Operativ Qərargah icazə verdi: Güləşçilər Azərbaycan çempionatına hazırlaşırlar - FOTO

18:00 23-11-2021 243

Nazirlər Kabineti yanında Operativ Qərargah güləş üzrə Azərbaycan çempionatının keçirilməsinə razılıq verib.

Proqnoz.com-un xəbərinə görə, dekabrın 7-dən 9-dək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyi Bakı İdman Sarayında baş tutacaq. Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunacaq.

Çempionatın proqramına əsasən, dekabrın 7-də yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kq-da qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq. Növbəti gün klassik güləşdə 87, 97 və 130 kq-da, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kq-da medalçıların adına aydınlıq gələcək. Yarışın son günündə isə 74, 79, 86, 92, 97 və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.  

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.

Onu da bildirək ki, güləş üzrə Azərbaycan çempionatı ötən il pandemiyaya görə baş tutmayıb. Belə ki, Operativ Qərargah qapalı zalda məşq və yarışların keçirilməsinə qadağa qoymuşdu.

 

Səbuhi Musayev