Unutmadım səni mən

22:33 16-05-2021 1278

 

Kim deyir ki, unutmuşam səni mən 
Əllərimmi, gözlərimmi unudub?
Gəlişinə həsrət qalan yollarda
Qaçaq düşən izlərimmi unudub?

 

Sevən qəlbi sevən qəlb olar duyan.
Gör nə deyir sinəmdəki sızlayan?
Hər sətrimdə adın ilə başlayan
Şerə dönən sözlərimmi unudub?

 

O mən idim kədərinə bürünən.
Ürək yanır,göz yaşıdır görünən.
Yollarında dizin-dizin sürünən
Yaralanmış dizlərimmi unudub?

Sən ki yoxsan,könül evim viranə
Yazıq qəlbim sənsiz dəli-divanə.
İndi kiçik bir küləyə bəhanə
Qor altdakı közlərimmi unudub?

Müəllif; Mələk Əliqızı