İkinci Qarabağ müharibəsində tarix yazan igid

17:24 24-11-2021 225

Elqaş Barat oğlu Əliyevin Vətən sevgisi sanki Uca Tanrıdan gəlirdi. Lap uşaq yaşlardan bağlanmışdı onun daşına, torpağına. Elə İkinci Qarabağ müharibəsində Vətənin yaşaması naminə şirin canından keçdi. Bu Vətən sevdalısı müharibə başlanan gündən doğma Azərbaycan torpaqlarının işğalçı ermənilərdən azad olunması uğrunda gedən qızğın döyüşlərdə əzmkarlıqla döyüşmüş, qatıldığı hər savaşda fədakarlıq nümayiş etmişdir. Yurduna, xalqına gərəkli bir ömür yaşamaqla 21 yaşında ucaldığı şəhidlik zirvəsi ilə əbədi bir həyat qazanır. Elqaş dünyaya göz açdığı Lerik rayonunun Brkandul kəndində indi kiçikdən tutmuş böyüyə qədər hamının gözündə qəhrəmanlıq simvoluna çevrilib. Bu ilahi ucalığın nurundan sanki Vətən naminə yaşamağa qəlblərə inam, sədaqət yağır.

Bəli, torpağına dirsəklənib boy verə-verə Elqaş Əliyev 18 yaşına çatır. Müstəqil həyata qədəm qoyan gündən mənəvi zənginlik, vətənpərvərlik, insana sevgi ona yol yoldaşı olur. Nəcib istəyini, saf niyyətini xalqın, dövlətin mənafeyinə yönəltməklə gələcəyini qurun yeniyetməyə hər şey xoş olsa da, Qarabağın düşmən tapdağında qalması onu narahat edir. Elqaş 2017-ci ildə Milli Ordu sıralarında cəbhə bölgəsində candan sevdiyi Azərbaycanın xidmətində durur. Ona olan övladlıq borcunu şərəflə yerinə yetirir, əsgər yoldaşları arasında son dərəcə mərd, cəsur, vətənpərvər bir gənc kimi tanınır. Ən əsası qəlbi Vətənlə döyünür, işğal altında olan Qarabağın taleyini düşünür, nəyin bahasına olursa-olsun onu tezliklə mənfur düşmənin tapdağından azad görmək istəyir. Məhz elə buna görə də, 2019-cu ildə əsgəri xidməti başa çatsa da, Vətən, torpaq sevgisi Elqaşı yenidən orduya bağlayır. Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Gizir hazırlıq kursunu bitirib döyüş meydanında düşmənin başını əzməyə məqam gözləyir.

Vətənin etibarlı, sədaqətli oğlu Elqaş İkinci Qarabağ müharibəsi başlananda 30 il düşmən tapdağında, inləyən Azərbaycanın əzəli torpaqlarının azad olması uğrunda ölüm-dirim savaşına qatılır. Ağdam, Cəbrayıl, Laçın döyüşlərində qəhrəmanlıqla döyüşür, saysız erməni dığalarını məhv edib zəfərimizdə silinməz izlər qoyur. Düşmənin külünü göyə sovurmaqla dəfələrlə mühasirəyə düşən əsgər yoldaşlarını xilas edir. 22 şəhidi döyüş meydanından çıxardır. 6 yaralını təyin olan məntəqəyə çatdırır. Son dəfə isə səngərdə 14 əsgəri pulemyotlu düşmən tələsindən qurtarır. Beləcə Elqaş qanlı döyüşlərdə həmişə öndə gedir, ağır müharibə meydanlarında düşmənə əyilmir, 3 noyabrda Xocavənddə şəhidlik zirvəsinə ucalır.

Elqaş Əliyev Vətən torpağının azadlığı uğrunda özünü fəda etdiyi üçün yaşadığı ömür olduqca müqəddəs və şərəflidir. Leriklilərin ürəyində yaşayır Elqaş. Qərinələr keçəcək , gələcək nəsillər üçün də belə olacaqdır...

Onu da qeyd edim ki, Prezident İlham Əliyevin sərəncamına əsasən döyüş əməliyyatlarında yüksək peşəkarlıq, igidlik, mərdlik göstərdiyinə görə “ Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilənlər arasında şəhid Elqaş da var.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü