Fuad Muradov gənclər və idman naziri olacaq? - İDDİA

15:08 10-06-2021 117

Mərhum Gənclər və İdman naziri Azad Rəhimovun vəfatından sonra boş qalmış nazir postuna kimin təyin olunacağı əsas müzakirə mövzusudur. Xüsusilə son günlərdə bu posta iddialı namizədlər arasında bir çox şəxsin adı hallanır.

Lakin istər şəxsi bacarıq, istərsə də nüfuz baxımından bu vəzifədə Azad Rəhimovun yerini doldura biləcək namizədlərin sayı elə də çox deyil. Bu ilk növbədə bu vəzifəyə təyin olunacaq şəxsdə hansı keyfiyyətlərin olması məsələsi ilə birbaşa bağlıdır.


Yeni nazir hansı kriteriyalara cavab verməlidir?


İlk öncə nəzərə alsaq ki, Azərbaycan üçün olduqca əhəmiyyətli olan bir sahəyə təcrübəsiz kadrın təyin olunacağı ağlabatan deyil. Buna görə də axtarılan namizədin gənclər sektorundan çıxmış olması və bu sahədə ciddi təcrübəyə malik olacağı ehtimalı çox böyükdür.

Digər tərəfdən son illərdə korrupsiya bataqlığının içərisində olan dövlət məmurlarının çoxluğu səbəbindən, nazir vəzifəsinə gətiriləcək şəxsin maddi imkanları onu vəzifəsindən sui-istifadəyə təhrik etməyəcək səviyyədə olmalıdır.

Yeni təyin olunacaq nazirin siyasi manevr qabiliyyətləri və ölkə siyasətindəki maraq qrupları ilə balansı münasibətləri olmalıdır. Təbii ki, həm yeni, həm də köhnə komanda ilə uğurlu münasibətlərin olması gələcək nazirin manevr imkanlarını artırır.

Nəhayət, yeni nazir kadr poetansialının yaradılması və inkişaf etdirilməsi istiqamətində ciddi təcrübəyə malik olmalıdır. Çünki gənclər və idman sektorunun inkişafı müxtəlif sahələrdə yeni və güvənilən kadr potensialının formalaşdırılmasını şərtləndirir.

Nə üçün məhz Fuad Muradov?


Sadaladığımız bu şərtlərə və nazir postuna iddialı namizdələrə nəzər saldıqda bu vəzifə üçün lazımi kriteriyalara uyğun seçimin Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov olduğunu deməyə əsas verir.

İlk olaraq qeyd edək ki, Fuad Muradov məhz gənclər sektorundan çıxması onu bu vəzifəyə iddialı olan digər şəxslər siyahısına daxil edir.

İkinci olaraq Fuad Muradovun hər hansı maddi sıxıntısı yoxdur. Belə ki, onun qayınatası İlham Məsiyev avtomobil oliqarxıdır. Onun paytaxtın Həsən Əliyev küçəsində Əli Həsənovla ortaq avtomobil salonu var idi. Əgər Fuad Muradov gənclər və idman naziri təyin olunarsa, digər nazirlər kimi rüşvət almayacağı, korrupsiya bataqlığından uzaq duracağı ehtimalı çox az da olsa, rəqiblərindən daha yüksəkdir.

O, Diaspora Komitəsində işlədiyi qısa müddət ərzində varidatından Azərbaycanı dünyaya tanıtmaq üçün gördüyü tədbirlərdə istifadə etməkdən çəkinməyib. Bu tədbirlərə Fuad Muradovun öz vəsaiti hesabına “Azərbaycan mərkəzləri” açmasını misal göstərmək olar. Maddi vəsaitindən reklam aləti kimi uğurla istifadə etməyi bacarması da Muradova sürətli karyera yüksəlişi imkanı verib.


Yaşlı və gənc nəsil arasında barışdırıcı fiqur

Fuad Muradovun adı hakimiyyətdəki yeni komanda ilə birgə hallansa da, əslində onun Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov və Administrasiyanın rəhbəri Ramiz Mehdiyevlə, o cümlədən keçmiş nazir Əbülfəs Qarayev və keçmiş spiker Oqtay Əsədovla hər zaman qarşılıqlı hörmətə əsaslanan isti münasibətləri olub.

Qeyd edək ki, Fuad Muradov Ramiz Mehdiyevin vəzifədə olduğu müddətdə onu tənqid etmə səlahiyyətinə malik tək kadr idi. Həmçinin Fuad Muradovun sürətli karyera yüksəlişi Əbülfəs Qarayevin xeyir-duası və Əli Həsənovun aktiv dəstəyinin nəticəsidir. Bu cür ciddi əlaqələrədən maksimum yararlanmağı bacaran Fuad Muradovun əlinə düşən fürsətləri boşa verməməsi onu hal-hazırda tutduğu vəzifəyə gətirib.

Bundan əlavə, keçmişdə qalan kadrlarla münasibətləri ilə yüksələn Muradovun, onlarla birlikdə enməməsi vəziyyətə vaxtında adaptasiya etmə xüsusiyyətinin xəbərçisidir. Habelə Diaspora Komitəsində Nazim İbrahimovun içki aludəçisi olan kadrlarını öz prinsiplərinə uyğun kadrlarla əvəz etməsi həm gənclərlə işləmək, həm də keçmişdən uzaqlaşa bilmək bacarığının göstəricisidir.

Sadaladığımız xüsusiyyətlər Fuad Muradovu gələcək gənclər və idman naziri vəzifəsinə uyğun simaya çevirsə də, bizə yalnız son nəticəni gözləmək qalır.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə Azadsoz.com