Cahangir Əsgərovun sifarişilə həbs olunduğu deyilən “İdeal”ın keçmiş sahibinin məhkəməsi başlayır

22:15 07-05-2021 801

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə itidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağrı Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun icraatına verilib.

Onu da qeyd edək ki, bir müddət öncə İlqar İsmayılovun anası Solmaz İsmayılova İlqar İsmayılovun günahsız olduğunu bildirib. Həbsdə olan işadamının anası Solmaz İsmayılova, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayaraq, ölkə rəhbərliyindən bu işi nəzarətə götürmələrini xahiş edib:

“Sizə ürək yanğısı ilə müraciət edən və imdad diləyən bir Azərbaycan qadını, azğınlaşmış məmurlar tərəfindən oğlu parçalanaraq məhv edilən anayam. Siz son ümid yerimsiniz. Oğlum öz haqqını tələb etdiyinə görə susdurulmaq üçün həbs edilib. Oğlum İlqar İsmayılov “İdeal Kompany” şirkətini 1999-cu ildə öz vəsaiti hesabına yaradıb. Bu şirkətin əmtəə nişanı tanınandan sonra - 2011-ci ildə “AZAL” QSC-nin direktoru, kifayət qədər nüfuza və gücə malik olan Cahangir Əsgərov oğlumdan onunla şərik işləməyi tələb edib.

Oğlum təklifi qəbul edib, rəsmi 55, faktiki isə 50 faiz hissə pay Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adına keçirilib. Zərifə Həmzəyevanın tam mülkiyyətində olan, əvvəl “Bank SilkWay”, hazırda isə “Premium Bank” adlanan bank tərəfindən oğlumun adına kreditlər verilib ki, “İdeal” mağazalar şəbəkəsini genişləndirmək üçün istifadə etsin.

Lakin kreditin müddəti bitmədən geri tələb edilir, bununla da oğlum çıxılmaz vəziyyətə salınırdı. Şirkət inkişaf etdikcə, onun həmtəsisçisi daha çox pay, ən əsası isə oğlumun mülkiyyətində olan “İdeal” əmtəə nişanını tələb edirdi. Bu şirkət oğluma övladı qədər əzizdir, onun bütün həyatıdır, varlığıdır. Biz qohumlar, rəhmətlik atası ona deyirdik ki, “sən nəhənglərlə bacara bilməzsən, bu inadı yerə qoy, nə istəyirlərsə, ver”. Lakin oğlum bütün həyatını sərf etdiyi onun üçün mənəvi dəyəri daha yüksək olan şirkəti tam vermək istəmədi”.

Solmaz İsmayılovanın sözlərinə görə, oğlu şirkətdə qalan payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs olunub. O, “İdeal”dan mənimsəmədə ittiham edilib. Həmçinin onun adına “Premium Bank”dan 5 milyon dollarlıq kredit götürməsi məsələsi ortaya çıxıb. İlqar İsmayılov isə bu ittihamların əsassız olduğunu, kredit müqaviləsindəki imzanın da ona məxsus olmadığını, imzasının saxtalaşdırıldığını bildirib:

“Oğlum 3 ay 10 gün həbsdə qaldı. Sonra isə yanına notariusla birlikdə “elçilər” getdi. Şirkətdəki payından tam və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalatdırdılar. Elə həmin gün - 2017-ci il sentyabrın 15-də həbsdən azad edib tapşırdılar ki, “get və sus, yoxsa yenə həbsə qayıdarsan”. Barəsindəki cinayət işinə xitam verildi.

Oğlum 3 il susdu, artıq susa bilmədi, bizi də dinləmədi. Bir gün mənə vəsiyyət edib, əlindən alınmış haqqını tələb etmək üçün yola çıxdı. Onun imzasını saxtalaşdırmaqla edilənləri, məruz qaldığı hədə və təzyiqləri dövlət orqanlarının nəzərinə çatdırdı, məhkəmlərdə çoxsaylı iddialar qaldırdı. Məhkəmələr ona deyirdi ki, iddia qaldırmaq üçün müddəti ötürmüsən. Oğlum deyirdi ki, “mən hədə-qorxu altındayam, ona görə də iddia qaldıra bimirdim, hələ hədələr davam edir, mən haqqımı tələb edən kimi həbs olunacağımla hədələnirəm”.

Buna heç kəs inanmırdı. Bu gün hədə reallaşdı. Oğlumu çox absurd ittihamla yenə həbs etdilər. Yenə deyirlər ki, ki, guya 2013-2014-cü idə özünə məxsus, dövriyyəsi və gəliri milyonlarla ölçülən şirkətin 600 min manat vəsaitini mənimsəyib. Bu ittihamla 1 saat içində bütün prosedurları formal icra edərək, həbs elədilər. Hətta oğlum məhkəməyə aparılanda 5 vərəqdən ibarət həbs qərarı da hazır imiş. Əks halda, hakim bu 5 vərəqli qərarı 10 dəqiqə müşavirədə necə yaza bilərdi ki, çıxıb elan edən kimi oğluma verə bilməzdi. Məhkəmə qərarı axşam saat 9-dan sonra verilib”.

Həyat yoldaşını bir müddət əvvəl itirdiyini vurğulayan Solmaz İsmayılova yazır ki, hazırda yeganə ümidi oğlunadır: “Lakin onu gözü ac, heç nədən qorxmayan, “mənəm qanun” deyən məmurlar əlimdən alır. Əminəm ki, mənim bu harayımı eşidəcək və oğlumun həbsi ilə bağlı məsələni nəzarətə götürəcəksiniz…”

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.