5 saylı avtobus dayanacağı zəbt edib

18:45 20-10-2021 513

Bakı şəhərinin avtobus dayanacaqları potensial təhlükədir

 Bakı şəhərinin avtobus dayanacaqları hər nə qədər yenilənsə də, sərnişinlərin minimum tələblərini belə, ödəmək iqtidarında deyillər.

Belə ki, paytaxtdə ictimai nəqliyyat çox pis işlədiyi üçün sərnişinlər bəzən on dəqiqələrlə, hətta, bəzən bir saat avtobus gözləməli olurlar. Günəşli, yağışlı, qarlı və küləkli havalarda  dayanacaqlarında avtobus gözləyən sərnişinlərin heç yarısı yeni quraşdırılan daldanacaqlara sığışmır. Elə dayanacaqlar da var ki, onlar çökəklik hissədə quraşdırıldığından, yağış yağanda daldanacaq özü gölün içində qalır. Belə dayanacaqlardan biri Qara Qarayev prospektində, eyni adlı metrostansiyasının yaxınlığında yerləşir.

Bununla yanaşı, bir həftə əvvəl Heydər Əliyev prospektində baş verən qəza onu göstərdi ki, Bakı şəhərinin yollarında quraşdırılan dayanacaqlar, həm də təhlükəlidir. Həmin qəza nəticəsində ağır yaralananların və həlak olanların əksəriyyəti avtobus sərnişinləri deyil, dayanacaqda avtobus gözləyənlər idi. Ona görə də Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında yerləşən dayanacaqları yenidən nəzərdən keçirməli və onları daha təhlükəsiz, potensial gölməçələrdən kənar əraziyə köçürməlidir.

Ümumiyyətlə, bütün dayanacaqlar cib şəklində yolun hərəkət hissəsindən ayrılmalıdır. Sadəcə yol kənarında daldanacaq quraşdırmaqla dayanacaq formalaşdırılmamalıdır. Dayanacaq yaradılan ərazilərdə yol genişləndirilməli, avtobus üçün xüsusi yanalma meydançası - ciblər yaradılmalıdır.

Bakı şəhərinin Bayıl qəsəbəsində, 20-ci sahə dairəsinin ətrafında dayanacaqlar xüsusilə bərbad vəziyyətdədir. Bütün günü 5 saylı marşrut avtobusları dayanacağı zəbt edir, sonuncu dayanacağı olduğundan bütün günü avtobus dayanacağı bloklayır. Yağışlı havada dayanacaqda gözləyəndə, gələn avtobusu görmürsən, 5 saylı avtobusun arxasında dayanmaq isə həm təhlükəlidir, həm də yağış adamı isladır. Yağışlı havada keçən avtomobillərin şinindən qalxan yağış sularını hələ nəzərə almırıq.

20-ci sahə dairəsinin BRAVO market tərəfində də vəziyyət xoşagələn deyil. Burada isə manatlıq taksilər dayanacağı elə mühasirəyə alıb ki, avtobuslar dayanacağa yana ala bilmir, sərnişinləri yolun ortasında avtobusdan boşaldır. Bu isə olduqca təhlükəlidir, xüsusilə axşam saatlarında vəziyyət lap acınacaqlı olur. Manatlıq taksilər dayanacaq ətrafında bir neçə sıradan ibarət blokada qurur.

20-ci sahə dairəsi ilə bağlı problemin aradan qaldırılması məqsədi ilə BNA-ya müraciət etmək istədik. Nə Mais Ağayev cib telefonuna cavab verdi, nə də BNA-nın internet resurslarındakı stosianar telefonun dəstəyini qaldıran oldu. Belə olan halda BNA-nın Facebook sosial şəbəkəsindəki hesabına müraciət etdik. Oradan isə belə bir cavab gəldi: "Hörmətli Akif Nəsirli, dayanacaq məntəqəsinin yerinin dəyişdirilməsi araşdırma tələb etdiyi üçün bu barədə sizə əlavə məlumatın verilməsi mümkün deyildir. Bu barədə müraciətinizin araşdırılması, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilməsi üçün [email protected] elektron ünvanına müraciət etməyinizi tövsiyə edirik. Məsələ araşdırılaraq sizə nəticəsi barədə rəsmi qaydada cavab veriləcək".

Problem barədə göstərilən ünvana da müracət etdik, cavab verilən kimi onu da dərc edəcəyik.

Akif Nəsirli