Rəşad Tağıyev Şəmkirə yeni icra başçısı təyin olundu

13:48 14-09-2021 450

Prezident İlham Əliyev Rəşad Ənvər oğlu Tağıyevin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş RƏŞAD ƏNVƏR oğlu TAĞIYEV 1981-ci ildə Neftçala rayonunda anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var