Rüriklərdən Putinə kimi: tarixə həlləm-qəlləm baxış

18:45 14-07-2021 297

Kremlin rəsmi saytında Rusiya Prezidenti Vladimir Putinin “Rusların və ukraynalıların tarixi birliyi haqqında”  adlı psevdoanalitik-təbliğati məqaləsi dərc olunub. Məqalə rus və Ukrayna dillərində ( rus. “Ob istoriçeskom edinstve russkix i ukrainüev”/ ukr. “Pro іstoriçnu єdnіstğ rosіən ta ukraїnüіv”) təqdim edilir. Putin məqaləsində psevdotarixi anti-Ukrayna konsepsiyasını həlləm - qəlləm edib “sistemləşdirib”...

Rusiya lideri “son illərdə Rusiya və Ukrayna arasında peyda olan divarı” faciəyə çevrilən böyük ümumi bəla  adlandırır.  Rusiya tarixinə Rüriklərdən özünə, yəni, Putinə kimi geniş ekskurs edən, olan-keçənlərə Kremlin dar pənçərəsindən baxan RF dövlət başçısının  tarixi  hadisələrlə bağlı baxış və fikirləri müasir tarixçilər arasında polemika mövzusudur. Putin  dəfələrlə “rəsmi” tarixin təftişinə qəti şəkildə qarşı oldiğunu desə də, Kremlin sahibi tarixi istədiyi kimi təhrif edir, şübhəli tarixi faktlara istinad edir.  Putinin bəzi tezis-fikirlərini isə birmənalı yozmaq mümkün deyil. Putinin “Ukraynanın gerçək suverenliyi məhz Rusiya ilə tərəfdaşlıq halında mümkündür” bəyanatını rəsmi Kiyev tövsiyə deyil, şantaj kimi də qəbul edə bilər.  Putin bir tərəfdən Ukraynaya “hörməti”ni izhar edir, digər tərəfədənsə onu “tarixin səhvi” sayır. Əslində, Putinə görə, “Malorossiya” və “Novorossiya” var, “Ukrayna”nını isə  Polşa panları və bolşeviklər uydurublar. Yəni, tarixi Putin bilir, qalanları qələt edir...

Xatırladaq ki, Putin bu günlərdə “Birbaşa xət”də Rusiya-Ukrayna münasibətlərinə dair suala cavab verərkən ruslarla ukraynalıların “vahid xalq” olduğunu bəyan etmişdi və məqaləsində həmin təbliğat tezisini bir daha vurğulayaraq “bu mənim inamımdır”,- deyə yazır.  Ukrayna Prezidenti  Zelenski isə daha əvvəl Putinə “biz dəqiq olaraq bir xalq deyilik” cavabını vermişdi: “Mümkün deyil ki, eyni vaxtda həm “vahid xalq”dan danışasan, həm də açıq şıkildə bizim əraziləri işğal edəsən və Donbasda qırğın törətməkdə davam edəsən”.

Lakin məqaləsini məhz  ruslarla ukraynalıların “bir, vahid, eyni” xalq olmasına həsr edən, Qədim Rusun varisi olan velikoross, maloross və belorusların “üçlü vahid” xalq olmasından bəhs edən Putinə Zelenskinin fikri maraqlı deyil.  Lakin Zelenskinin “rus xalqını Ukraynanın köklü olmayan xalqı elan edən” qanun layihəsi Putini ciddi narahat edib. “Şişirtmədən demək olar ki, zorakı assimlyasiya kursu,  Rusiyaya aqressiv münasibət bəsləyən  etnik baxımdan təmiz Ukrayna dövlətinin formalaşdırılması öz nəticələrinə görə bizə qarşı kütləvi qırğın silahının tətbiqi ilə müqayisə edilə bilər,» - deyə Kremlin sahibi  mübaliğə edib. 

Rusiya lideri məqaləsində Qərbi  Ukraynada  “anti-Rusiya” layihəsi reallaşdırmaqda ittiham edir, 2014-ci ildən Donbasda başlayan hadisələri  Ukrayna xalqının “ədalətli narazılığı”  adlandırır və  Kiyevdə “dövlət çevirilişi edən” Qərb ölkələrini isə bundan “sinikcəsinə istifadədə” suçlayır.

Aydındır ki,  SSRİ-nin süqutunu XX əsrin böyük faciəsi adlandıran  Putinin Ukraynaya qarşı sərt münasibəti,  normaları aşan siyasət və təzyiqləri  Kiyevin Qərbyönümlü  kursunun Rusiya liderinin  neoimperiya planlarına əngəl olması ilə bağlıdır. Moskva nüfuz dairəsindəki postsovet və Avrasiya məkanı ilə bağlı sonrakı gedişlərini Ukraynasız natamam olacağını, effekt verməyəcəyini təxmin edir. Bunun nəticəsidir ki, Putinin məqaləsi yetərincə aqressivdir. Rusiya lideri Ukraynanın cənub-şərqini Rusiyanın tarixi torpaqları adlandırır, ümumiyyətlə, məqalədə müasir Ukrayna bolşevik ideilogiyasının məhsulu, “bütünlükdə və tamamilə sovet epoxasının yetirməsi”  kimi təqdim olunur.

Putin hələ də SSRİ-nin süqutunu unuda bilmir. Məqalədə qeyd olunur ki, 1922-ci ildə qurulan  SSRİ-nin  yaradılış Bəyannaməsində və SSRİ Konstitusiyasında respublikalara İttifaqdan müstəqil çıxış hüququnun verilməsi  “bizim dövlətçiliyimizin əsasına qoyulan ən təhlükəli “gec açılan mina” idi”. Putin yalnız  bu “mina”nın partlamasına, respublikaların “suverinitet paradı”na  və Belovejsk sazişinin imzalanmasına yas tutmur və Ukraynanın timsalında post sovet məkanı ilə bağlı təhdidvari,  dolaşıq  və ziddiyyətli iddialarını ortaya qoyur.  Rusiya lideri postsovet məkanındakı dövlətlərə hörmət etdiyini desə də, faktiki olaraq onları “kvazidövlət” saydığını gizlətmir.  Putinin Sobçakdan çəkdiyi misal isə  həm tənqidə dözmür, həm də onun imper planlarını nə qədər çətinliklə malaladığından xəbər verir: ”Sobçak 1992-ci ildə belə rəy vermişdi: İttifaqın təsisçisi olan respublikalar 1922-ci il Müqaviləsi ləğv edildikdən sonra İttifaqa girdikləri andakı sərhədlərə qayıtmalıdırlar. Hər halda sonradan əldə edilən qalan ərazilər  müzakirə, danışıqlar mövzusudur, çünki əsas ləğv edilib. Başqa sözlə, necə gəlmişdiniz, elə də gedin”.

Sobçakın iddiası mübahisəli və məntiqsiz olsa da (Rusiya 1992-ci il dekabrın 8-də MDB sazişini imzalamaqla İttifaq Müqaviləsindən çıxmış və  yalnız Qazaxıstan qalmışdı, İkinci Dünya müharibəsində əldə edilən torpaqlara həm də qeyri-rusların qanı bahasına nail olunmuşdu), Putinin iddiaya “bu məntiqlə mübahisə etmək çətindir” kimi şərh verməsi və bütünlükdə məqaləsindəki bir sıra tezislərin  təhlili belə təxmin etməyə imkan verir ki,  Rusiya regionda aqressiv siyasət yürütməkdə israrlıdır və bu məqalə Ukraynaya və ya hansısa başqa postsovet məkanı ölkəsinə qarşı yeni planın, təhdidin və təzyiqlər dalğasının siqnalı da ola bilər.

 Qəzənfər Həmidoğlu