R. Kəbirli: "Erməni yaraqlıları "sülhməramlılardan" əvvəl qaçacaq"

16:50 16-07-2021 720
"Son günlər istər Ermənistan-Azərbacan sərhəddində, istərsə də Qarabağdakı erməni silahlı dəstələrinin fəallaşması deməyə əsas verir ki, Rusiyanın bölgədəki ordu birləşməsi üzərinə düşən missiyanı yerinə yetirə bilmir, yaxud yetirmək istəmir".
 
Bu sözləri "Paralel.az"a açıqlamasında jurnalist Rövşən Kəbirli deyib.
R. Kəbirli hesab edir ki, Azərbaycana Qarabağ kimi ağrılı problemi yaradan Rusiya olduğu və 44 günlük müharibədə Ermənistana hər cür hərbi dəstək verdiyi halda bu dövlətin hansı adla olursa-olsun Qarabağa buraxmaq əvvəldən yalnış qərar idi:
"Sizi əmin edirəm, hətta müharibənin şokundan ayılmış və hərbi qüvvələrini yenidən quruplaşdırmış Qarabağdakı 18-20 min civarındakı erməni yaraqlıları eşitsələr ki, sabah Rusiya "sülhməramlıları" bölgəni tərk edir, nəinki silahlı ermənilər, hətta siravilər belə rus qoşunlarından əvvəl qaçacaqlar. Çünki Azərbaycan ordusunun döyüş ruhunun nəyə qadir olduğunu boyunlarında hiss ediblər. 44 günlük müharibədə bizim igidlər QİSAS savaşı apardı və hələ də o əhval-ruhiyyədədir. Çünki Şuşa mənəvi qisas hədəfimiz idisə, Xocalı namus və hərbi qisasımızdır ki, sonuncunu hələ almamışıq.
Mən bilmirəm ölkə rəhbəri sülhməramlıların arxasından açılan atəşlə bağlı Rusiyalı həmkarına irad bildirib, yoxsa yox. Bildirməli və həm də diplomatik dillə xəbərdarlıq etməlidir ki, ya Rusiya birtərəfli qaydada üzərinə götürdüyi misiyanı yerinə yetirməli, ya da bölgədən çəkilməlidir. 
Çünki olayı təhlil edərkən açıq görünür ki, sülməramlıların başı üzərindən Şuşa və Ağdamın atəşə tutulması məqsədli şəkildə həyata keçirilən hərbi təxribatdır. Mümkündür ki, Rusiya bu yolla Qarabağdakı hərbi qüvvələrin artırmaq niyyətindədir. Yəni kontingent azdır, ayrıcı xəttə nəzarət üçün canlı qüvvə çatışmır, 4 minlik şəxsi heyətin daha 3-4 min əlavə etmək zərurəti var. Eyni zamanda sonuncu savaşla erməni dostlarıyla birlikdə gorbagor olmuş Minsk Qrupu və onların porfellərində gəzdirdiyi status məsələni dirçəltmək kimi bir niyyət var ortada və bu məsələdə daha fəal Fransadır. Ötən 10 ayda Rusiya rəsmləri də üstörtülü şəkildə statusdan çox danışıb və indi Qarabağda yenidən gərginlik yaratmaqla problemin həll olunmadığını göstərmək istəyirlər. Zənnimcə erməni təxribatlarının ənənəvi xarakter almaması üçün Azərbaycanın hərbi-siyasi rəhbərliyi radikal addımlar atmaqdan çəkinməməlidir. Necə deyərlər, dəmiri isti-isti döymək lazımdır”.
 
SƏMA