“”Get evini sat, pulu gətir” – MTN generalının məhkəməsində müttəhimlər necə əylənir?

17:55 24-11-2021 243

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. 

Proqnoz.com xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlan Şıxəliyevlə yanaşı, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlan Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

 

Mövlan Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.

 

Məhkəmə də ibtidai istintaq dövründə barələrində verilən qərarı dəyişməyib. Odur ki, təqsirləndirilənlər məhkəmə binası qarşısında zərərçəkənlərə, mətbuat nümayəndələrinə təzyiq göstərməkdən çəkinmirlər. Proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.

 


“Səni öldürmək də heç nədir”

 

 

Növbəti proses əvvəlki proseslərdən təqsirləndirilən şəxslərin – Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədovun əhvallarının yüksək səviyyədə olması ilə fərqlənib.

 

Zərərçəkənlər məhkəmə zalında təqsirləndirilən şəxslərin aralarında danışıb gülmələrinin səbəbini anlamayıblar. Hətta hakim Elbəy Allahverdiyev zala daxil olarkən belə hər 3 şəxs gülərək ona əhəmiyyət belə verməyiblər. Hakim onlara irad tutub: “Özünüzü yığışdırın”. 

 

Daha sonra zərərçəkən Hüseyn Səfərov sərbəst ifadəsini davam etdirib:

 

“Ötən prosesdə də demişdim, bu quldurlar məni girov götürəndə “Kapital Bank”ASC-nin “Tərəqqi” filialının müdiri vəzifəsində işləyirdim. 2008-ci ilin oktyabr ayının əvvəlində məni tutdular. 67 gün məni MTN-də saxladılar. Ailəmdən 3 milyon dollar pul tələb edirdilər. Mənə inayətimin nə olduğunu da demirdilər.

 

Deyirdilər ki, 3 milyon dolları ver, buradan çıx. Verməsən, burada qalacaqsan. Məni “Meşə qardaşları” adlanan qrupun üzvləri ilə bir kameraya salmışdılar. Hədələyirdilər ki, həmin adamları ömürlük cəzaya məhkum edəcəklər. Onlardan ötrü səni öldürmək də heç nədir. Yəni səni öldürsələr belə cəzaları dəyişməyəcək, onsuz da ömürlük alacaqlar.

 

Məni 67 gün ərzində dəfələrlə Mövlan Şıxəliyevin xidməti otağına aparıb mənəvi təzyiq göstərirdilər. Mövlan Şıxəliyev deyirdi ki, pulu verməsən, ömürlük olaraq həbsdə qalacasan, səninlə yanaşı oğlunu da həbs edəcəyik. Ailəm bunların tələb etdikləri pulu toplaya bilmirdi. 60 günə 1 milyon 650 min dollar yığıb bu quldurlara verdilər. Həmin gün mən Vüsal Ələkbərovun kabinetində idim. Oğlum pulu gətirib MTN-in arxa qapısında Vüsala vermişdi. 

 

Möhtərəm hakim, bunlar o dərəcədə harınlamışdılar ki, Vüsal Ələkbərov oğluma zəng edib açıq şəkildə “pulu gətirmisən” deməkdən belə çəkinmirdi. 

Pulu MTN-in binası yanında oğlumdan alıb kabinetinə gətirdi. Qara “Nike” markalı çanta idi. Ondan xahiş etdim ki, aç pula baxım. Açdı, əlimi pula vurub Vüsalın üzünə baxdım. Gözləri parıldayırdı. İmkanı olsaydı, sevincindən çırtma çalıb oynayardı. Telefonu götürüb Mövlan Şıxəliyevə zəng elədi. Sevincək şəkildə “Mövlan müəllim, pul gəldi” dedi. O da dedi ki, pulu gətir kabinetimə. Vüsal çantanı götürüb sevinə-sevinə getdi. Az sonra qayıdıb gəldi, dedi ki, səni bir neçə günə buraxacağıq. Belə də oldu. Dekabrın 19-da Mövlan Şıxəliyev məni kabinetinə çağırdı. Dedi ki, səni bu gün buraxırıq, amma yerdə qalan 350 min dolları da qısa zamanda verməlisən. Verməsən, səni də, oğlunu da həbs edəcəyik”.

 

Generala 6 minlik telefon hədiyyəsi

 

Hüseyn Səfərov deyib ki, azadlığa çıxandan sonra pulu toplaya bilməyib. 2009-cu ilin əvvəlində Vüsal Ələkbərovun yanına gedib: “Ona dedim ki, 350 mini düzəldə bilmirəm. Dedi ki, get, evini sat, pulu gətir. Ona dedim ki, mənim bircə evim var, həmin evin də üzərinə həbs qoymusuz. Məktub verdi, gedib evi həbsdən çıxardım və satdım. Qaldırın, işin içində bunun məktubu da, evi həmin məktubdan sonra satdım. Buna dair arayış da işdə var. 350 min dolları da gətirib MTN-in binasının arxa tərəfində oğlumun iştirakı ilə şəxsən Vüsal Ələkbərova verdim. 

 

Bu adamların gözləri doymurdu. 2009-cu ilin may ayında Vüsal Ələkbərov mənə zəng elədi, dedi ki, Mövlan müəllim general rütbəsi alıb, ona hədiyyə gətir. Mənə 2 “Vertu” telefon aldırdı. MTN-nin inzibati binasında, Vüsal Ələkbərovun xidməti otağında hər birinin dəyəri 6 min 500 manat olmaqla 2 “Vertu” telefonu ona verdim. Bir neçə ay sonra Vüsal Ələkbərov yenə də mənə zəng elədi, dedi ki, Mövlan müəllimin ad günüdür, ona bahalı hədiyyə gətir. Dəyəri 21 min dollar olan qızıl saatı aparıb Mövlan Şıxəliyevə kabinetində verdim. Yenə əl çəkmədilər. Vüsal Ələkbərov zəng eləyib məndən ov silahı istədi. 2009-cu ilin yayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 164 saylı evin yaxınlığında Qələbə dairəsi adlanan ərazidə 800 manat dəyərində 856204 saylı “Churchill” markalı 12 mm kalibrli ov tüfəngini ona verdim. Həmin silahı mənim yanında qardaşına verdi”.

 

Mövlan Şıxəliyevin sirli məsləhətçisi

 

Sərbəst ifadəsini bitirəndən sonra hakim proses iştirakçılarına müraciət edərək Hüseyn Səfərova suallarının olub-olmaması ilə maraqlanıb. Prokuror zərərçəkənə Mövlan Şıxəliyevi nə vaxtdan tanıması, xidməti kabinetində neçə dəfə olması ilə bağlı suallar verib.

 

Hüseyn Səfərov deyib ki, Mövlan Şıxəliyevi həbsindən bir gün sonra görüb və tanıyıb. Bundan sonra Vüsal Ələkbərovun müşayəti ilə dəfələrlə Mövlan Şıxəliyevin xidməti kabinetində olub: “Hər görüşümüzdə Mövlan Şıxəliyev “pulu nə vaxt çatdırırsız”, “pulu nə vaxt verirsiz” suallarını verirdi. Mən də deyirdim ki, uşaqlarım pulu toplaya bilmirlər, nə vaxt düzəltsələr, gətirib verəcəklər”. 

 

Bundan sonra zərərçəkənlərdən Zaur Əliyev Hüseyn Səfərova bir neçə sual verib.

 

Məlum olub ki, Hüseyn Səfərov həbsdə olduğu günlər ərzində barəsində cinayət işi, cinayət təqibi, istintaq hərəkəti olmadan 67 gün qanunsuz və əsassız olaraq MTN-də saxlanılıb: “Məni orada girov saxlayırdılar. Bilirdilər ki, məni azad etsəydilər, tələb etdikləri 3 milyon dolları ala bilməyəcəklər”, – deyə zərərçəkən bildirib.

 

Bundan sonra Mövlan Şıxəliyevin vəkili Ceyhun Yusifov da Hüseyn Səfərova bir neçə sual verib.

 

Əvvəllər Vüsal Ələkbərovdan şikayətçi olduğu halda Mövlan Şıxəliyevdən şikayət etməməsinin səbəbi ilə maraqlanıb. Hüseyn Səfərovun cavabı belə olub: “Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Vüsal Ələkbərov həbs olundu. Mən o zaman ondan rəsmi olaraq şikayət etmişdim. O zaman mən Mövlan Şıxəliyevə zəng vurdum, ondan aldıqları 2 milyon dolları geri tələb etdim. O da dedi ki, məsləhət edəcək, mənimlə əlaqə saxlayacaq. Kiminlə məsləhət edəcəyini demədi. Bu gün Mövlan Şıxəliyev buradadır, məsləhət verəninin kimliyini özündən soruşun. Bir neçə gündən sonra onunla bir də əlaqə saxladım. Lakin telefon zənglərimə cavab vermədi”. 

 

Mövlan Şıxəliyev isə zərərçəkənin yalan danışdığını deyib. Hüseyn Səfərov isə cibindəki Quran kitabını çıxararaq Mövlan Şıxəliyevə uzadıb. O da əlini müqəddəs kitaba uzadaraq baş verənlərdən xəbərsiz olduğunu deyib.

 

Prokuror və hakimlər Hüseyn Səfərovun ailəsinin pulu necə toplamaları, harada və kimə vermələrinə dair bir neçə sual veriblər. Hüseyn Səfərov suallara ətraflı cavab verib. Bundan sonra proses noyabrın 30-na kimi təxirə salınıb. Növbəti prosesdə Hüseyn Səfərovun qanunsuz həbsi epizodu üzrə şahidlərin dindiriləcəyi gözlənilir.