Rejissordan rüşvət aldılar, TƏBİB hərəkətə keçdi - Nəticə

13:44 23-06-2021 540

TƏBİB, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi - istiqamətləndirdiyiniz tibb müəssisələri hər mənada iflic vəziyyətdədir. Yasamal rayonu 19 saylı şəhər poliklinikasının göndərişi ilə Sabunçu rayonundakı 3 saylı klinikaya gəlmişəm. İcbari kimi qeydə alsalar da, hər şey üçün cidd-cəhdlə pul ödənişi tələb olunur. Bütün analizlər ödənişlidir.

Bunu rejissor Kamal Yaşar Feysbuk səhifəsində yazıb.

Rejissor bildirib ki, laboratoriyalar bərbad vəziyyəydədir:

“Adi TSH və insulin analizləri o boyda dövlət xəstəxanasının laboratoriyasında yoxdur və ordan hamını özəl klinikalara istiqamətləndirirlər. Bu vəziyyətlərə nəzarət edin. Əks halda vətəndaş və dövlət qurumları arasında narazılıqların yaranmasına səbəb olursunuz!”

Rejissor bu statusundan sonra məsələ ilə bağlı TƏBİB və xəstəxananın baş həkiminin onunla əlaqə saxladığını bildirib:

“Əvvəlcə TƏBİB, daha sonra isə xəstəxananın baş həkimi zəng etdi, hazırda onunla görüşəcəm və problemləri bir-bir ona da bildirəcəm. Məsələ yalnız mən deyiləm, məsələ hamımızdır, cəmiyyətdir. Əslində adi, çox normal və olmalı olan bir məsələdir, adi prosedurdur bunlar. Cəmiyyətin aydınlığa qovuşması üçün hamımız can atmalıyıq. İşindən, statusundan sui-istifadə edən hər kəsə bu və ya digər formalarda xəbərdarlıq edilməlidir. Beləcə arzu etdiyimiz vətəndaş cəmiyyəti formalaşacaq. Aydın, savadlı və mənəviyyatlı cəmiyyət naminə!”.

TƏBİB-dən saytımıza verilən açıqlamada bildirildi ki, məsələ araşdırılır.

***

Rejissor sosial hesabında paylaşdığı şikayətdən sonra məsələ nəzarətə götürülüb.

Bu barədə K.Yaşar qeyd edib ki, Elnarə Baxış tərəfindən TƏBİB adından onunla əlaqə yaradılıb:

“Bundan sonra baş həkim məni otağına dəvət etdi, pul tələb edən labaratoriya işçilərinə töhmət verdi və mənim yanlışlıqla özəl klinikaya istiqamətləndirildiyim zaman çəkdiyim xərcləri də özümə geri qaytardı”.