4 nəfərin ölümünə səbəb olan “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəninin məhkəməsində vəsatət təmin edilmədi

14:32 13-10-2021 342

Bir neçə ay öncə Novxanı-Sumqayıt yolunda “Range Rover” markalı 10 CO 002 nömrəli avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olan iş adamı hakim qarşısına çıxarılıb.

Proqnoz.com yeniavaz.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Hakim İlham Mahmudov sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, qəza zamanı vəfat edənlərin yaxınları təqsirləndirilən şəxsi bağışlayıblar, ondan şikayət və tələbləri yoxdur.

Onun vəkili məhkəməyə vəsatət verərək müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

“Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni olan E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

O həm də "Əlincə” futbol klubunun prezidentidir.

Xatırladaq ki, bu ilin iyununda Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. İş üzrə Emin Hüseynəliyev adlı şəxs də zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, hadisədən təxminən 20 gün sonra “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşı Gülnar Hüseynova 90-HN-009 nömrəli “Mercedes Galandewagen” markalı avtomobillə qəza törədərək “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Mənbə yeniavaz.com