Ağdam Mərkəzi Xəstəxanasından maraqlı tender - TƏFƏRRÜAT

15:48 16-07-2021 423

Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqələrinin qalibləri “Gülay 2012” MMC və “Hikmət-2000” MMC olub.

“Gülay 2012” MMC Ağdam rayon Mərkəzi Xəstəxanasının sifarişi əsasında nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və qarşılığında  22 min 648 manat 92 qəpik alacaq.

“Hikmət-2000” MMC isə Ağdam rayon Mərkəzi Xəstəxanasının sifarişi əsasında nəqliyyat vasitələrinin əsaslı təmirini həyata keçirəcək və qarşılığında  23 min 620 manat alacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan şirkətlərin təkcə adlarında bənzərlik yoxdur. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşir. Nizamnamı kapitalları 10 manat olan MMC-lərdən birinin (“Gülay 2012”) qanuni təmsilçisi Məmmədov Həbib Müslüm oğlu, digərinin (“Hikmət-2000”) qanuni təmsilçisi isə Mamedov Rafil Müslüm oğludur.

Qeyd edək ki, “Hikmət-2000” MMC bugünə kimi yalnız Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tenderlərdə qalib olub və fərqli xidmətlər (avtomobil təmiri, dam örtüyünün sökülməsi, radiatorun sökülməsi) göstərib.