Təbibi biganeyi Xırdalani-Masazır

20:06 09-06-2021 630

Həkimlər humanist peşə sahibləridirmi?

 Millət, deyirlər ki, hökumət ölkədə səhiyyənin Oqtay Şirəliyevdən qalan xarabazarlığını təmizləmək üçün bütün xəstəxanaları biri-birinə "calaq"edəcək. Bu məlumata münasibət bildirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov da faktı təsdiqləyərək deyib:"Tibb mərkəzlərinin birləşdirilərək yenidən təşkil edilməsi, bir müəssisədə daha çox sayda tibbi xidmət göstərılməsini təmin etmək üçündür". Əla! Bəyənilsin! Eşq olsun!

 Mən sizə başqa bir məsələdən danışacam. Çünki, gördüyünüz kimi cənab V. Qurbanov da keyfiyyətli tibbi xidmətdən yox, tibbi xidmətin sayının artırılmasından danışır. Ona görə ki, həkimlər ölkədə İcbari Tibbi Sığortanın tətbiqindən sonra, maaşlarını keyfiyyətli xidmətə və sağalan xəstə hesabına yox, ay ərzində qəbul etdiyi xəstə sayına görə alacaq. Bu da o deməkdir ki, bu cür birləşdirmələr əhalinin tibbi xidmətə əlçatanlığını daha da çətinləşdirəcək. Bu gün istənilən bir tibb müəssisəsinə müraciət etsəniz, bunun əyani şahidi olacaqsınız

Son zamanlar daha çox səhiyyə sahəsindən yazmağım heç də təsadüfi deyil. Amma bu qərəz kimi də, yozulmamalıdır, çünki aşıq gördüyünü çağırdığı kimi, jurnalist də müşahidə etdiyini və şahidi olduqlarını qələmə alır. Onu da açıq etiraf edim ki, həkimlər arasında dostlarım olsa da, düşmənlərim yoxdur. Hər zaman bu peşə sahiblərinə gördükləri şərəfli işlərinə görə, böyük hörmət və ehtiramla yanaşmışam. Çünki sovet dönəmində bir çox xəstəliklərdən uzun müddət əziyyət çəkmişəm və hər zaman həkimlərdən diqqət və qayğı görmüşəm.

Son bir neçə ayda gördüklərim isə həkimlər haqqında olan bütün təsəvvür və düşüncələrimi alt-üst etdi. Görəsən, həkimlik həqiqətənmi humanast peşədir, yoxsa humanistliyin yalnız Azərbaycan həkimlərinə aidiyyəti yoxdur. İnsan sağlamlığının keşiyində durmalı olan bir insan da, bu qədər etinasız və biganə ola bilərmi? Sən demə, ola bilərmiş. Bir çoxlarımız bunu həkimlərin əmək haqqlarının aşağı olması ilə əlaqələndirməyə çalışırıq. Əslində, burada əmək haqqı həyati vacib bir maddi məsələ olsa belə, insani dəyərlər vəhşi nəfsin qurbanına çevrilməməlidir. Mən, vəhşi nəfs dedikdə həkimlərin pul naminə insan həyatına biganə münasibətini nəzərdə tuturam. Bir həkim ki, pulu olmayan xəstəyə baxmaqdan imtina edə, onun yaxınlarına qarşı təhqiredici ifadələrə və hərəkətlərə yol verə, demək ki, təkcə həkimlik peşəsinin müqəddəsliyini və humanistliyini yox, həm də bir insan kimi, özünün bütün insani keyfiyyətlərini itirmiş olur. Bu həkimin qadın olması isə daha dəhşətlidir. Ondan kömək, imdad diləyən xəstəyə biganəlik göstərən həkim, bir gün özü Allah qarşısında daha çarəsiz bir duruma düşəcəyini əsla yaddan çıxarmamalıdır.

Bu gün Azərbaycan dövləti insanların sağlamlığının qorunması üçün böyük işlər görür. Lakin yeni tikilən, ən müasir avadanlıqlarla təchiz olunan bu tibb müəssisələrində insanlara necə münasibət göstərilir, buna heç kim nəzarət etmir. Məhz bu səbəbdən də, həkimlərin insan həyatına laqeyidliyi, etinadsızlığı və biganəliyi də, dövlətin gördüyü xeyirxah işlərin üzərinə kölgə salır.

Bugünlərdə baş verən bir olayı diqqətinizə çatdırmaqla, səhiyyəmizin iç üzünü sizlərə göstərmək istəyirəm.

Hadisə vaqe olur məmləkətimizin paytaxtı Bakının (əyalət olsaydı, yenə də başa düşmək olardı) beş addımlığında yerləşən Xırdalan şəhəri və Masazır kəndində.

Artıq bir neçə aydır ki, ağır onkoloji xəstə olan qadın hərəkətsiz vəziyyətə düşür və öz müalicə həkiminə müraciət edir. Cavab-"bizlik deyil, qeydiyyatınız üzrə poliklinikaya müraciət edin". Xəstənin yaxınları indi dəbdə olan, əslində ailələrdən bixəbər ailə həkiminə (sovet vaxtında sahə həkimi deyirdilər) telefon açırlar. Ailə həkiminin məzuniyyətdə olduğunu bildirən xanım da, "Bizlik deyil, Təcili Tibbi Yardım çağırın" deyərək, işini bitmiş hesab edir. Yaxınları "Təcili Tibbi Yardım" çağırırlar, bu sözü ona görə dırnaqda yazdım ki, həmin təcili yardım xəstə yanına düz saatyarımdan sonra ( bu Apşeron rayonunda heç də təsadüfi hal deyil, artıq insanlar buna da öyrəşiblər ) təşrif buyurur. Gənc həkim xanım xəstəni ötəri müayinə edir, yaxınlarını dinləyir və "Bizlik deyil", deyərək bir telefon nömrəsi verir və əlaqə saxlamağı məsləhət görür. Ağır vəziyyətdə olan xəstəni isə hər hansı bir tibb müəssisəsinə çatdırmaqdan imtina edir ki, "biz bunu edə bilmərik, icazə vermirlər, (kim icazə vermir, niyə vermir??) biz ancaq "reanimasiyaya" ehtiyacı olan xəstələri tibb müəssisəsinə aparırıq"- deyir və evi tərk edir. Qohumlar həkim xanımın verdiyi mobil nömrəyə zəng edirlər. Həkim şəhərdən uzaqda olduğunu və xəstəyə yardım edə bilməyəcəyini dedikdən sonra, etinasız halda (bu, bəlkə də həkimlər üçün adi haldır, fəqət xəstə və xəstə yaxınları üçün əsl faciə) səhər gətirərsiniz poliklinikaya baxarıq deyərək, özünün həkimlik peşəsinə "sadiq"liyini nümayiş etdirir. Dövlət tibb müəssisələrindən heç bir yardım ala bilməyən xəstə yaxınları bir neçə özəl klinika ilə də əlaqə saxlayırlar, onlar da evdə xidmət üçün elə bir məbləğ istəyirlər ki, xəstə üçün əlçatmaz olur və səhəri gözləmək məcburiyyətində qalırlar.

Səhər tezdən xəstə yaxınları, bu yaxınlarda dövlət başçımız İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanımın təntənə ilə açılışını etdiyi Abşeron Mərkəzi Xəstəxanasına üz tuturlar. Dünən danışdıqları həkimi tapırlar, həkim isə vaxt azlığını bəhanə edərək evə getməkdən imtina edir: "Xəstəxananın qapısına qədər gətirin, çıxıb baxaram, belə vaxtım yoxdur, digər həkimlərə müraciət edin"- vəssalam, bu adam dünyanın ən humanist peşəsinin "sahibidir". Digər həkimlər də (qeyd edim ki, bu xəstəxanada 4 nevropotoloq var) vaxtı bəhanə gətirərək xəstə yanına getməkdən imtina edirlər. Sizdən soruşuram, bu insanlara həkim demək olarmı?

Bəyənmədiyimiz, "xalqlar həbsxanası" adlandırdığımız, dağıtmaq üçün özümüzü tanklar altına atdığımız sovet rejimi dönəmində belə şeylər əsla mümkün deyildi. Həmin həkimi o andaca, ən azından həkimlik peşəsindən birdəfəlik məhrum edərdilər. Hər hansı xroniki xəstəliyi olan insan poliklinikada qeydiyyata düşürdüsə, sahə həkimi (indiki dillə desək ailə həkimi) hər həftə xəstəyə baş çəkirdi. İndi insan on ildir həmin ərazidə yaşayır, ağır onkoloji xəstədir, nə o həkimini görüb, nə də, həkim onu.

Mənim üçün çox maraqlıdır, həkimlərə evlərə getməyi kim qadağan edib? Təcili Yardım nə üçün yerindən tərpənə bilməyən xəstəni tibb müəssisəsinə aparılmasına kömək etmir?

Təcili Tibbi Yardım, yardıma ehtiyacı olan xəstənin yanına nə üçün saatyarımdan, 2 saatdan sonra gəlir? Bunun bir səbəbi olmalıdır, ya yox? Elə xəstələr olur ki, onların yardıma ehtiyacı dəqiqələrlə ölçülür. Yardım isə o zaman gəlir ki, artıq xəstəyə Yasin oxuyurlar.

Dünyanın ən humanist peşəsi olan həkimlik Azərbaycanda nə üçün biznesə çevrilib? Özü də keyfiyyətli biznesə yox. Burada qazanan, yalnız bütün insani dəyərləri və vicdanını itirən həkimlərdir. Dövlətin, yəni xalqın pulu ilə tikilən bu tibb müəssisələri elə bil burada çalışan həkim olmayan, yalnız həkim adlanan şəxslərə icarəyə verilib ki, onlar öz ciblərini doldursunlar.

Mənim xəstəxananın baş həkimi ilə görüşmək cəhdim boşa çıxdı, heç olmasa poliklinika şöbəsinin mudiri ilə görüşmək istəsəm də "iclasdadır" dedilər, gözləməyə də səbrim çatmadı, müalicə müəssisəsi adlanana bu biganəlik və etinasızlıq məkanını tərk etdim.

 Mən, ümumiyyətlə insan sağlamlığının hərraca çıxarılmasının əleyhinə olmuşam. Yəni özəl tibb müəssisələrinin və klinikaların... Son olaydan sonra isə əmin oldum ki, bu məmləkətdə özəl sektor dövlətdən daha insaflı və daha güclüdür. Çox təəssüf!

Çünki Prezidentin və Birinci vitse-prezidentin tapşırıq və göstərişi ilə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikilən və ən müasir avadanlıqlarla təmin olunduğu deyilən bütün dövlət tibb müəssisələri insanları hansısa səbəbdən, "bizdə bu yoxdur", "bizdə o yoxdur" adı ilə özəl klinikalara yollayırlar. Bunun səbəbi nədir? Anlaya bimirəm. Belə çıxır ki, hansısa sahibkar lazım olan bütün ən müasir avadanlıqları ala bilir, Azərbaycan dövlətinin isə buna gücü çatmır.

Onu da yaddan çıxarmayın ki, ölkəmizdə fəaliyyət göstərən özəl klinikaların böyük əksəriyyəti biznesmen-oliqarx məmurlara məxsusdur. Bütün bu məsələlərə nəzarət etməli olan qurumlar da, nədənsə susurlar. Demək ki, susmağa məcburdurlar.

Əlqərəz, Təbibi biganeyi Xırdalani-Masazır. Allah hər birinizi belə həkimlərdən qorusun!

 P.S. Nə yaxşı ki, dünyada nə qədər pis, xəbis, naqis insanlar olsa da, yaxşılardan da xali deyil, Masazır qəsəbəsi, "Qurtuluş" yaşayış massivində fəaliyyət göstərən "Türk MED" klinikasında həyat qurtaran nervopotoloq Şahin həkim kimi. Nə yaxşı ki, Şahin həkim kimi insanlar var bu dünyada. Şahin həkimin xəstəyə münasibətini, onunla davranışını, söhbətini eşidəndə, bir daha əmin oldum ki, həqiqətən də, pul hər şey deyil, ona görə insan öz vicdanın hərraca qoymamalıdır. Allah Şahin həkim kimi insanları qorusun, yoxsa bu millət yazıqdır, vallah yazıqdır!

 Yusif Seyid