Azercell müştərilərə qarşı soyğunçuluq edir

17:00 11-10-2021 585

Dərə xəlvət, Azercell bəy

Azərbaycanda fəaliyyət göstərən mobil rabitə şirkətlərindən şikayətlər həmişə olub. Lakin son bir neçə ildə belə şikayətlərin sayı fantastik şəkildə artlr. Bunun əsas səbəbi də, məhz inhisardır. Ölkədə 3 mobil rabitə şirkəti fəaliyyət göstərsə də, onlardan ikisi "Azerfon" və "Bakcell" (Cin) bir sahibkara məxsusdur. Bir ölkədə cəmi iki mobil rabitə şirkətinin fəaliyyəti zamanı isə kommersiya fəaliyyəti zamanı sindikat razılaşmaların baş verməsi qaçılmazdır. Ona görə də, bu mobil rabitə şirkətlərinin bazarı itirmək qorxusu yoxdur. Bu səbəbdən də onları müştəri qazanmaq deyil, yalnız daha çox mənfəət əldə etmək düşündürür. Nəticədə isə müştərilərin hüquqları kobud şəkildə pozulur.

Belə şikayətlərdən birinə Feyzbuk sosial şəbəkəsində rast gəldik. Feyzbuk istifadəçisi İntiqam Əsədov yazır: "Hörmətli Azercell sirkətinin rəhbərliyi, 8 oktyabr 2021-ci il, saat təxminən 14.10-da məktəbdən evə gəldim, Evdə işlətdiyimiz telefonu açdiqda mənə dalbadal 4 mesaj gəldi. Mesajlarda yazıldı ki, son istifadə1,2 azn, son istifade 2 azn, 2,5 azn və s. Bu minvalla bir dəqiqə ərzində 49 manat təşkil edən balansimdan 9 manat silindi. Qəribə burasidir ki, mesaj bölməsindən həmin mesajlar dərhal silindi. Mesajları oxumağa belə, güclə macal tapdim.

Bu barədə saat 14.52-də Azercell-in müştəri xidmətinə məlumat verdim. Kişi səsilə danışan operator mənə dedi ki, 1 dəqiqə gözləyin, indi sizə məlumat verərik".

İntiqam Əsgərov əsəbi şəkildə yazdığı statusunda bildirir ki o, heç bir reklam və digər kampaniyalara qoşulmayıb - bir neçə ay əvvəl bu xüsusda da onun bu mobil operatorla dartışması olub və bütün kampaniyalar bağlanılıb. Onun sözlərinə görə, saatlarla cavab gözləsə də, "Azercell" müştəri xidmətindən heç bir cavab ala bilməyib.

Məsələ ilə bağlı Azercell Telekomun mətbuat xidməti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, abonentlərə qarşı mobil dələduzluq törədilibsə, bu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilə bilər: "Mobil rabitə operatoru dələduzların hərəkətlərinə görə məsuliyyət daşımır və onları hüquqazidd hərəkətlərlərinə görə məsuliyyətə cəlb edilməsi mümkün deyil.

Son zamanlar Azercell şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərimizə diqqətli olmağı tövsiyyə edirik. Bununla əlaqədar tərəfimizdən bütun müvafiq tədbirlər görülməkdədir. Şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi tövsiyyə edirik. Əks halda, nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər".

İşçiləri minlərlə manat maaş alan, pristijli həyat yaşayan Azercell şirkətinin əlində çox samballı alibisi var. Bu bəhanə ilə gün ərzində milyonlarla manat pul qazana bilərlər, elə qazanırlar da. Hesabında yüksək məbləğdə vəsait olan abunəçilərin sayı bəlkə də yüz minlərlədir. Yüz min abunəçinin hərəsindən bir manat çırpışdırsalar bu yüz min manat "mənfəət" deməkdir. Mobil rabitə sisteminin incəliklərini bilməyən mustəri zəng edəndə də, ağzını dağa dirəyirlər ki, bəs bu xarici dələduzların işidi. Ya da məsləhət verirlər ki, gedin hüquq-mühafizə orqanlarına müraciət edin. Bilirlər ki, heç kim 5-10 manatdan ötrü hüquq-mühafizə orqanlarına müraciət etməyəcək.

Azərbaycanda mobil rabitə sahəsində vəziyyət belədir, necə deyərlər, dərə xəlvət, tülkü (Azercell) bəy, kefləri nə istəyir, onu da edirlər.

P.S. Sonradan bəlli oldu ki, İntiqam müəllim ağdamlıdır. Deyirəm, Azercell Telekom qurd ürəyi yeyib, ağdamlıya-filana baxmır, ucdantutma bütün ölkə vətəndaşlarına kələk gəlir!

Akif Nəsirli