3 illik borc QALMAQALI – Beynəlxalq Bank “Konkord İnşaat” şirkətinin pulunu ÖDƏMİR

13:58 17-06-2021 585

Beynəlxalq Bankın “Konkord İnşaat” MMC şirkətinə 90 min manat borcu yaranıb. Bu şikayətlə Bizim.Media-ya sözügedən şirkətin direktor müavini Fərid Balabəyov müraciət edib.

Şirkət rəsmisinin sözlərinə görə 2018-ci ildə Beynəlxalq Bankın bölgələrdəki filiallarının cari təmir işləri ilə əlaqədar qarşı tərəflə müqavilə bağlayıblar.

Təxminən 1 il yarıma qədər davam edən təmir tamamlansa da, Beynəlxalq Bank görülən iş müqabilində borcun bir hissəsini qarşılamaqdan yayınır. Sözügedən bank hissə-hissə şirkətə 70 min manat ödəyib. Qalan əlavə dəyər vergisiz 76 min manat borcu isə 3 ildir ki, ödənilmir.

Dəfələrlə “Konkord İnşaat” rəhbərliyi borcun qaytarılmasını tələb etmk üçün Beynəlxalq Banka rəsmi müraciətlər edib.

Amma nə iki qurum rəsmiləri arasında görüşlər fayda verib, nə də Beynəlxalq Bank məsələni yoluna qoya bilib. 

Qeyd edək ki, 2018-ci ildə tenderin qalibi olan “Konkord İnşaat” Beynəlxalq Bankla əlavə dəyər vergisi daxil 105 min manatlıq müqavilə bağlayıb. Şərtə görə əvvəlcə bankın Qazax, Şəmkir, Gəncə, daha sonra Göygol, Samux və Gədəbəy filiallarında cari təmir işlərinin görülməsi razlaşdırılıb.  

Təmir müddətində qurumlar arasında  maliyyə çatışmazlığı ilə bağlı administrativ problemlər yaşanıb. Beləliklə yaranan problem böyüyüb və 2020-ci ilin avqustundan bu günə qədər açıq qalıb.  


Məsələ ilə bağlı Beynəlxalq Bankla əlaqə yaratdıq. Bankın mətbuat katibi Yadigar Cəfərli problemi araşdırmaq üçün müvafiq şöbəyə yönləndirəcəyini bildirsə də, 4 gündür ki, cavab yoxdur. Dəfələrlə mövqe almağa çalışsaq da, bank rəsmisi sorğularımıza səssizlik nümayiş etdirib.

Sözügedən qalmaqalın detallarını növbəti yazılarımızda davam etdirəcəyik. Həmçinin borcun ödənilməsinə əngəl yaradanların kim olduğunu, onların Beynəlxalq Bankda hansı post tutduqlarını açıqlayacağıq. 

Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin...