaq. Qeyd edək ki, toplantı Köçəri Həsənova məxsus bağ evində keçirilib.

Qeyd: Qarşı tərəf kimi adları çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.


Mənbə arazxeber.az