Abşeron Rayon İcra hakimiyyəti Xırdalanda natəmizliyə göz yumur? - FOTOFAKT

15:07 16-07-2021 477

“Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətindəki natəmizliyə göz yumur”.

MillətinSəsi.info
 xəbər verir ki, bu iddianı iqtisadçı Samir Əliyev səsləndirib. O bildirib ki, sözügedən bina bu ayın 10-da Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın iştirakı ilə Heydər Əliyev Parkında istifadəyə verilən idman meydançasından 50 metr məsafədə yerləşir:

“Bu şəraiti yaradan məhz Abşeron RİH-in məişət tullantılarının daşınmasına məsul qurumudur. Qurumun işçiləri gəlib ancaq zibil qutularını boşaldırlar. Yerdəkilərə əllərini də vurmurlar. Halbuki, icra hakimiyyəti daşınmaya görə ayda 400 manat pul alır. Dövlət büdcəsi hesabına bahalı maşınlar alıb əhaliyə pullu xidmət göstərirlər, özü də keyfiyyətsiz. Mən hələ yaxınlıqdakı bazardan yığılan zibilin çirkli suyunun binanın həyətinə axıdılmasını demirəm.

Yeri gəlmişkən, zibillik iki binanın arasında yerləşir və həm də binanın girişidir. Hər gün bu natəmizliyin yanından xeyli uşaq keçir və onlar ayaqlarını çirkab suyun axdığı yola qoymalı olur. Abşeron RİH hakimiyyəti göz görünən yerdə (parkda) uşaqların sağlmlığı üçün idman qurğuları quraşdırır, ondan 50 metr aralı, göz görünməyən yerdə isə uşaqların xəstəlik tapa biləcəyi natəmizlik yaradır…”.

İqtisadçı Samir Əliyev sözügedən ərazidən fotolar da paylaşıb:



İqtisadçı daha sonra “Facebook” vasitəsilə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarının həmin əraziyə baxış keçirdiklərini və natəmizliyin aradan qaldırılması üçün əlavə pul tələb etdiklərini iddia edib: “Deyiblər ki, əlavə pul verin, yerdəki zibilləri yığaq. Sonra çıxıb gediblər. Vəziyyət belə qalıb”.

Məsələ ilə bağlı Abşeron rayon İcra hakimiyyətinin mətbuat katibi Seymur Qasımovla əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Təmkin