Lukaşenkonun “köhnə dostu”, SOCAR-ın isə ortağı olan Qutseriyev kimdir? – DOSYE

16:32 23-06-2021 558

Avropa Birliyi 21 iyun tarixində Belarusa qarşı sanksiya tətbiq edib. Ümumilikdə 78 nəfər və 8 şirkət AB-nin yeni sanksiya siyahısına daxil edilib. Barəsində sanksiya qərarı verilən şəxslərdən biri rusiyalı milyarder Mixail Qutseriyev olub. AB-nin rəsmi qərarında Mixail Qutseriyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun “köhnə dostu" adlandırılıb.

                       Mixail Qutseriyev Aleksandr Lukaşenko ilə necə “dost” olub?
Qutseriyev və Lukaşenko arasındakı “dostluğun” tarixi 2000-ci ildən başlayır. Rusiya mətbuatından bildirilir ki, Mixail Qutseriyev 2000-ci ilin əvvəllərində Rusiya-Belarus birgə şirkəti olan “Slavneft”ə rəhbərlik etməyə başlayıb. Bu tarixdən sonra Qutseriyev “Slavneft”in rəhbəri kimi tez-tez Belarusa səfər etməyə başlayıb.
Qeyd edək ki, “Slavneft” 1994-cü ildə qurulub. Şirkətin səhimlərinin 74,95%-i Rusiyaya, 10,83%-i isə Belarusa məxsus olub. muşdur. "Slavneft" in paytaxtındakı Rusiya% 74.95, Belarusa - 10.83% sahibdi. “Slavneft”in Belarusdakı ən böyük layihələrindən biri Mozır Neft Emalı Zavodu (NEZ) hesab olunur. Bu NEZ-in 42,5% -inə “Slavneft”, 42,58%-nə isə Belarus Dövlət Əmlak Komitəsi nəzarət edir. Mixail Qutseriyev “Slavneft”ə rəhbərlik etdikdən sonra ilk işi Mozır NEZ-in modernləşdirilməsi olur. NEZ-in uğurla  modernləşdirilməsi Belarus prezidentinin diqqətini cəlb edir və Lulkaşenkonun Qutseriyevə olan inamı artır.
2002-ci ildə “Slavneft” başqa bir Rusiyalı milyarder Roman Abramoviç tərəfindən satın alınır.  Qutseriyev bundan sonra özünün “Russneft” şirkətini təsis edir və Bryansk vilayətində Belarus ilə sərhəd yaxınlığında yeni neft terminalı inşa edir. Daha sonra Mozır  NEZ-ə xammal çatdırmaq üçün “Belarusneft” şirkətilə ortaq bir müəssisə təsis edir.
2007-ci ildə Qutseriyev Rusiya prezidenti Vladimir Putinin qəzəbinə tuş gəlir. Ona vergidən yayınmaq ittihamı ilə cinayət işi açılır. Bundan sonra Qutseriyev "Russneft"i milyarder Oleq Deripaskaya sataraq Londona gedir. Qutseriyev 3 ilə yaxın müddətdə Londonda sürgün həyatı yaşayır.
Yeru gəlmişkən qeyd edək ki, Qutseriyev Londona getdikdən qısa müddət sonra 21 yaşlı oğlu Çingizxan Moskvada keçirdiyi avtomobil qəzasından sonra müəmmalı şəkldə ölür.
Deyilənə görə həmin vaxt Moskvaya gedə bilməyən Qutseriyev gizli şəkildə Bakıya gələrək oğlu ilə vida mərasimini burada təşkil edir.
Nəhayət, 2010-cu ildə Putin tərəfindən "əfv" olunan Qutseriyev yenidən Moskvaya qayıdaraq biznesinə davam edib. "Russneft"i Deripaskadan geri alır. Rusiyaya qayıtdıqdan bir il sonra Belarus Höküməti ilə investisiya müqaviləsi imzalayır. Müqaviləyə əsasən Qutseriyev Minskdən 150 km məsafədə, Lyuban şəhəri yaxınlığında kalium yatağının istismarına başlayır. Bu ərazidə zavodun tikintisinə 1,5 milyard dollar sərmayə yatırılır.  
Qutseriyev bundan sonra Belarusda dəyəri 100 milyonlarla dollar olan otel, iş mərkəzi, hava limanı terminalı inşa edir.  Qutseriyev eyni zamanda  Belarus prezidenti üçün 40 milyon dollar istirahət mərkəzi inşa edir. Belarusda həmin mərkəzə Lukaşenkonun “gizli iqamətgahı” deyilir.
Qutseriyev və Lukaşenko arasındakı əlaqələr təkcə iqtisadi sahələri əhatə etmir. Mətbuatın yazdığına görə 2020-ci ildə baş tutan president seçkilərinin nəticələrinə etiraz edən Belarusa dövlət televiziyasının işçiləri işdən qovulublar. Televizyanın fəaliyyətini davam etdirə  bilməsi üçün Qutseriyev şəxsi təyyarəsilə Rusiyadan bir qrup jurnalisti Belarusa gətirib.

                           Mixail Qutseriyev həm də SOCAR-ın ortağıdır…
Belarus prezidentinin “köhnə dostu”, AB-nin sanksiyasına mərzuz qalan Mixail Qutseriyevin Azərbaycanda da böyük biznes layihələri mövcuddur. Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın quruda yerləşən neft yataqlarının böyük əksəriyyətini Rusiyanın nəhəng neft şirkətlərindən biri olan və Mixail Qutseriyevə məxsus olan "RussNeft" şirkəti ilə birgə istismar edir. 
Hazırda quruda yerləşən neft yataqları üzrə 12 saziş imzalanıb. Bu sazişlərin bəziləri "RussNeft"ə bağlı olan şirkətlərlə - "UQE Lanser PTİ. LTD", AZEN, "Qlobal Energy Azərbaycan", "Neftçala İnvestments LTD" ilə bağlanıb. Bu şirkətlər hazırda Azərbaycanın quruda yerləşən ən böyük neft yataqlarında 75-85% paya sahibdirlər. Həmin quru neft yataqları arasında "Balaxanı-Sabunçu-Ramana", "Kürdəxanı", "Binəqədi", "Qırməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ", "Sianşor", "Kürovdağ", "Mişovdaq", "Kəlaməddin", "Neftçala", "Xıllı", "Dürovdağ-Babazanan" kimi fəaliyyətdə olan yataqlar yer almaqdadır.
İnquş əsilli milyarder Mixail Qutseriyevin sahib olduğu "RussNeft" şirkətinin rəsmi saytında qeyd olunur ki, şirkət ilk dəfə 2006-cı ildə SOCAR-la birgə "Zığ" və "Hövsan" yataqlarında neft hasilatına başlayıb. 

             Lukaşenkonun “köhnə dostu”, SOCAR-ın isə ortağı olan Qutseriyev kimdir?
Mixail Qutseriyev 9 mart 1958-ci ildə Səfərbəy Quçeriyev və Marem Axilqova cütlüyünün ailəsində dünyaya gəlib. Qutseriyev ailəsi 1944-cü ildə Stalin represiyası səbəbindən İnquşetiyadan Qazaxıstana sürgün olunublar. Qutseriyevin atası 1978-ci ildə, anası isə 1998-ci ildə vəfat edib. Qutseriyevə məxsus “Safmar” investisiya şirkətinin adı da onun ata və anasının adından götürülüb.
Onu da bildirək ki, Qutseriyeva məxsus "Safmar” şirkətinə uzun illər erməni əsilli Avet Mirakyan rəhbərlik edib.
Mixail Qutseriyevin babası Saad Qutseriyev çar Rusiyası zamanında Qərbi Gürcüstan və Suximinin pristavı olub. Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fəaliyyıt göstərən “Marriott SAAD-Otel” Qutseriyevə məxsusdur və babasının adını daşıyır.
İqtisad elmlər doktoru olan Mixail Qutseriyevin böyük qardaşı Xamzat Qutseriyev hüquq elmlər doktorudur. General-leytenant rütbəsi daşıyan Xamzat Qutseriyev 1999-2002-ci illərdə İnquçetiyanın daxili işlər naziri olub.  Mixail Qutseriyevin kiçik qardaşı Sait-Salam Qutseriyev də özü kimi iqtisad elmlər doktorudur. 1999-2007-ci illərdə Rusiya Dumasının deputatı olub.
Mixail Qutseriyevin özü də 1995-ci ildə Jirinovskinin Rusiya Liberal Demokrat Partiyasından (LDP) Dövlət Dumasına deputat seçilib. 1999-cu ildə Jirinovskinin partiyasından çıxıb və müstəqil namizəd kimi Dumaya seçilib. 2000-ci ildə “Slavneft”in prezidenti seçiləndən sonra mandatından imtina edib.(yeniavaz)
A. Cəfərov