Azərbaycanın aparıcı şahmatçısı Avropa çempionatından uzaqlaşdırıla bilərmiş

15:01 22-11-2021 207

“Qadın millisi bizim gözlədiyimizdən də yaxşı çıxış etdi. Halbuki 31 komanda arasında reytinqdə 5-ci idik. Ancaq reytinqlər komandaların gələcək çıxışını müəyyənləşdirmir. Mənim fikrimcə, qadın millimiz çox uğurlu çıxış etdi. Mən federasiyanın vitse-prezidenti və sıravi şahmat azarkeşi kimi çıxışdan çox razıyam”.

 

Bunu Oxu.Az-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

 

Qadınlardan ibarət şahmat millimiz Sloveniyada keçirilən komandalararası Avropa çempionatını bürünc medalla başa vurub. Bu, Azərbaycan millisinin ardıcıl ikinci, ümumilikdə isə üçüncü qitə medalıdır.

 

“Birinci lövhədəki Günay Məmmədzadə çox yüksək oyun nümayiş etdirdi. Günay, Gövhər Beydullayeva və Xanım Balacayeva buradakı çıxışı ilə öz reytinqini yüksəltdi. Doğrurdan da bu bizi sevindirməyə bilməz.

 

Mən özüm bağlanış mərasimində iştirak etdim. Komandanı bürünc medallarla şəxsən özüm təltif etdim. Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili bildirdi ki, Azərbaycanın gənc komandası bu yarışda öz oyunu ilə böyük rəğbət qazandı və diqqət oyatdı”, – deyə M.Məmmədov bildirib.

 

FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) vitse-prezidenti də olan M.Məmmədov yarış vaxtı komandamızın aparıcı üzvü Günay Məmmədzadənin kənarlaşdırıla biləcəyini, lakin bunun qarşısını aldığını bildirib:

 

“Bizim IV turda Ukrayna ilə görüşdən sonra birinci lövhədə çıxış edən Anna Uşeninada koronavirus aşkar olundu. Bütün çempionat ərzində bir koronavirus faktı aşkara çıxdı. O da bəxtimizdən bizimlə görüşə təsadüf etdi. İstəyirdilər ki, onunla oynamış Günay Məmmədzadəni də yarışdan təcrid etsinlər. Ancaq onun test verib, neqativ olarsa, yenidən yarışda çıxış etməsinə razılıq aldıq. Günayda da test neqativ çıxınca, şahmatçımız çıxışına davam etdi və çox da uğurlu mübarizə apardı”.

 

O, sentyabrda İspaniyada keçirilmiş dünya çempionatında komandamızın uğursuz çıxışı barədə isə bunları bildirib:

 

“Orada biz iştirak etməməliydik. Biz ora hansısa komandanın əvəzinə xüsusi dəvətlə yollanmışdıq. Əlbəttə, oradakı yarışda heyətimiz də pandemiya şəraitində optimal deyildi. Amma Sloveniyadakı yarışda artıq pandemiya şərtləri altında oynamağa öyrəşdik. Həm də Barselonadakı çempionatın formatı klassik komanda yarışları üçün qeyri-adi idi. Ona görə də orada uğursuz çıxış etmişdik”.

 

Səbuhi Musayev