Taksi xidmətindən narazılıq: “Sürücü kobud, nalayiq sözlərlə qışqırmağa başladı”...

15:59 14-09-2021 99

Paytaxtın taksi xidmətinin son illər inkişaf etməsi əhalinin rahatlığını təmin edir. Lakin bu istiqamətdə də problemlər mövcuddur. Müxtəlif adda və tariflərdə olan taksi xidmətindən istifadə edənlər xidmətə göndərilən avtomobillərin azlığından, ünvana gec çatmasından şikayət edirlər. Şikayətçi olan paytaxt sakini isə bugünlərdə başına gələn olaydan bəhs edib: “Bir neçə gün öncə yüküm ağır olduğu üçün taksi sifariş edərək gözləməyə başladım. Bir müddətdən sonra sürücü mənimlə əlaqə saxlayaraq ünvanı dəqiqləşdirməyə çalışdı. Ona ünvanı izah edib təkrar gözlədim. Sürücü dediyim ünvana çatdığını söylədiyinə görə sifarişi dəyişdirmədim. Lakin xeyli keçəndən sonra onun gəlmədiyini görüb təkrar sürücüylə əlaqə

saxladım. Sürücü bu dəfə dediyim ünvanı tanımadığını deyəndə, ona həmin ərazini izah etməyə başladım. Sürücü isə kobud sözlər, nalayiq ifadələrlə qışqıraraq telefonu qapadı. Bu işə məəttəl qaldığım anda başqa bir nömrədən telefon zəngi gəldi. Zəng edən şəxs həmin sürücünün taksi xidmətinə müraciətlə sifarişdən imtina etdiyini deyərək, onun əvəzinə özünün göndərildiyini bildirdi. Məsələnin mahiyyətini öyrənəndə isə sərnişinlərlə normal ünsiyyəti bacarmayan, etiket qaydalarını bilməyən şəxslərin taksi xidmətinə işə qəbulunu anormal hal adlandırdı. Hesab edirəm ki, müxtəlif xarakterli insanlarla qarşılaşacağını göz altına alan, ümumiyyətlə, özü normal xarakter və səviyyədə olan şəxslər taksi xidmətinə işə cəlb edilməlidir. Bir sərnişin olaraq, belə xoşagəlməz halla qarşılaşmağı özümə təhqir hesab edirəm”.

Nigar