Əliyevin milli hədəfi: yalnız İrəvan deyil...

18:21 15-07-2021 450

Dövlət o zaman inkişaf edir ki, onun milli hədəfləri və bu hədəflərə çatmaq üçün milli strategiyası olur.

Xalq o zaman qüdrətli olur ki, hakim ideologiyası milli ideologiyaya çevrilir və bu, o səviyyəyə qalxır ki, hakimiyyətdə kimin olması ikinci plana keçir: yəni kim olursa-olsun, o, həmin ideologiyanı davam, inkişaf etdirməli və hədəfə çatmaq uğrunda çalışmalıdır. Əks halda xalqa bir gün də prezidentlik edə bilməz.

İlham Əliyev xeyli müddətdir ki, bununla məşğuldur: Azərbaycanın milli ideologiyasını ən üst səviyyəyə qaldırıb, onu milli strategiya ilə birləşdirib və yalnız ideoloq olmaqla yetinməyib, onun icrası yönündə ən möhtəşəm addımları atıb və atır.

İlham Əliyev milli strategiyanı geridönməz mərhələyə qaldırıb və Azərbaycanı, bütövlükdə azərbaycanlıları birmənalı olaraq bu ideoloji strategiya altında birləşdirib. Çünki onun yaratdığı, müəllifi və icraçısı olduğu ideya-strategiya bu xalqın yüzillərə dayanan arzularıdır, iztirablardan, zillətlərdən qurtulmaq yoludur.

İlham Əliyevin bütün çıxışları konsepsiyadır, gələcəyə hesablanıb və bu çıxışların hər biri milli ideologiya kimi cəmləşdirilməli, o konsepsiya hakimiyyətlərin bazasına çevrilməlidir.

Bu hədəflər tükənməzdir və bir-birinin içindən doğur: bu hədəflər yüzillərə hesablanıb və kökünü də yüzillər öncədən alır.

Bəlkə də sələfindən təhvil alıb bu konsepsiyanı, bəlkə də bizlərin bilmədiyimiz çox məsələlər Heydər Əliyevin yüzillərə istiqamətlənən strategiyasının tərkib hissəsidir. Ancaq bu strategiya və milli ideyanı biz İlham Əliyevdən eşidirik, öyrənirik, görürük...

Bu strategiya tamdır, bütövdür, xırda detallarına, ən adi siyasi manevrlərinə, günlərinə, saatlarına qədər düşünülüb, ancaq təkcə Zəngəzura, Göyçəyə, İrəvana qədər deyil, daha genişdir. Gördüyüm odur ki, o ideologiyada “azərbaycançılıq” fərdi identikliyi qorumaq üçün kiçik bir detala çevrilib. Bu milli strategiya bir neçə il əvvəl rəsmən təsdiq edilib yayılan deyil; bu ideologiya zamanın yeni şərtləri ilə elə həmahəngdir ki, elə ideal mexanimzlə çalışır ki, bunu yalnız dövrünün adamı – yəni İlham Əliyev yarada bilərdi.

Bilmirəm, bəlkə də artıq bu milli strategiya artıq cildlənib, hazırlanıb. Ancaq cildlənməyibsə, İlham Əliyevin çıxışlarını götürüb, bu ideologiya-strategiyanı vərəqə köçürmək və Ana Yasanın yanına qoymalıyıq.

Sabah kim gəlir-gəlsin, Ana Yasadan sonra, Qurani-Kərimdən sonra İlham Əliyevə də sədaqət andı içməlidir!