Komitə sədrinin nüfuzlu dediyi sayt 2 gün əvvəl yaradılıb – FOTOFAKT

15:06 10-06-2021 144

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında və qurumun “Facabook” sosial şəbəkəsindəki hesabında bu qurumun sədri Mübariz Qurbanlının yazdığı məqalənin ABŞ-ın xarici siyasət, təhlükəsizlik məsələləri və beynəlxalq münasibətlər istiqamətində fəaliyyət göstərən xəbər saytında - “The Washington Outsider”da (thewo.us) yayımlandığı barədə məlumat verilib.


Yeniavaz.com xəbər verir ki, haqqında bəhs olunan xəbər saytı cəmi 2 gün əvvəl yaradılıb. Eyni zamanda “thewo.us” saytının “Facebook” sosial şəbəkəsindəki hesabı da məqalənin yayımlandığı gündən 2 gün əvvəl açılıb.

Məlumat üçün bildirək ki, “thewo.us” saytı və “Facebook” sosial şəbəkəsindəki “The Washington Outsider” səhifəsi 6 iyun tarixində açılıb.

Son 2 gündə “thewo.us” saytına cəmi 4 xəbər yerləşdirilib və onlardan 2-si Azərbaycanla bağlıdır. Xəbərlərdən birinin müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, digəri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Fidan İsmayılzada olub.

“Facebook” sosial şəbəkəsindəki “The Washington Outsider” səhifəsini isə cəmi 72 nəfər “bəyənib”. Son 2 gündə səhifədə paylaşılan xəbərləri isə demək olar ki, heç kim bəyənməyib.

Qeyd edək ki, Mübariz Qurbanlının məqaləsi "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə Ermənistanın əsassız iddiaları" adı ("Armenia"s groundless allegations of committing "cultural crimes" in the liberated territories of Azerbaijan") ilə yayımlanıb.