Bakı meriyası keçmiş məmurla 13 milyon manatlıq müqavilə İMZALADI

15:04 10-06-2021 180

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Valyuta.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Star Construction-12" QSC-dir.

Qalib şirkətə 13,471 milyon manat ödəniləcək

Xatırladaq ki, bir qədər əvvəl Bakı meriyası paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri ilə bağlı elan etdiyi 16,56 milyon manatlıq digər tenderdə də "Star Construktion-12" QSC-ni qalib elan etmişdi.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Star Construktion-12” QSC 04 mart 2016-cı il tarixdə MMC kimi qeydiyyata alınıb. 2018-ci ildə isə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. QSC-nin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur.

Mirsahib Bayramov keçmiş məmurdur. O, əvvəllər Bakı Şəhər Təhsil İdarəsində təchizat şöbəsinin rəisi vəzifəsində işləyib. Hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarov Təhsil naziri olduğu dövrdə Mirsahib Bayramovu vəzifəsindən azad edib. Məlumatlara görə, buna səbəb keçmiş şöbə rəisinin yarıtmaz fəaliyyəti olub.

Mirsahib Bayramov vəzifəsini itirdikdən sonra “Star Construktion-12”QSC-yə rəhbərlik etməyə başlayıb.

Mənbə Valyuta.az